Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
11-12 aprel – Bir neçə gün bundan əvvəl belə bir söhbət danışmışdı:
– 77-ci, yoxsa, ili yadımdan çıxıb, təzə konstitusiyanın qəbul olunduğu vaxtlar idi. Dil məsələsi qaldırılmışdı. Heydər Əliyev məcbur olub idarə, müəssisə başçılarına demişdi ki, niyə teleqram vurub Azərbaycan dilinin dövlət dili kimi konstitusiyada təmsil olunmasını tələb etmirsiniz? Dövlət başçısı bundan artıq nə etməli idi ki, xalq yatmışdısa? İmran Qasımov məni çağırıb məsələni dedi. Mən və başqa yazıçılar MK-a teleqram vurduq. İndi Əliyevi tənqid edirlər, yenə də deyirəm, onun Azərbaycana xidmətləri çox olmuşdur.
Yaman darıxdırıcı gündür. “Başınızı dik tutun” məqaləsini yazmağa başladım. Məqalədə bir neçə misradan ibarət şeir vardı:
Yolçu qardaş ayaq saxla,
Nakamlara baş əyib dur!
Nə qəhərlən, nə də ağla,
İndi onlar xalq oğludur.
Burda zaman nəfəs almır,
Burda əsrin səsi donur.
Əbədiyyət aram-aram
Şəhidlərə heykəl yonur.
– Məmməd, mən şəhərin meri olsaydım bu şeri iri hərflərlə Şəhidlər xiyabanının girəcəyində bir neçə yerdən şüar kimi asardım…
O, sənin fikrindir, – dedi Məmməd.
Şeir tamamlansa şəhidlər haqqında əla şeir olar.
18 aprel – Səlim Heydər Əliyevə həsr etdiyi kitabına düzəlişlər etmək üçün Məmmədin yanına gətirmişdi. Bir çox misralarda düzəliş edildi. Səlim gedəndən sonra söylədi:
– Şeiri qurtardım, baxarsan, axırı da olduğu kimi qalır, dəyişmədim.
– Məncə, – Əbədiyyət aram-aram, Şəhidlərə heykəl yonur – bundan yaxşı misranı heç kim deyə bilməz.
– Şişirtmə, zaman yenə də elə bir Məmməd Araz yetirər ki, ondan da yaxşı deyər.
“Ayaq saxla” adı ilə yaxşı bir şeir alınmışdı.
22 aprel – Saat 6-ya yaxın Bəxtiyar müəllim bizə gəlmək istədiyini bildirdi. Bəxtiyar Vahabzadə, Lütfi Məmmədbəyli birlikdə idilər. Azərbaycanın indiki durumundan, kitabların çapının necə çətin olduğundan danışdılar. Lütfi otaqlara baxmaq istədiyini bildirdi. Bəxtiyar müəllimlə bütün otaqlara baxdılar.
– Bəxtiyar müəllim, niyə köçmürsünüz – soruşdum.
– Birincisi, müxalifət qəzetləri gərəksiz hay-küyə başlayıblar ki, Bəxtiyar nə üçün Vaqifin evinə köçməlidir. İkincisi, Vaqifin qohumları da mənə zəng edirlər. Ona görə də məsələ belə açıq qalıb.
– Bəxtiyar müəllim, siz köçməsəniz də ev Vaqifə qaytarılmayacaq. Yəni Bəxtiyar, Məmməd bu xalqa onlar qədər də xidmət etməyiblər? Siz bu xalqdan ötrü boynunuza həmişə kəfən dolamısınız.
Qonaqlarım getdikdən sonra Mahnı Teatrına İbrahim Bozyelin görüşünə getdik. Görüş başlanmışdı. Məmməd zala daxil olanda Sabir Rüstəmxanlı sözünü kəsib Məmmədi alqışladı, tanışlar bir-bir gəlib Məmmədlə görüşdülər, Sabir sözünə davam etdi:
– Türk dünyası okeana bənzəyir, çəkiləndə xırda, cılız adalar qalır. Cılız adalarda isə iri nərə, köpək balıqları yox, kilkələr yetişir. Türk dünyasını bilə-bilə ayırıblar, parçalayıb xırda adalara döndəriblər. Cənubda 30 milyon soydaşımız yaşayır. Əgər onlarda milli qeyrət olsa idi, 30 milyon qarğa göy üzünü tutardı, heç bir təyyarə ordan uça bilməzdi, 30 milyon hörümçək kimi elə tor hörərdi ki, heç bir silahı oradan keçirə bilməzdilər, 30 milyon qoyuna dönər, millətimizə ölüm səpən maşınları ermənilərə verməyə qoymazdılar. Əksinə, bizim şəhərləri, kəndləri viran edib talayanlardan evlərimizin dəmirini satın alırlar, baba-baba deyə-deyə özlərini axmaq vəziyyətinə salıblar, nə dilləri var, nə də məktəbləri. Bu da bizim cənub qardaşlarımız…
Sabirin dərdi açılmışdı, danışır, danışırdı.
Məmmədi də xəyal aparmışdı və yaxşı oldu gəldik, çox gözəl gecə idi, – dedi.
28 aprel – Məmməd, – “Sən xüsusi, mən kolxoz
Bizimki tutmaz oğlan…”
Bu “gözəl” misraların sahibi kim idi?
– 30-cu illərin mətbuatında çıxıb, müəllifi yadımda deyil.
– Xəlil haqqında məqaləndə oxucuya müraciətlə yazırsan:
“… Əziz oxucu, bir anlığa sən onun yaradıcılıq aləminin bütün məhsullarını göz qabağında açıqlandığını təsəvvür elə; onda görəcəksən istedad deyilən ilahi qüvvə nədir? Onda görəcəksən dahilik deyilən böyük əməl ən adi işlər görəndən başlayır…” Elə bu sözləri özünə də şamil etmisən?
– Düz tapmısan – zarafatla cavab verdi.
4 may – Yazıçılar Birliyindən qayıdanda soruşdum:
– Xeyirdimi?
– Bəli, Heydər Əliyevi Yazıçılar Birliyinə fəxri üzv qəbul etdik. Fikrət Qoca dedi ki, mənimlə Məmmədin həyatında Heydər Əliyevin xüsusi xidməti var. Heydər Əliyevin köməyi olmasaydı mən həyatda yox idim. Mən də elə bir çıxış etdim ki, nə danışdığımı özümdən başqa heç kim başa düşmədi.
– Bir məqaləndə yazırsan ki, “Sibirdə pambıq, limon yetişdirəcəyəm” misrasının müəllifi mənəm. Yəni sən belə bir şeir yazmışdın?
Hə, cavanlığın bezdarnı şerlərindən biri idi. Sonralar onu oxuyanda özüm-özümə gülürdüm. Yadımdadı, ilk dəfə ədəbiyyat müəllimim Fərman Tağıyevin rəhbərliyi ilə çıxan məktəb divar qəzetində bahar fəslinə aid – adı yadımda deyil – şerim çıxdı. Bundan sonra gecə-gündüz yazdım… sonralar birinə də sahib çıxa bilmədim…
9 may – Bir-iki gün bundan əvvəl nəşriyyatın qabağında Şamil Qurbanovla rastlaşdıq. Hal-əhvaldan sonra dedi ki, Məmməd müəllim, tələbələr sübut edirlər ki, bu əsrin ən böyük şairi Məmməd Arazdır. Bunu müxtəlif misallarla sübut edirlər, səbəbləri göstərirlər. Ancaq sübut və səbəbləri mənə söyləmədi.
– Bəs çıxışında nə üçün deyir ki, bizdə axır illər ədəbiyyat yoxdur. Rəsul Rza, Səməd Vurğun kimi şairlər yetişməyib, biz o yaxşı ədəbiyyata alışmışıq.
– Müasir şairlərdən kimin adını tutsa, o birisi çomağını götürüb düşəcək onun üstünə, ona görə də məcburdur belə deməyə.
11 may – Gəzintiyə çıxanda Məmməd həvəslə danışdığına görə ona ədəbiyyat və müxtəlif yazıçılarla bağlı suallar verərdim. Özünün şeirlərindən söhbət saldıq, dilləndi:
– “Ulu şahım, qılıncına söykənim” məndən başqa hələ ki, bunu heç kim deməyib. Gözəl deyimdi, elə deyilmi?
– Şeir çox gözəl şeirdi, söz ola bilməz. Şerin bir bəndini əzbər dedim:
İçimizdə şeytan səsi,
Yalan səsi, böhtan səsi
Didir bizi, yeyir bizi.
Ulu şahım,
Qibləmizə çevir bizi!
– Yox, mən şeiri demirəm, ancaq “qılıncına söykənim” təzə deyimdir, tənqidçilər nəsə susurlar.
Sonra Hüseyn Arifin təbiət şeirlərindən danışdıq. Məmməd gülə-gülə belə bir əhvalat söylədi:
– Bu olmuş əhvalatdır. Əli Kərim Moskvada oxuyanda Hüseyn Arif onu yoluxmağa gedir, gecə də yanında qalır. Əli ondan xahiş edir ki, səhər tezdən onu yuxudan oyatsın. Yer az olduğu üçün Hüseyn yastığını şkafın içinə qoyubmuş, təbii ki, ora da qaranlıqdır. Səhər Əli durur, getməyə hazırlaşanda Hüseyn deyir: – Əli, yat-yat, hələ səhər açılmayıb, görmürsən qaranlıqdır.
14 may – Danışığı çox pisləşdiyi üçün çox vaxt onu söhbətə tutmuram. Gecə çox gözəl bir gecə idi. Məmmədə zarafatla dedim:
– Eyvana çıx, gör necə gözəl gecədir. Ay dənizə işıq salıb. Süleyman Rüstəmin dili ilə desək “nasiranə gecədir”. Uşaqlığımızı xatırlayaq, gur yağışlarda gəzdiyimiz dərələrdə çimib, düzənlərimizdə qurunaq. Yarpaqların xışıltısına, quşların nəğməsinə qarışaq, bilinməz bir dünyaya uçub gedən cavanlığımızla qucaqlaşaq, sonra da əbədi ayrılaq. Kim bilir səhər necə açılacaq.
– Yenə də nə olub, kövrəlmisən?
– Güzgüyə baxanda oradan qocalmış, kifir bir sifət sənə baxır, elə bir sifət ki, gənclikdə onu təsəvvürə belə gətirə bilməzsən…
25 may – Səhər tezdən Məmmədi telefonla axtardılar.
– Prezident Aparatından Arif müəllimdir. Sabah “İstiqlal” ordenlərinin təqdimatı olacaq. Saat 1-də üçüncü girişin qarşısında olarsınız. Xahiş olunur prezidentin qəbuluna Məmməd müəllimi yaxşı geyindirin.
– Arif müəllim, bəs mən? Axı Məmmədi tək qoya bilmərəm.
– Sizin də adınızı yazıram.
Məmməd işdən iki jurnal gətirmişdi.
– Gülxanım, bir Əhəd Muxtar var idi ha, yadına gəlirmi?
– Əlbəttə, neçə dəfə evlərinə getmişik.
– “Ulduz” jurnalının məsul katibi idi, pillələrlə aşağı düşüb elə oradaca keçinib deyirlər.
– Nə etmək olar, Allahın qoyduğu qanundan kənara çıxmaq olmaz, qisməti ora qədər imiş…
– Aşıq Şəmşirə aid məqaləndə iki misra var, bu sənindir?
Aşıq Şəmşir, nə qədər ki, biz varıq
Sənətkarı qocalmağa qoymarıq…
– Mənimdir, şeirləşməyib, elə ikicə misradır…
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ