Əsas məzmuna keç

“Düşünürəm ki, hələ tezdir” – AMB-nin sədri Taleh Kazımov banklararası aktivlikdən danışdı

Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə dair sentyabrın 23-də qəbul etdiyi qərarın təsirlərini tam qiymətləndirmək üçün hələ tezdir. Bununla belə, qərardan sonra banklararası bazarda aktivliyin artması müşahidə olunur.

Bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qərarın qəbulundan sonra təxminən bir ay keçib və bu müddət nəticələrin tam qiymətləndirilməsi üçün kifayət deyil.

“Düşünürəm ki, hələ tezdir. Çünki biz bu qərarı sentyabrın 23-də vermişik. Görürük ki, banklararası bazarda aktivlik artıb. Amma yenə də bir ay kifayət qədər qısa müddətdir”, – deyə T.Kazımov qeyd edib.

AMB sədri bildirib ki, qərarın əsas məqsədi banklararası bazarı daha da aktivləşdirmək və bankların bu bazarda iştirakını artırmaqdır.

“Bizim məqsədimiz ilk növbədə banklararası bazarı daha da aktivləşdirməkdir. Bu addımı Mərkəzi Bankın həmin bazarda iştirakını azaltmaq üçün atmamışıq”, – deyə o vurğulayıb.

T.Kazımov əlavə edib ki, hazırda banklararası bazarda əlavə tədbirlərin görülməsi nəzərdə tutulmur. Mərkəzi Bank mövcud monetar siyasət alətlərindən istifadə etməklə bank sistemində likvidliyi idarə edir və AZIR faiz göstəricisinin hədəflənən səviyyədə qalmasına çalışır.

Ərzaq inflyasiyasına toxunan AMB sədri qeyd edib ki, bu sahədə qiymət artımına qarşı Mərkəzi Bankın birbaşa müdaxilə imkanları məhduddur, çünki proseslər əsasən qlobal amillərlə bağlıdır. Bununla yanaşı, qiymət dinamikasının təhlili zamanı kənd təsərrüfatı məhsullarının qiymətləri də nəzərə alınır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…