“”Qarabağ” növbəti illərdə də Avropadakı uğurları ilə azarkeşləri sevindirəcək”. Bu barədə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib. 56 yaşlı mütəxəssis “köhlən atlar”ın Bakıda Niderlandın “Tvente” komandasına əlavə vaxtda 1:4 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb: “Komandanın bu nəticəsinə görə üzülürəm. Qarşılaşmada ilk qolu “Qarabağ” vurmuşdu. Öndə olsalar da, son dəqiqələrdə üstünlüyü əldən verdilər. Amma artıq irəli baxmaq lazımdır. Komanda uzun illər Azərbaycan futbolunu Avropada layiqincə təmsil edib. İnanıram ki, növbəti mövsümlərdə də Avropadakı uğurları ilə azarkeşləri sevincirəcəklər”.
A.Əsədov heyətin yenilənməsinin də Ağdam klubunun nəticələrinə təsir etdiyini xatırladıb: “Bəzən elə vaxt gəlir ki, komandada dəyişikliklər olur, eniş yaşanır. Bu, hər bir komandanın başına gələ bilər. “Qarabağ” da bu günlərdən keçir. Komanda yenidən formalaşır, heyətə yeni futbolçular cəlb edilib. Qurban Qurbanov işini yaxşı bilən təcrübəli mütəxəssisdir. İnanırıq ki, növbəti mövsümlərdə bizi uğurları ilə sevindirən “Qarabağ” görəcəyik”.
Xatırladaq ki, “Qarabağ” Niderlanddakı matçda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.







