Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 09:36

Elektron media subyektlərinin iş ahəngi dəyişməlidir…

…Mən Azərbaycan mediasında çalışdığım vaxtlarda qəribə bir qayda peyda oldu: “Gündə 20 özəl xəbər”. Bilirsiniz, saytların və qəzetlərin müəyyən qismi dövlət tərəfindən maliyyələşdirilir. Yəni onlara yardımlar edilir. Və bu tələb yerinə yetirilmədiyi halda Media İnkişafı Agentliyi qanunla xəbərdarlıqlardan sonra həmin sayta, qəzetə verdiyi maliyyəni dayandıra da bilər.
Amma bu tələbi qoyanlar düşünüblərmi ki, 20 özəl xəbər çox absurd qaydadır? Baxın, məsələn, tutalım, 20 sayt və qəzetə yardım olunur. Və bu saytlar, qəzetləri hərəsi 20 özəl xəbər verməlidir. Yəni gündə 400 özəl xəbər. Məsələn, Şaftalı saytı Gilas saytının verdiyi xəbəri verirsə, bu, sayılmır.
Azərbaycan nə boyda ölkədir ki, gündə xəbər sayılacaq 400 hadisə olsun?! Hadisə baş verir, bəli, prezidentin fərmanları, səfərləri, qurumların yaydığı xəbərlər (DİN, FHN və s.). Və bunları da həmin qurumlar media orqanlarına göndərir. Ən əsası, bu xəbərlər özəl sayılmır.
Bəs yaxşı, bu özəl xəbər haradan peyda olmalıdır? Tutalım ki, xəbər saytlarının bölgələrdə müxbirləri olmalıdır. Əvvəla, buna vəsait lazımdır. İkincisi, vəsait olsa belə, saytlar və qəzetlər ölkədə baş verən bütün hadisələri yayımlaya bilərmi? Əlbəttə ki, xeyr! Dəfələrlə başımıza gəlib, ya silinib, ya da ümumiyyətlə, icazə verilməyib.
Hava xəbərini Milli Hidrometeoroloji xidmət ötürür, cinayət xəbərlərini DİN, yanğın, fövqəladə hadisələri FHN. Bəs jurnalist yetim özəl xəbəri haradan çıxartsın?
Nəticədə bilirsiniz də nə olur: “Aktyor Elnur Kərimovu vuran ilan öldü”, “Aynişanın qoltuğu qaşındı”, “Aysunun burnu uçuqladı” kimi xəbərlər ortaya çıxır. Niyə? Çünki 20 xəbər tələbi ödənilməlidir.
Bir daha deyirəm, bu, çox dəxlisiz qərardır. Bu durum artıq məni narahat etmir. Çünki 2 ildən çoxdur ki, suyum-çörəyim mediadan çıxmır. Yəni bu qayda dəyişsə də, dəyişməsə də məndən bir şey getmir. Amma mən saytları açıb oxuyanda rastlaşdığım mənzərə məni narahat edir…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!