Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Çalışan analar körpələrini ana südündən məhrum etməmək üçün südü sağaraq saxlaya bilərlər”.
Tezadlar.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Pediatr bildirib ki, ana südünün sağılaraq saxlanılması təhlükəsiz üsuldur. Lakin bunun üçün gigiyena qaydalarına və düzgün saxlanma şəraitinə əməl edilməlidir:
“Sağılmış ana südü gigiyenik qablarda, xüsusi süd saxlamaq üçün hazırlanmış paketlərdə saxlanmalıdır. Saxlanma zamanı otaq temperaturuna da diqqət yetirilməlidir”.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, ana südü otaq temperaturunda 4 saata qədər saxlanıla bilər. Gigiyenik qaydalara əməl edildiyi halda bu müddət 6 saata qədər uzadıla bilər.
Pediatr ana südünün soyuducunun aşağı hissəsində 4 günə qədər, dondurucuda isə 6 aya qədər saxlanıla biləcəyini qeyd edib.
O, dondurucuya qoyulan südün üzərinə saxlanıldığı tarixin yazılmasını da tövsiyə edib.
Qeyd edib ki, sağılaraq soyuducuda və ya dondurucuda saxlanılan ana südünün düzgün şəkildə isidilməsi vacibdir.
Onun sözlərinə görə, dondurulmuş ana südünün saxlanılması onun keyfiyyətinə ciddi təsir göstərmir. Lakin südün körpəyə verilməsi üçün düzgün şəkildə isidilməsi lazımdır.
Pediatr ana südünün mikrodalğalı sobada isidilməsini tövsiyə etməyib:
“Xüsusilə mikrodalğalı sobadan istifadə analara tövsiyə olunmur. Çünki burada südün tərkibi dəyişə bilər”.
O qeyd edib ki, süd axar suyun altında və ya ilıq su vannasında yüngül şəkildə isidilməli və körpənin qəbul edə biləcəyi temperatura çatdırılmalıdır.
Pediatr çalışan analara da müraciət edərək ana südü ilə qidalandırmanı davam etdirməyin mümkün olduğunu vurğulayıb.