Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/4
Yazıya ordan başlayaq ki, Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluqla bağlı çıxışlarında bir mətləb həmişə diqqəti cəlb edib: «Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməlidir. Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır”.
«Təzadlar»ın Araşdırma Qrupu da media olaraq üzərimizə düşən bu missiyaya dəstək vermək üçün korrupsiya hüquqpozmalarına bulaşmış şəxslər barədə məlumatı ölkə rəhbərliyinin diqqətinə çatdırmağı vacib sayırıq.
Gəlirik mətləbə: redaksiyaya millət vəkili Məşhur Məmmədovun xarici ölkələri belə əhatə edən geniş biznes imperiyası haqqında çox ciddi sənədlər daxil olub. Bu sənədlərlə tanış olduqca adam dəhşətə gəlir və istər-istəməz ürəyindən belə bir sual keçir: – Əsas vəzifəsi seçicilərin və xalqın mənafeyini qorumaq olan bir deputatda bu qədər sərvət hardan olar? Yaxud, olsun, lap çox olsun, amma onda daha deputat niyə olurdu? Bu qədər sərvəti və obyektləri idarə edənin seçiciləri ilə məşğul olmağa vaxtı ola bilərmi???
Elə oxucuları bu suallarla baş-başa buraxıb deputatın deputat fəaliyyəti ilə bağlı sosial mediada və internet resurslarında məlumat axtardıq. Təsəvvür edirsinizmi, Məşhur Məmmədovun seçiciləri ilə hər hansı qəbulu, görüşü və s. barədə bir informasiya resursu tapılmadı. Əksinə, elektron mediada, ancaq onun qalmaqaları, biznes fəaliyyəti ilə bağlı neqativ məlumatlara rast gəldik…
Beləliklə, məlum olur ki, Məşhur Məmmədov mebel, tikinti və bank sektoruna aid, üç sahəyə “krışalıq” edir. Özünün, həyat yoldaşının və övladlarının adına çoxsaylı obyektlərə sahibdir. Konstitusiyanın 89-cu maddəsində deputatın mandatının itirilməsi haqqında belə yazılıb: «Deputat səslərin düzgün hesablanmaması, başqa dövlətin vətəndaşlığını qəbul etməsi, cinayət törətdikdə və qanunu qüvvəyə minmiş məhkəmə hökmü olduqda və ya qadağan olunmuş ödənişli fəaliyyətlə məşğul olduğu hallarda mandatından məhrum edilir”.
Ödənişli fəaliyyət isə o deməkdir ki, deputat gəlir gətirən biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Belə hal aşkar edilərsə, həmin deputat məndatından məhrum edilməlidir. Bu məntiqlə, deputat Məşhur Məmmədov çoxdan mandatından məhrum edilməli idi. Bəs o hansı sehrli əldir ki, deputat Məşhur Məmmədovu uzun illərdir iki cəbhədə işlədir? Yəni, Məşhur müəllim həm deputat mandatını qoruyur, həm də xaricə qədər uzanan geniş biznes şəbəkəsini idarə edir. Bunu da qəbul etmək olardı, əgər bu biznesə haram qatılmasaydı… Bəli, M.Məmmədov nəzarət elədiyi mebel, tikinti və bank sektorunda milyonlarla manat korrupsiya hallarına yol verib, çoxsaylı qanunsuzluqlar edib, M.Məmmədov hər üç sahəni əsl korrupsiya yuvasına çevirib. Təkrar edirik, Prezident cənab İlham Əliyev korrupsiya və rüşvətxorluqla bağlı olan çıxışlarının birində belə deyib: ”Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməlidir. Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır”.
Görünür deputat Məşhur Məmmədov Prezident İlham Əliyevin bu çıxışından xəbərsizdir. Ona görə də hörmətli deputatın özünün bu ilin iyun ayında dəyişiklik və əlavələrinə səs verdiyi “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilən bu dəyişikləridən birini diqqətinə çatdırırıq: ”Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ləyaqətini alçaltmaq qadağan edilir”.
Bəs bunu niyə yada salırıq? Bu barədə açıqlama veririk: bizə təqdim edilən və konkret faktlara söykənən materialı “Media haqqında» Qanunun tələblərinə uyğun olaraq, əks tərəfin mövqeyini öyrənmək məqsədi ilə deputat Məşhur Məmmədovla telefon əlaqəsi saxladıq. Əvvəlcə zəngimizə cavab vermədi. Daha doğrusu, deputatın telefonu dərhal “odboya” gedirdi. Bu da servis xidmətidir. Sən zəng edirsən, dərhal “odboya” gedir, amma telefon sahibi sənin zəngini görür. Beləcə, Məşhur müəllim zəngimizə cavab vermək istəmədi. Belə olan surətdə deputata vatsap vasitəsi ilə səs atıb məram və məqsədimizi çatdırdıq. Bir gün keçdi, Məşhur müəllim yenə cavab vermədi. Onda qərara gəldik ki, deputatın özünün və ailə üzvlərinin korrupsiya faktları barədə bizə təqdim olunmuş materialın bir hissəsini və şərhi onun vatsap nömrəsinə göndərək. Belə də etdik və yenə səs atıb göndərdiyimiz faktla dolu yazıya mövqeyini bildirməsini xahiş etdik. «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinə uyğun yenə də gözləməyə qərar verdik. Axı Məşhur müəllim özü bu sadaladığımız qanunlara səs verib, niyə də axı səs verdiyi qanunun saymasın??? Yazı göndəriləndən təxminən bir saat sonra, nəhayət, hörmətli Məşhur müəllim özü zəng etdi və səsindən hiss olunurdu ki, bərk əsəbləşib. Buna baxmayaraq, aramızda çox qısa da olsa, belə bir dialoq oldu:
-Salam Məşhur müəllim, xoş gördük, eşidirik sizi. Necəsiniz, işləriniz necə gedir?
Səsindəki titrəyiş həyacanından xəbər verirdi və salama cavab vermədən birbaşa mətləbə keçdi:
-O materialları sizə kim verib?
-Məşhur müəllim, bunları kimin verməyinin nə əhəmiyyəti var? Biz sadəcə “Media haqqında Qanun”a əsaslanıb əks tərəf kimi sizin mövqeyinizi bilmək istəyirik. Sizi də bizə yaxşı insan kimi təqdim ediblər. Bəlkə bu göstərilən faktlar yalandır, sizə qarşı bir qərəzdir, böhtandır. Bu baxımdan mövqeyinizi bildirsəniz yaxşı olardı ki, yazını sizin mövqeyinizlə birlikdə dərc edək.
Deputat Məşhur Məmmədov səsinin tonunu bir az da qaldırarq dedi:
-O materialları sizə kimin verdiyini deməlisiniz… Deməsəniz heç bir mövqe bildirməyəcəm…
-Məşhur müəllim, mənbəni gizli saxlamaq bizim hüququmuz və «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun tələbidir. Mənbəni siz öz ətrafınızda axtarın… Məmməd Arazın şeirinin birində belə bir misra var:
“Gəlir qulağıma bir səs dərindən, Qoru sən özünü həndəvərindən”. İndi hörmətli Məşhur müəllim, mənbəni öz ətrafınızda axtarsanız yaxşı olar. Başa düşürük ki, o rəqəmlər və faktlar içəridən çıxıb…
Deputat bir az da bərk hirslənərək belə dedi:
-O materialları verənin adını deməsəniz heç bir mövqe və hər hansı görüş olmayacaq… Gedin dərc eləyin onları. Sizinlə onda məhkəmədə görüşəcəyik…
-Məşhur müəllim, görüşməyə nə ehtiyac, bizə mövqeyiniz lazımdır…
Elə istədik deyək ki, Məşhur müəllim, bu nə təhdiddir, siz jurnalisti hədələyib, peşə fəaliyyətinə mane olursunuz, «otboy» verib telefonu qapatdı…
***
Bəli, biznesmen deputatın mövqeyi artıq bəlli idi, faktiki olaraq biz təqdim etdik…. Yuxarıda da qeyd etdik ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Milli Məclisin qəbul etdiyi, Prezidentin təsdiqlədiyi qanununa edilən dəyişikliyə əsasən, korrupsiya hüquqpozmaları barədə məlimat verən şəxsi hədələmək olmaz, bu birmənalı qadağandır! Biz də verilən məlumatı hüquq-mühafizə orqanlarına, eləcə də ölkə rəhbərliyinə çatdırırıq ki, aidiyyəti üzrə tədbirlər görülsün. Baxmayaraq ki, Məşhur müəllim özü bu qanuna edilən son dəyişikliyə səs verib. Görünür, həmin qanuna səs verəndə M.Məmmədovun fikri-zikri biznesinin yanında olub.
Nə isə… Biz də Məşhur müəllimin xahişini nəzərə alıb, araşdırma yazımızın nəticəsini dərc edirik. Eyni zamanda, deputatın geniş biznes şəbəkəsinin siyahısını və ünvanlarını veririk. İkinci və üçüncü yazımızda isə deputatın nəzarət etdiyi mebel, tikinti və bank sektorunda baş verən iri miqyaslı korrupsiya hüquqpozmalarından bəhs edəcəyik. Həmçinin bu yazılarda Məşhur Məmmədovun yol verdiyi qanunsuzluqlarına və korrupsiya hallarına şərik olan yüksək vəzifəli məmurların adlarını da təqdim edəcəyik. Görün bu insanlar heç bir tenderdə iştrak etmədən, udduqları(?) layihələrdən milyonları necə mənimsəyirlər. İndi isə, deputat Məşhur Məmmədovun bir ucu xarici dövlətlərə, həmçinin oğlunun Amerikadakı saxta olduğu deyilən şirkətinə qədər gedib çıxan biznes şəbəkəsinin siyahısı və ünvanları ilə tanış olun.
Deputat Məşhur Məmmədovun bir qolu ABŞ-a Gürcüstana, Ukraynaya gedən biznes imperiayası…
“Embawood” MMC:
Ünvanı: Bakı, Yasamal, Bəsti Bağırova 15A
İdentifikatoru: VÖEN 6400009481
Hazırkı rəsmi rəhbəri: Emil Vaqif oğlu Əliyev (direktor
Məşhur Məmmədov özü hal-hazırda orda təsisçidir 23% paya sahibdir; 2002–2009-cu illərdə isə orda direktor işləyib.
Hazırkı payçıların siyahısı və faizi belə bölünüb:
2.“Embawood İnşaat” MMC:
İdentifikatoru: Mövcud deyil
Məşhur Məmmədov orda 2009–2011-ci illərdə direktor işləyib
3.“Embawood Georgia” MMC (Gürcüstan):
İdentifikatoru: VAT 204379975, Reg. 06/4-203 (Qeydə alınıb: 15.11.1999)
Ünvanı: Gürcüstan, Tbilisi, Marneuli 37
Hazırkı rəsmi rəhbəri: Romeo Şvelidze (zavod direktoru)
Məşhur Məmmədov özü orda 2011–2013-cü illərdə baş director işləyib.
Payçılar: Elşad Abbasov (təsisçi), faiz bölgüsü məlum deyil
4.”Embawood” Ukrayna filialı:
İdentifikatoru: Məlumat yoxdur
Hazırkı rəsmi rəhbəri: Məlumat yoxdur
Payçılar (kim necə faiz): “Embawood” MMC-nin filialı olduğu üçün ayrıca payçısı yoxdur
5.“Progress Construction” MMC (Progress Construction Group):
İdentifikatoru: VÖEN 1302030761
Hazırkı rəsmi rəhbəri: İsmixan Nəriman oğlu Məmmədov
Məşhur Məmmədov özü orda 2014–2020-ci illərdə təsisçi və baş direktor işləyib.
Payçılar (kim necə faiz): Məşhur Məmmədov (təsisçi), faiz bölgüsü məlum deyil
6.”Progress Construction Group” MMC:
İdentifikatoru: Məlumat yoxdur (Tenderlərdə iştirak üçün yaradılmış Fiktiv şirkət olması ehtimal edilir)
Hazırkı rəsmi rəhbəri: Məlumat yoxdur. Məşhur Məmmədov ora qardaşı İsmixan Məmmədov vasitəsilə nəzarət edir.
7.“Mədinə” mebel:
İdentifikatoru: Mövcud deyil (bağlanıb)
Məşhur Məmmədov orda 1996–1999-cu illərdə direktor işləyib.
8.“EBME” şirkəti:
İdentifikatoru: Mövcud deyil (Bağlanıb)
Məşhur Məmmədov orda 1999–2002-ci illərdə direktor işləyib.
9.“Foriella” MMC:
İdentifikatoru: VÖEN 2903400661
Ünvan: Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4 (qeydiyyat ünvanı –yaşayış mənzili – bu da ən ciddi şübhə mənbəyidir).
Hazırkı rəsmi rəhbəri: Fərman Fərrux oğlu İslamlı. Mebel Assosiasiyasının hazırkı rəhbəri. Əvvəlki rəhbəri isə Məşhur Məmmədov özü idi)
10.”Perla” mebel şirkəti:
İdentifikatoru: 2903400661 ( “Foriella” MMC ilə eyni VOEN?)
Hazırkı rəsmi rəhbəri: Fərman Fərrux oğlu İslamlı
Əlavə: “Foriella” MMC-nin pərakəndə satış brendidir (47 mağaza)
Payçılar (kim necə faiz): “Foriella” MMC vasitəsilə Məşhur Məmmədova bağlıdır
11.”Offissa Dizayn Ko” MMC:
İdentifikatoru: VÖEN 1303692951
Ünvan: Balaxanı Sənaye Parkı (istehsal bazası)
Hazırkı rəsmi rəhbəri: Fərman İslamlı
“Embawood” və “Foriella” MMC-lərin iştirak etdiyi tenderlərdə formal rəqib kimi çıxış edərək inhisarçı qalibiyyəti təmin etmək üçün qiymət manipulyasiyası etmək üçün kağız üzərində yaradılmış şirkət olduğu ehtimal edilir.
12.“Masalli Enterprise LLC” (ABŞ):
İdentifikatoru: Məlumat yoxdur
Ünvan: 335 Riverdale Dr, Fort Lee, NJ 07024-4441, Nyu-Cersi, USA. Obyekt deputatın ailə üzvləri adına 2022-ci ildə ABŞ-da 1.14 milyon dollara alınmış malikanədə fəaliyyət göstərir. Yerli resurslardan əldə olunan vəsaitlərin xaricə transferi və əmlak idarəetməsi vasitəsilə yuyulması şübhələri var. Aidiyyəti qurumlar tərəfindən ciddi araşdırmaya ehtiyac duyulur.
Hazırkı rəsmi rəhbəri: Məmməd Məşhur oğlu Şahbazov (Deputatın oğlu).
Payçılar (kim necə faiz): Məşhur Məmmədovun ailə üzvlərinə aiddir, dəqiq faiz bölgüsü məlum deyil
13.BOKT “Embafinans” QSC:
İdentifikatoru: VÖEN 1302932691
Ünvanı: Bakı, Yasamal, Bəsti Bağırova 15 (həmçinin Neftçala rayonu, Xıllı qəsəbəsi)
Hazırkı rəsmi rəhbəri: Nahid Şahin oğlu Hüseynov
Məşhur Məmmədov 2012-ci ildə orda təsisçi olub və 35% səhm paketinə sahibdir. 2023-cü ildə payını satıb.
Vergi borcu: 371.995,40 AZN
Payçılar (kim necə faiz):
-Elşad Abbasov – 86%
-Tamara Polyakova – 14%
-M. Məmmədov – 35% . 2023-cü ildə payını satdığı üçün hazırda payı yoxdur, amma şirkətin himayədarıdır.
14.”Caspian Finance BOKT” MMC:
İdentifikatoru: VÖEN 1406161641
Bəzi “maxinasiya”lara görə, (hansını ki, növbəti yazımızda izah edəcəyik), BOKT bağlanıb və MMC kimi qeydə alınıb: “Caspian Finance” MMC üçün VÖEN 2004603731
Ünvan: Bakı, Həsən bəy Zərdabi 2A
Rəsmi direktotu: Samir Xangiz oğlu İsgəndərov
Payçılar (kim necə faiz):
-Bənövşə Məmmədova ( deputatın həyat yoldaşı) – 90%
-Məntiq Şahbazov (oğlu) – 5%
-Ziyafət İsgəndərova – 5%
15.”Optimal Elektronika” MMC:
İdentifikatoru: VÖEN 1303450301
Ünvanı: Bakı, Nəsimi, Azadlıq pr., 120
Hazırkı rəsmi rəhbəri: Məlumat yoxdur (təsisçi və payçı: Əhəd Əsgərov)
Vergi borcu: 586.452 AZN
16.”Optimal Finance” MMC (keçmiş BOKT):
Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 17.04.2026 tarixli qərarı ilə Bank Olmayan Kredit Təşkilatının(BOKT) lisenziyası ləğv ediləndən sonra təsisçilərin 4.05.2026 tarixli qərarı ilə fəaliyyətini qeyri-qanuni olaraq (BOKT-lar haqqında Qanunun 25.4-cü maddəsini pozaraq) “Optimal Finance” MMC adı ilə davam etdirməyə başlayıb
İdentifikatoru: VÖEN 1405527331
Payçıları:
-İlkin: Elçin Əsgərli (yuxarıdakı Əhəd Əsgərovun oğlu) (100%)
-2021-2022-ci illərdə “AzFinance” İnvestisiya Şirkəti 700.000 manat kapital qoyaraq Elçin Əsgərlinin payını 15%-ə endirib.
17.”STENTOR” MMC:
İdentifikatoru: VÖEN 1401340151
Payçı və rəhbər: Əhəd Əsgərov (100%)
Vergi borcu: 486.574,20 AZN
18.”AzFinance İnvestisiya Şirkəti” QSC:
– (2024-cü ildə beynəlxalq broker şirkəti “CFI Financial Group” tərəfindən satın alınaraq “CFI Financial İnvestisiya Şirkəti” QSC adlandırılıb).
İdentifikatoru: VÖEN 1303538081
Ünvanı: Bakı, Xətai, F. Bayramov küç., 1156
19.”Azfinance and Consulting” MMC:
Hazırkı rəsmi rəhbəri: Elnur Kazımov (direktor)
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 598.7 manat (çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin pozulması) cərimələnib.
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu
P.S.Növbəti yazılarımızda o da bəlli olacaq ki, deputat Məşhur Məmmədov yaratdığı biznes imperiyasına yuxarıdan himayədarlıq çətiri yaradılması üçün məşhur bir şəxsin ailə üzvlərini də bu şəbəkəyə şərik edib(payçı kimi).
P.P.S.Zarafat gəlməsin, bu qədər varidata sahib deputat jurnalisti nəinki hədələyə bilər, lazım gəlsə, lap basıb gözünü də çıxarar…