Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

67 MƏHKƏMƏ QƏRARININ İCRA OLUNMAMASI İLƏ BAĞLI “MAGNA TRANS” MMC-NİN TƏSİSÇİSİ AĞASƏF İSMAYILOV
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İNAM KƏRİMOVA MÜRACİƏT ETDİ. TEZADLAR.AZ-A GÖNDƏRİLƏN MÜRACİƏTDƏ DEYİLİR:
“Hörmətli cənab sədr! Təsisçisi olduğum “Magna trans” MMC-nin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası adından verilmiş 67 məhkəmə qərarının hüquqi taleyi barədə Sizə məlumat vermək istəyirəm.
Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri,
Hörmətli Məhkəmə-Hüquq Şurasının üzvləri,
Bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin:“Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” – tələb və tapşırığının məsuliyyətini tam dərk etməyən bir sıra kiçik ranqlı dövlət məmurları tutduqları vəzifələrin sanki onlara özbaşınalıq üçün bəxş edildiyini hesab edirlər və Azərbaycan Respublikası adından verilmiş məhkəmə aktlarını icra etmək əvəzinə davamlı, qərəzli və inadkarlıqla imtina etməklə bərabər, qanuna zidd əməllərinə görə, hətta özlərinə haqq qazandırmağa da cəhd edirlər.
Bu müraciətim, təsisçisi olduğum “Magna trans” MMC-nin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası adından qəbul edilmiş 67 (altmış yeddi) məhkəmə qərarlarının hüquqi taleyi barədə vacib bir məsələdir ki, Konstitusiyanın aliliyi prinsipinə, məhkəmə hakimiyyətinin nüfuzuna və hüquqi dövlət anlayışının praktik dəyərinə birbaşa toxunur.
Məhkəmə qərarlarının hüquqi qüvvəsi yalnız onların qəbul edilməsi ilə deyil, həmin qərarların tələblərinin real icrası ilə təmin olunur. Əks halda, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarı kağız üzərində qalmış hüquqi sənədə çevrilir və onun dövlət hakimiyyətinin aktı kimi praktik əhəmiyyəti aradan qalxır.
Müraciətimin məqsədini nəzərinizə çatdırıram (istinad etdiyim bütün sənədlər mövcuddur):
1) Təsisçisi olduğum “Magna trans” MMC-nin əmlakının mənimsənilməsi ilə bağlı AR CM-nin 179.3.2. (mənimsəmə) maddəsi ilə 210050957 saylı cinayət işinin istintaqı üzrə törədilmiş prosessual pozuntulara (daha doğrusu süründürməçiliyə məruz qoyulmasına) dair şikayətlərimə əsasən, Sabunçu rayon və Bakı Apellyasiya məhkəmələri tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş 24 (onlardan 6 qərar cinayət işinin icraatına əsassız və qanunsuz olaraq altı dəfə xitamına verilməsinə dair) məhkəmə qərarlarının icrasına, hal-hazırda iş icraatında olan Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin və istintaqa nəzarət etməli olan prokuror Murad Dadaşov davamlı və qərəzli olaraq imtina etmişlər.
Göstərdiyim kimi, bu cinayət işi üzrə icrata 6 dəfə xitam verilmişdir ki, şikayətlərimə əsasən 6 məhkəmə qərarı ilə həmin qərarlar əsassız və qanunsuz olmaları səbəbindən ləğv edilərək, istintaq hərəkətlərinin yerinə yetirilməsi tələb olunmuşdur.
Onu da qeyd edirəm ki, bu cinayət işinin istintaqı müddətində üç müstəntiq və iki prokuror dəyişmiş olsa da, məmur süründürməçiliyinə məruz qoyulması elə əvvəlki qaydada davam etdirilməkdədir. Yəni, istintaqa məhkəmə nəzarəti qaydasında verilmiş 24 məhkəmə qərarlarında göstərilmiş tələblərin yerinə yetirilməsinə Sabunçu rayon prokurorluğunda imtina edilməsi davam etdirilməkdədir.
2) Təsisçisi olduğum “Magna trans” MMC-nin 34 ədəd sərnişin daşıyan avtobusunun oğurlanması barədə 30 oktyabr 2022-ci il tarixli şikayət ərizəm üzrə törədilmiş prosessual pozuntulara dair Xətai, Sabunçu rayonları və Bakı Apellyasiya məhkəmələri tərəfindən məhkəmə nəzarəti qaydasında 6 məhkəmə qərarı verilmişdir.
Məhkəmə qərarlarını icra etmək əvəzinə, hal-hazırda ərizəm icraatında olan Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Orxan Səmədov şikayət verdiyim tarixdən 46 ay keçməsinə baxmayaraq, izahatımı da almaqdan boyun qaçırmaq üçün, hətta baxılan işə aidiyyəti olmayan başqa bir sənəddən sözbəsöz köçürülmüş mətndən düzəltdiyi 20.06.2025-ci il tarixli saxta qərarda materialın guya prokurorluğa göndərdiyini göstərmişdir.
Bundan bir il sonra isə, Baş Prokurorluğun Qanunların icrasına nəzarət idarəsinin rəis müavini Günay Məmmədlinin mənə ünvanladığı 29 iyun 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 25 iyun 2026-cı ildə ləğv edilmiş və “hazırda material üzrə araşdırma davam etdirilir.”
Baş Prokurorluğun Qanunların icrasına nəzarət idarəsinin rəis müavininbu məktubu ilə bağlı təkcə onu demək yetər ki, ərizə verdiyim gündən 46 ay keçməsinə baxmayaraq izahatım alınmadığı halda və “yoxa çıxmış” 34 avtobusun “izi-tozu” müəyyən edilmədiyi halda “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” necə verilə bilərdi ki, 44 ay keçdikdən sonra, rəis müavini bildirir ki, “25 iyun 2026-cı ildə ləğv edilmiş və hazırda material üzrə araşdırma davam etdirilir.“
Göstərdiyim faktlarla bağlı şikayətlərimə əsasən, məhkəmə nəzarəti qaydasında verilmiş 6 məhkəmə qərarının icrasından Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Orxan Səmədov və ibtidai istintaqa nəzarət etməli olan prokuror Murad Dadaşov birdəfəlik imtina etmişlər.
3) Təsisçisi olduğum “Magna trans” MMC-nin təsərrüfat fəaliyyəti və maliyyə sənədlərinin mənə verilməsi öhdəliyi, Abşeron rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi ilə cavabdehlər: “Magna Trans” MMC-nin direktoru Ağayev Mirzahid Mirsahib oğlunun və iştirakçılar Həmidov Bürhan Əhməd oğlu ilə Hacıyev Namiq Gülosman oğlunun üzərinə qoyulması qət edilmişdir.
İcra sənədi cavabdehlərin olduğu yer üzrə – Abşeron, Göyçay və Bakı şəhəri Nəsimi rayonlarının İcra şöbələrinə göndərilmişdir.
Ötən 5 il 4 ay ərzində hər üç rayonun aidiyyəti icra məmurlarının və onların fəaliyyətinə nəzarət etməli olan icra şöbələrinin rəislərinin vəzifələrini tutan şəxslər dəfələrlə dəyişmiş olsalar da, İcra sənədi icra edilmədən qalmaqdadır. Ona görə ki, bu İcra sənədini icra etməli olan hər üç rayonun icra məmurları bütün hərəkətlərini sənədi icra etməməyə yönəltmişlər. Hər üç rayon icra məmurları müxtəlif bəhanələr gətirməklə sənədin icrasının mümkünsüzlüyü barədə qərarlar yazırlar, yaxud da əsassız olaraq icra sənədini məhkəməyə qaytarmışlar. Və açıq-aşkar görünür ki, bu məmurlar bir “baş”dan idarə olunurlar.
İcra məmurlarının qanunazidd əməlləri barədə şikayətlərimə əsasən,Abşeron, Göyçay, Bakı şəhəri Nəsimi rayonlarının və Apellyasiya Məhkəmələri tərəfindən ümumilikdə 37 (otuz yeddi) məhkəmə qərarları verilmişdir ki, bu qərarların hər birində aidiyyəti icra məmurlarının hərəkətsizliyi qeyd olunmaqla, göstərilən İcra sənədində göstərilmiş icra hərəkətlərinin yerinə yetirilməsi tələb olunmuşdur.
Abşeron rayon Məhkəməsinin 2(012)-435/2021 saylı İcra sənədi üzrə icra hərəkətlərini yerinə yetirmək əvəzinə, aidiyyəti icra məmurları cəzasızlıqdan özbaşınalıq həddinə keçərək, hətta bu qərarları vermiş Məhkəmələrin qərarlarının ləğv edilməsi məqsədi ilə, “məhkəməni məhkəməyə verməkdən” də çəkinməmişlər ki, buna sözün birbaşa mənasında “hərci-mərcilik”dən başqa ad vermək olmur.
Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri,
Hörmətli Məhkəmə-Hüquq Şurasının üzvləri,
Azərbaycan Respublikası adından qəbul edilmiş ümumilikdə 67 (altmış yeddi) məhkəmə qərarının icrasının təmin edilməməsi barədə aidiyyəti üzrə müvafiq qurumlara, o cümlədən Baş prokuror Kamran Əliyevə, Baş Prokurorluğun, Bakı şəhər prokurorluğunun aidiyyəti rəhbər vəzifəli şəxslərinə, Ədliyyə naziri Fərid Əhmədova, Ədliyyə nazirliyinin, İcra Baş İdarəsinin aidiyyəti rəhbər vəzifəli şəxslərinə, hətta mətbuat vasitəsi ilə çoxsaylı müraciətlərim heç bir nəticə verməmişdir.
Göstərdiklərimi nəzərə alaraq,
– Azərbaycan Respublikası adından qəbul edilmiş, yuxarıda göstərdiyim 67 məhkəmə qərarının icra vəziyyətinin aidiyyəti üzrə araşdırılmasına;
– Məhkəmə qərarlarının icrasının təmin edilməməsi hallarında vəzifəli şəxslərin məsuliyyət məsələsinin həlli yolunun müəyyənləşdirilməsinə;
– Məhkəmə qərarlarının icrasının faktiki təmin edilməsi üçün aidiyyəti dövlət qurumları qarşısında müvafiq məsələlərin qaldırılmasında köməklik göstərilməsini Sizdən xahiş edirəm.
Hörmətlə,
210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs,
“Magna trans” MMC-nin təsisçisi İsmayılov Ağasəf İslam oğlu”.
Redaksiyadan: qeyd edilən müraciət Məhkəmə- Hüquq Şurasının və Ali Məhkəmənin, eləcə də Ədliyyə Nazirliyinin elektron poçtuna göndərildi…