“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin bir fikri diqqətimi çəkdi. O yazır: “…Elə müstəqil olduğum üçün bu ilin yanvarında «İlham Əliyevə sədaqət andı» başlıqlı müəllif yazısı ilə çıxış etmişəm. Yazının fəlsəfəsi bu idi ki, İlham Əliyev statusuna görə Azərbaycanın böyüyü, atası deməkdir. Atamızı söyürlər, biz isə susuruq! Mehriban Əliyeva statusuna görə Azərbaycanın anası deməkdir. Anamızı söyürlər, biz isə susuruq! Niyə? Biz susmalıyıqmı?”
Bu fikrin mahiyyətini başa düşürəm. Həqiqətən də son illər sosial şəbəkələrdə, xüsusilə YouTube kanallarında İlham Əliyev, Mehriban Əliyeva və onların ailə üzvləri haqqında işlədilən ifadələrin əhəmiyyətli hissəsi nə siyasi polemika mədəniyyətinə, nə də etik normalara uyğundur.
Deməli, ortada problem var. Problem varsa, onu idarə etmək yox, həll etmək lazımdır. Mən bu barədə illərdir yazıram.
İnanıram ki, bu qarşıdurmanı sonsuz davam etdirmək nə dövlətin, nə müxalifətin, nə də cəmiyyətin maraqlarına xidmət edir.
Əminəm ki, hakimiyyətin yuxarı eşelonunda da bu problemin siyasi yollarla həllini istəyən insanlar var.
Amma eyni zamanda bu qarşıdurmadan bəhrələnən, öz mövqeyini və nüfuzunu məhz gərginlik üzərində quran kifayət qədər adam da var.
Belələri mediada da var. Siyasətdə də. Parlamentdə də. Dövlət strukturlarında da.
Onlar qarşıdurmanın bitməsini istəmirlər.
Çünki onların siyasi çəkisi məhz bu qarşıdurmadan qidalanır. Bu mənə qədim bir rəvayəti xatırladır.
Deyilənə görə, Fransa ilə İngiltərə arasında münasibətlər son dərəcə gərgin idi. İngiltərənin Fransadakı səfiri kralın qəbuluna gələrək deyir:
— Vəziyyət çox ağırdır. Hətta məni öldürmək istəyirlər.
Kral isə sakitcə cavab verir:
— Heç narahat olma. Qoy səni öldürsünlər. Ondan sonra gör Fransanın başına nə oyun açacağıq…
Səfir isə ürəyində düşünür: “Mən öləndən sonra Fransanın başına oyun açmağınızın mənə nə faydası olacaq?”
Bu rəvayət mənə Azərbaycandakı bəzi yanaşmaları xatırladır.
Sanki kimlərsə deyirlər: “Cənab Prezident, hörmətli Mehriban xanım, siz narahat olmayın. Qoy sizi söysünlər. Sonra görün biz onların cavabını necə verəcəyik.”
Bu yanaşma siyasət deyil.
Bu, problemin həllini yox, problemin davam etməsini istəyən insanların düşüncə tərzidir.
Mənim təklifim isə tamam başqadır.
Hakimiyyət bu qarşıdurmanı siyasi vasitələrlə azaltmağa çalışmalıdır.
Dialoq təşəbbüsü göstərməlidir.
Çünki dialoq zəifliyin yox, siyasi özünəinamın göstəricisidir.
Ən maraqlısı isə budur ki, iqtidar bu prosesdə heç bir halda uduzmur. Əksinə, yalnız qazana bilər.Əgər dialoq baş tutsa, cəmiyyət qazanacaq. Dövlət qazanacaq. Hakimiyyət qazanacaq.
Əgər dialoq baş tutmasa belə, hakimiyyət yenə siyasi üstünlük əldə edəcək.
Çünki xalqa tam əsasla deyə biləcək: “Biz danışmaq istədik. Qarşı tərəflə əlaqə yaratdıq. Problemi siyasi yollarla həll etməyə çalışdıq. Ancaq qarşı tərəfdəki radikal qruplar buna imkan vermədilər.”
Bu halda da təşəbbüs hakimiyyətin əlində qalacaq. Siyasi təşəbbüs isə həmişə üstünlük deməkdir. Bəziləri mənə irad tutur ki, sən mühacir bloqerlərlə görüşürsən, danışırsan, münasibət saxlayırsan. Bəli. Saxlayıram. Çünki əgər mən iki düşmən tərəf arasında vasitəçi olmaq istəyirəmsə, hər iki tərəflə danışmalıyam.
Etimad olmadan vasitəçilik olmur. Danışmadan anlaşma yaranmır.
Bir-birini dinləmədən isə etimad formalaşmır. Bu, siyasətin də, diplomatiyanın da dəyişməyən qanunudur. Bir sual da vermək istəyirəm.
Biz yüz ildən artıq düşmən olduğumuz Ermənistanla danışa biliriksə, niyə öz vətəndaşlarımızla danışmayaq?
Niyə öz jurnalistimizlə, öz bloqerimizlə, öz siyasi mühacirimizlə danışmaq mümkün olmasın?
Dövlətin gücü yalnız sərt qərarlar verməsində deyil. Dövlətin gücü həm də fərqli düşünən insanlarla danışmaq cəsarətindədir.
Mən hələ də inanıram ki, danışmaq düşmənçilikdən daha ağıllıdır. Anlaşmaq qarşıdurmadan daha faydalıdır.
Siyasi böyüklük isə təkcə sərtliklə ölçülmür. Əsl siyasi böyüklük ilk addımı atmaq cəsarətidir. Bu təşəbbüs uğur qazansa, Azərbaycan qazanacaq.
Uğur qazanmasa belə, hakimiyyət uduzmayacaq. Çünki tarix qarşıdurmanı qızışdıranları yox, onu aradan qaldırmağa çalışanları daha ədalətli mühakimə edir… Və mən hələ də inanıram ki, Azərbaycan cəmiyyəti sonsuz qarşıdurmaya yox, milli barışa daha çox ehtiyac duyur…
Elbəyi HƏSƏNLİ,
Politoloq
(İsveçrə, Surix)