Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2026 / 12:00

“Həmin insanlara “kitabxana işi üçün yararsızsan” demək nə dərəcədə doğrudur?”

…Dünən kitabxanaya getmişdim. Elə bil bərk külək əsib bir evin düzənini pozmuşdu. Oturub məyus, çarəsiz halda illərin düzəninin dağıntısına baxanları görəndə mən də üzüldüm.

zeyneb cemaleddin

Bu sözləri tərcüməçi, şairə Zeynəb Cəmaləddin  tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru (artıq sabiq- red) Lətifə Məmmədovanın kitabxanaçıların attestasiyası ilə bağlı sosial media hesabında paylaşıdığı postun şərh bölümündə qeyd edib.
“Bura həqiqətən o işçilərin evi idi. Çörək, hüzur tapdıqları yerdi. Onlar burdan sadəcə maddi və mənəvi qidalanmayıblar, qarşılığında Lətifə xanımın rəhbərliyi ilə ətrafa elmin, mədəniyyətin işığını yayıblar.
O kitabxana mənim tez-tez getdiyim yerdi, və mən buna şahidəm. Bütün elmi-mədəni, maarifləndirici tədbirlər, çox sayda mədəniyyət xəbərlərinin, dahi, klassik şair və yazıçılar, elm xadimləri barədə maarifləndirici məlumatlar, videoçarxlar müxtəlif mətbuat vasitələrində və çoxlu sayda saytlarda işıqlandırılmışdı. Bunlar böyuk zəhmət, əzm və iradə ilə, saat kimi dissiplin qaydaları ilə edilirdi. Mən də o tədbirlərin bir çoxunda iştirak etmişəm. Akademik Yusuf Məmmədəliyev haqqında silsilə tədbirlər keçirildi və mən dahi alimə həsr olunmuş “Elm səmasının ali günəşi” poema-epopeyasını yazdım.
İndi həmin insanlara “kitabxana işi üçün yararsızsan” demək nə dərəcədə doğrudur? Onlar illərin yetişdirdiyi hazır kadrlar idi, əgər əskik yanları vardısa da, təlimlər təşklil edib daha mükəmməlliyə nail olmaq doğru deyildimi?
Onları yarıyolda, üzü üstə buraxmaq hansı ali orqana yaraşardı? Bunlar nəfəs alan, düşünən, üstəlik kitabların arasında dolanan canlı insanlardır, hər hansı bir əşya deyillər. Onlarla belə davranmaq doğru deyil.
Əgər məqsəd ölkədəki iş yerlərində vəziyyətin daha da yaxşılaşmasına nail olmaqdırsa, təlimlər təşkil etmək daha doğru deyildimi?
Bu arada yadıma oxşar bir şey düşdü: Diplomun verdiyi ixtisas üzrə illərlə çalışdım, sonra mühasib kurslarına gedib illərlə də bir dövlət müəssisəndə mühasib işlədim. Sonra rəhbərlik dəyişəndə bir neçə nəfərə və mənə təklif olundu ki, ixtisasımız uyğun gəlmədiyinə görə ərizəmizi verib, işdən gedək. Biz də getdik. Və sonra elə o işdən dəfələrlə məni dəvət etmişdilər ki, yeni gələn diplomlulara işi başa salım. Demək ki, işi görən təkcə diplom deyil. Bu gün onlar da uyğunlaşıb işləyirlər, mən də işsiz qalmadım. Və əslində daha yaxşı oldu. Amma ortada bir ədalətsizlik duyğusu qaldı.
İndi ortada yenə də ədalətsizlik, çarəsizliyin dağıntıları qalıb. Ali insan cəmiyyətinin yüksək meyarları ilə hökm edən qurumlar buna necə laqeyd qala bilər? Hər statistik rəqəmin altında döyünən ürək var! Canlı insan var! İmzanı atan laqeydlik olmamalıdır.
Təbliğat, maarifləndirmə işıqlı şarın qaranlıq şara dəyməsinə və onun da işıqlanmasına, və onun da ətrafındakı şarlara eyni cür toxunmasına bənzəyir. Bu şarlar bizim beynimizdi, qəlbimizdi.
Ürəklərin, beyinlərin işığını, ziyasını söndürməyin, deyərdim. Robotlardan fərqli olaraq insanların duyğuları var və bəşəriyyəti addım-addım bundan məhrum etməyin”, – deyə o, qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!