4 Avqust 2026 / 08:50

Dünyanın ən kiçik ölkələrindən biri adını dəyişdi

Sakit Okeandakı ada dövləti Nauru ölkənin milli dilinin yazılışına və tələffüzünə uyğunlaşmaq üçün adını Naoero Respublikası olaraq dəyişdirib.

Prezident David Adeang ölkənin beynəlxalq kodunun NRU-dan NRO-ya dəyişdiriləcəyini və vətəndaşların artıq “Nauruan” əvəzinə “dei-Naoero” adlandırılacağını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, hökumətin facebook hesabında verilən açıqlamada ad dəyişikliyinin ölkənin ənənəvi adına qayıdışı simvolizə etdiyi bildirilir və beynəlxalq səviyyədə “Nauru” kimi tanınan ölkənin “Naoero” yazıldığı və yerli dildə “Nao-ero” tələffüz edildiyi qeyd olunur.

“Nauru” əvəzinə “Naoero”

Əvvəlki rəsmi açıqlamalarda “Nauru” adının beynəlxalq səviyyədə qəbul edildiyi, çünki yerli adın xaricilər üçün tələffüzünün çətin olduğu və bu üstünlüyün xalqın iradəsindən daha çox istifadə rahatlığından qaynaqlandığı göstərilirdi.

Yanvar ayında parlamentə konstitusiya dəyişikliyi təklifini təqdim edən Adeang bildirib ki, “Bu dəyişiklik ölkəmizin irsini, dilini və kimliyini daha dəqiq şəkildə qorumağı hədəfləyir”. O, aşağıdakı ifadələrdən istifadə edib.

Təklif olunan konstitusiya dəyişikliyi parlamentdə hər iki zəruri səsvermədən keçsə də, konstitusiya mətninə rəsmi düzəlişin tamamlanıb-tamamlanmadığı barədə hələlik dəqiq bir açıqlama verilməyib.

Referenduma ehtiyac yoxdur

Hökumət may ayında parlamentin düzəlişin lehinə səs verməsindən sonra qərarın ictimai səsverməyə çıxarılacağını elan etmişdi. Lakin ötən həftə yayımlanan açıqlamada geniş məsləhətləşmələrdən sonra referendumun zəruri olmadığı qərara alındığı bildirilib.

Bəyanatda aşağıdakılar yer alıb: “Referendum xalqın iradəsini müəyyən etməyi hədəfləyir. Lakin Naoero adı heç vaxt yoxa çıxmayıb, sadəcə, tam qəbul edilməsini gözləyirdi.”

Hökumət həmçinin Naoero adının xalq kimliyinin ayrılmaz hissəsi olduğunu, ölkənin gerbində yer aldığını, cəmiyyətdə geniş istifadə olunduğunu və konstitusiya tərəfindən tanındığını vurğulayıb.

Adeang ad dəyişikliyinin “yenilənmiş milli qürurun başlanğıcı” olacağını söyləyib.

Dünyanın ən kiçik ölkələrindən biri

Təxminən 12.000 əhalisi olan Naoero kiçik bir mərcan adası milləti kimi tanınır və Vatikan və Tuvaludan sonra əhaliyə görə dünyada üçüncü ən kiçik ölkədir.

Əvvəllər alman müstəmləkəsi olan ölkə sonradan Avstraliyanın hakimiyyəti altına keçib və 1968-ci ildə müstəqillik qazanıb.

1970-ci illərdə ölkə fosfat mədənindən əhəmiyyətli gəlir əldə edib, lakin sektorun çökməsi 1990-cı illərdə ciddi iqtisadi çətinliklərə səbəb olub.

Bu gün iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin yüksəlməsi Naoero-nun üzləşdiyi ən böyük təhdidlərdən biridir.

Hökumət sahil ərazilərinin su altında qalma riskini azaltmaq üçün insanların və infrastrukturun daha yüksək yerlərə köçürülməsini maliyyələşdirmək üçün investisiya yolu ilə vətəndaşlıq proqramı həyata keçirir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!