Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyul 2026 / 18:14

Portuqaliyanın Azərbaycan oxşarlığı: “TƏZADLAR”IN XÜSUSİ MÜXBİRİ YAZIR

Portuqaliya – Avropanın cənub–qərbində, Priney yarımadasında ölkə, Atlantik okeanının sahilindəki Salema qəsəbəsi və bizim yay tətilimiz…

Bu yay tətilini Portuqaliyada keçirməyə qərar vermişdik. Gedək görək oralarda nə var-nə yox? Aradakı məsafə və saat fərqi bizi hansı yeniliklər, yaxud sürprizlərlə üzləşdirəcək? Həm də bilmək istəyirdim ki, bu ölkənin yaşam tərzində, mədəniyyətində-mətbəxində Azərbaycana oxşarlığın izi varmı…

***

…İsveçrəyə məxsus “Swiss – Edelweiss” reysi  ilə 2 saat yarım uçuşdan sonra  Portuqaliyanın Faro  şəhərində yerə endik. Portuqaliya Avropanın nisbətən  cənub qərbində yerləşdiyi üçün, bura ilə Mərkəzi Avropanın 1 saat fərqi var. İsveçrə ilə Portuqaliyanın əlbəttə ki, iqlimi də fərqlidir. Hələ hava limanından ayrılıb maşınla 2-3 saatlıq məsafədə olan qalacağımız yerə – Salemaya doğru yönəldikdə artıq havanın fərqini hiss edirsən. İsveçrənin  mülayim istisini Priney yarımadasının sərt istisi əvəz edir.

Portuqaliyanın +24  dərəcəsi, İsveçrənin +35 dərəcəsindən  daha yandırıcıdır. Bu  iqlim  bizim Azərbaycanın iqliminə daha çox bənzəyir. Maşın hava limanından uzaqlaşdıqca, yol boyu istidən  saralmış otlar, yaşıl  kolluqlar və  hündür olmayan  topa-topa  ağaclar bu iqlimə tam uyğundur. Ancaq, pytaxt Lissabon və ya Portuqaliyanın böyük liman şəhərlərindən 100 kilometrlərlə aralı olmasına baxmayaraq, Salemaya gedən  yollar təmiz və səliqəlidir. Yol boyu motosikletlərin çoxluğu da nəzərə çarpır.

 Salema Portuqaliyanın cənubunda, Algarve bölgəsində yerləşən müasir qəsəbədir. Rəsmi turizm mənbələrində adı Praia de Salema” kimi qeyd olunur. Salema vaxtilə Atlantik  okeanı sahilində kiçik balıqçı kəndi olub, qədim tarixi var. İndi isə bura müasir qəsəbədir və balıqçılıq peşəsini də burada yalnız qəsəbənin mərkəzində qoyulmuş balıqçı qayığı abidəsi xatırladır. Qəsəbə, turizm məqsədi ilə, illər uzunu tikilmiş otellər, villalar hesabına böyüyüb, təmizliyi ilə göz oxşayan kiçik, özünəməxsus bir cənub şəhərinə çevrilib. İl boyu dünyanın  müxtəlif yerlərindən turist axını sayəsində burada hər cür insana rast gəlmək mümkündür…

Salemanın gündüzlər çox isti olmasına rəğmən, axşama doğru, günəş qürub edən ərəfədə artıq hava soyumağa başlayır, gecəni isə ən azı nazik yorğansız yatmaq mümkün olmur. Salema çimərliyi isə sarı-qızılı qumuna, təmiz suyuna görə, dünyaca məşhur çimərliklərdən sayılır. Çimərliyin birləşdiyi qayalıqlı sahil isə xüsusilə gözəldir. Bəlkə də, bu çimərliyin yeganə  nöqsanı okean suyunun nisbətən soyuq olmasıdır: +20 dərəcə.

Buradakı maraqlı faktlardan biri də, hektarlarla ərazidə quraşdırılmış günəş elektrik panellərin çoxluğudur. Ərazi okean sahili olduğu üçün digər tərəfdə də külək enerjisini elektrik enerjisinə çevirən hündür turbinlər – yelpənəklər  quraşdırılıb. Çox ağıllı, səmərəli  proyektlərdir. Azərbaycanın da xüsusilə son dövrlər Günəş və Külək enerjisindən istifadəni prioritet məsələ kimi qarşıya qoyması, ölkənin müxtəlif yerlərində bu yöndə bir sıra təqdirəlayiq layihələrin gerçəkləşdirilməsi zamanla bizdə də belə böyük miqyaslı müasir enerji sistemlərinin formalaşacağına ümidlər yaradır.

***

Portuqaliya insanı fərqlidir, həm xarici görünüş, həm də xaraktercə. Burda rastlaşan insanlar mərkəzi Avropada – İsveçrə, Almaniyada olduğu kimi bir-birini salamlamırlar. Elə Salemanın da əsas nəzərə çarpan fərqli cəhətlərindən biri budur ki, küçədə qarşılaşdığın insanlar nə səninlə salamlaşır, nə də sənə gülümsəyirlər. Bu yəqin ki, həm də ölkələrin fərqli iqtisadi durumu və bundan qaynaqlanan gündəlik qayğılarla əlaqədardır.

Burda qiymətlər Avropa standartlarına görə heç də baha deyil, ancaq məhsulların keyfiyyəti də yüksək deyil, seçim azdır. Qonşu İspaniya az qala bütün dünyaya  kənd təsərrüfatı məhsulları  ixrac etdiyi bir zamanda, Portuqaliya adamda məhsul qıtlığı təəssüratı yaradır. Xidmət  sahəsində çalışanların çoxu gəlmələrdir, əgər, nahar etdiyimiz restoranın işçiləri Pakistanlılardırsa, qaldığımız otel nömrələrini təmizləyənlər Afrikadan – Qvineyadan olanlardır. Burda ünsiyyət  üçün, ingilis dilini bilmək əlbəttə ki, işə daha çox yarayır. Mənim alman dilim çox az köməyimə çatır, sınıq-salxaq ingilis dilim isə, burada faydalı deyil. Yaxşı ki, müasir dövrün uşaqları – övladlarımız ingilis dilində danışırlar, bu bizə  kömək edir. Bir gün əvvəl pakistanlı ofisiant maraqla hardan olduğumuzu soruşdu, biləndə ki, Azərbaycandanıq (həm də sözsüz ki, müsəlmaıq), çox şad oldu. Dərhal da Azərbaycanla Pakistanın dost olduğunu vurğuladı.

Salemanın daş döşənmiş, enişli-yoxuşlu  küçələri bizim Şuşanı, Xankəndini  xatırladır.

Səhərlər oteldən çıxıb, həm bir az gəzirəm, həm də səhər yeməyi üçün təzə çörək, pendir və daha nələrsə alıram. Hər dəfə də bu enişli-yoxuşlu küçələrdə qaçışla məşğul olan müxtəlif yaş qruplarına aid insanlarla rastlaşıram. Doğrusu, bu adamların yerli və ya gəlmə – turist  olduğunu ayırd edə bilmirəm, ancaq dərhal ağlımdan keçən o olur ki, bu dik yoxuşlu küçələrdə qaçmaq  gəlmələrin işi deyil.

***

Axır ki,  Portuqaliya tətili  başa çatır və biz geri dönürük. Özümüzlə İsveçrəyə “isti Salema  təəssüratları” aparırıq. Bu isti yay xatirələrində hər şey var, külək, günəş və hətta Atlantik okeanın soyuq suları, isti yay günlərinin soyuq gecələri, torpağın üstü ilə uzanıb gedən nəhayətsiz Günəş panelləri, səmada məğrur-məğrur fırlanan Külək turbinləri…

İlham Rəsul,

“Təzadlar”ın İsveçrə müxbiri

(Portuqaliya (Faro – Laqos) Salema)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın

"İsveçrə" etiketi üzrə xəbərlər

Link kopyalandı!