Qarabağ regionunda telekommunikasiya xətlərinin 2026-cı il üçün nəzərdə tutulan 25 magistral xəttin tikintisi başa çatdırılıb.
Tezadlar.az xəbər verir ki, bunu “Aztelekom” MMC-nin rayona təşkil etdiyi infotur çərçivəsində jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Alidə Mustafayeva deyib.
Onun sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ regionunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir:
“Bu il üçün nəzərdə tutulan müəyyən işlər artıq başa çatdırılıb. O cümlədən, Qarabağ regionu üzrə 2026-cı il üçün nəzərdə tutulan mərhələ çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi yekunlaşdırılıb. Ümumi uzunluğu 1000 kilometrdən çox olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edir. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 11 şəhər, 54 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub, 12 267 yeni abunəçi (11,596 ev təsərrüfatı və 671 biznes subyekti) şəbəkəyə qoşulub”.







