…Azadeh Namdari İran dövlət televiziyasının tanınmış simalarından biri idi. O, mühafizəkar mövqeləri ilə tanınır, hicabı və xüsusilə çadranı açıq şəkildə müdafiə edirdi. 2014-cü ildə hətta “Allaha şükür ki, çadıra geyinirəm” məzmunlu müsahibəsi ilə diqqət çəkmişdi.
Amma 2017-ci ildə İsveçrədə ailəsi ilə istirahətdə olarkən onun başıaçıq və əlində pivə ilə görüntüləri yayıldı. İran cəmiyyətində böyük qalmaqal yarandı. İnsanların əsas etirazı onun başıaçıq olmasına yox, başqalarına təbliğ etdiyi həyat tərzini özü imkan yarananda yaşamamasına idi.
Namdari həmin görüntülərə izah verdi, baş örtüyünün təsadüfən düşdüyünü və yaxın qohumlarının yanında olduğunu dedi. Amma pivə məsələsinə aydın cavab vermədi.
Bu hadisə İranın ideoloji sistemindəki daha böyük problemi göstərirdi.
Sistem insanlardan yalnız qanuna əməl etməyi deyil, ictimaiyyət qarşısında müəyyən “ideal insan” obrazını da oynamağı tələb edir. Hicab, dini davranış, şəxsi həyat, ictimai nitq-hamısı siyasi loyallığın göstəricisinə çevrilir.
Belə sistemlərdə nəticə çox vaxt eyni olur: ictimai obraz ayrı, şəxsi həyat ayrı.
İnsan cəmiyyət qarşısında sistemin tələb etdiyi kimi yaşayır, amma nəzarətdən uzaqlaşanda tamam başqa həyat seçir.
Azadeh Namdari qalmaqalının əsl mənası da burada idi.
Bu, sadəcə bir televiziya aparıcısının başıaçıq görünməsi deyildi.
Bu, məcburi ideologiyanın insan həyatında yaratdığı ikiüzlü quruluşun görünən anı idi.
Maraqlıdır ki, Namdari daha sonra İrana qayıtdı. Hətta onun hava limanında saxlanıldığı barədə ziddiyyətli xəbərlər yayılmışdı, amma Tehran həbsxanalarına gətirildiyi təsdiqlənməmişdi.
2021-ci ilin martında isə o, Tehrandakı evində ölü tapıldı. İlkin ekspertizada bədənində döyülmə, bıçaq və ya başqa zorakılıq izi aşkarlanmadığı bildirildi. Sonrakı araşdırmalarda güclü antidepressant maddə, ona aid vida qeydləri və digər faktlara görə intihar ehtimalının gücləndiyi açıqlandı.
Buna görə onun ölümünü siyasi qətl kimi təqdim etmək üçün əsas yoxdur.
Amma onun həyatı başqa bir mənada simvolikdir, ideologiyanı müdafiə edən insan belə bir gün həmin ideologiyanın öz həyatına qoyduğu çərçivədən çıxmaq istəyir.
Və burada problem təkcə bir qadının davranışı deyil.
Əsas problem sistemdir.
Çünki normal cəmiyyətdə insanın başını örtüb-örtməməsi, bir stəkan pivə içib-içməməsi dövlət ideologiyasının sınağına çevrilməməlidir.
İnsanlara seçim verilməyəndə, çox vaxt əxlaq yaranmır. İkili həyat yaranır…
Elbəyi HƏSƏNLİ,
İsveçrə







