Nəhayət, uzun mübahisələrindən sonra ölkə parlamenti sürətləndirilmiş qaydada müzakirə etdiyi qanunvericilik dəyişiklikləri paketini üçüncü oxunuşda qəbul edib. Dəyişikliklər ölkədə beynəlxalq qumar turnirlərinin keçirilməsinə imkan yaradacaq. Tezadlar.az xəbər verir ki, “Gürcü Arzusu” partiyasının deputatları tərəfindən təqdim edilən qanun layihəsi 73 deputatın lehinə, 5 deputatın əleyhinə səs verməsi ilə qəbul olunub. Layihənin müzakirəsi və təsdiqi üçün iki plenar iclas keçirilib. İki gün davam edən müzakirələr zamanı layihəyə dəyişikliklər edilib. Belə ki, beynəlxalq qumar turnirinin keçirilməsi üçün iştirakçıların ümumi sayının ən azı 80 faizinin xarici ölkə vətəndaşları olması şərti müəyyənləşdirilib. İlkin variantda bu göstərici 70 faiz nəzərdə tutulmuşdu. Bundan əlavə, layihənin ilkin versiyasından beynəlxalq qumar turnirini təşkil etmək səlahiyyəti olmayan şəxslərin 150 min lari məbləğində cərimələnməsini nəzərdə tutan maddə çıxarılıb.
Qəbul edilən qanuna əsasən, beynəlxalq qumar turniri kazino tərəfindən təşkil olunan, mükafat fondu təşkilatçı tərəfindən əvvəlcədən təmin edilən və iştirakçıların ən azı 80 faizinin xarici ölkə vətəndaşlarından ibarət olduğu turnir hesab edilir. Layihəyə əsasən, təşkilatçı klub masasından yalnız beynəlxalq qumar turnirinin keçirilməsi üçün istifadə edərsə və turnirin mükafat fondu 3 milyon larini keçərsə, həmin masa üçün müəyyən edilmiş qumar biznesi rüsumunu ödəməyəcək. Eyni zamanda, təşkilatçı beynəlxalq qumar turnirinin keçirilməsindən gəlir əldə edə biləcək. Belə turnirlərin həm kazino fəaliyyəti üçün müvafiq icazə verilmiş obyektlərdə, həm də həmin obyektlərdən kənarda təşkilinə icazə veriləcək.
Fiziki şəxslərin beynəlxalq qumar turnirlərində iştirakdan əldə etdikləri vergiyə cəlb olunan gəlir 20 faiz dərəcəsi ilə vergiyə cəlb ediləcək. Bununla belə, mükafat fondu 3 milyon laridən çox olan beynəlxalq qumar turnirində iştirak nəticəsində xarici ölkə vətəndaşlarının əldə etdiyi gəlir vergidən azad ediləcək.
Qəbul edilmiş qanuna əsasən, beynəlxalq qumar turnirlərinin təşkili ilə bağlı icazə şərtlərinin pozulmasına görə 50 min lari məbləğində cərimə tətbiq olunacaq.







