Aylarla həll olunmayan problem nəqliyyatın hərəkətini çətinləşdirir, qəza təhlükəsi yaradır
Abşeron rayonunun Saray qəsəbəsində uzun müddətdir həllini tapmayan su və kanalizasiya problemləri sakinlərin ciddi narazılığına səbəb olub. Qəsəbənin əsas giriş yollarından birində, eləcə də bəzi məhəllədaxili küçələrdə su və kanalizasiya xətlərində yaranmış nasazlıqlar nəticəsində yollar yararsız vəziyyətə düşüb, nəqliyyatın hərəkəti çətinləşib və sakinlər üçün təhlükəli vəziyyət yaranıb.
Sakinlərin sözlərinə görə, yola axan su və kanalizasiya tullantıları ərazini keçilməz hala salmaqla yanaşı, nəqliyyatın hərəkətini də çətinləşdirir. Dağılmış yol hissəsi sürücülər üçün ciddi təhlükə yaradır, xüsusilə axşam saatlarında və yağışlı havalarda qəza riski daha da artır.
Redaksiyamıza müraciət edən Saray sakini Ataş Əliyev bildirir ki, problem artıq neçə aydır davam edir:
“Qəsəbənin göz önündə olan, hər kəsin gördüyü bir yerində belə vəziyyət yaranıb. Yol dağılıb, su və kanalizasiya axıntıları ətrafı yararsız hala salıb. Nəqliyyatın hərəkəti çətinləşib, qəza riski artıb. Maraqlıdır ki, bu təhlükəni aidiyyəti qurumlar görmürmü? Əgər görürlərsə, niyə tədbir görülmür?”
Sorğular cavabsız qalıb
Qeyd edək ki, bir neçə ay əvvəl də Saray qəsəbəsinin sakinləri eyni problemlə bağlı redaksiyamıza müraciət etmişdilər. https://tezadlar.az/saray-sakinleri-feryad-edir-video/ Həmin vaxt məsələ ilə bağlı hazırladığımız yazı və rəsmi sorğu aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə göndərilmişdi. Lakin üzərindən aylar keçməsinə baxmayaraq nə sorğumuza rəsmi cavab verilib, nə də qaldırılan problemin həlli istiqamətində hər hansı konkret nəticə əldə olunub.
Saray sakini Ataş Əliyevin sözlərinə görə, sonradan əraziyə xüsusi texnika və avadanlıq gətirilsə də, görülən işlər problemin aradan qaldırılmasına səbəb olmayıb:
“Bir qurğu gətirib həmin yerə yerləşdirdilər. Dedilər ki, kanalizasiya xəttindəki problemi aradan qaldırırlar. Amma həmin texnika təxminən 20 gün ərzində heç bir iş görülmədən ərazidə qaldı. Sonra da götürüb apardılar. Sakinlər arasında belə söhbətlər dolaşırdı ki, qurğu icarəyə götürülüb və hər gün üçün müəyyən məbləğ ödənilir. Nəticədə isə problem yenə də olduğu kimi qaldı.”
Ataş Əliyev bildirir ki, sakinlərin dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemin həlli istiqamətində ciddi addımlar atılmır:
“Aidiyyəti əməkdaşlar gəlib əraziyə baxış keçirirlər, lakin bununla da məsələ bitir. Borudan suyun axdığını görür, bir çiv vurub üsünü torpaqlayıb gedirlər, amma problem kökündən həll olunmur. Bir neçə gündən sonra vəziyyət yenidən təkrarlanır. Hər gün tonlarla içməli su küçələrə axaraq israf olunur. Bir tərəfdən su qıtlığından danışılır, bəzi yaşayış məntəqələrində insanlar su çatışmazlığından əziyyət çəkirlər, digər tərəfdən isə burada su aylarla boş yerə axıb gedir. Bu qədər su itkisinə niyə göz yumulduğunu başa düşə bilmirik.”
Bu problemə hansı qurumlar cavabdehdir?
Mövcud vəziyyətlə bağlı ilk növbədə su və kanalizasiya təsərrüfatına cavabdeh olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş “Azərsu” ASC) məsuliyyət daşıdığı bildirilir. Eyni zamanda ərazidə yol infrastrukturunun bərpası və təhlükəsizliyin təmin olunması məsələləri Abşeron Rayon İcra Hakimiyyəti, zərurət yarandıqda isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti kommunal qurumların səlahiyyətlərinə daxildir.
Sakinlər hesab edirlər ki, aidiyyəti qurumlar problemdən xəbərdar olsalar da, uzun müddətdir lazımi tədbirlər görülmür.
Prezidentə müraciət etməyə məcbur qalırıq?
Qəsəbə sakinlərini narahat edən əsas məsələlərdən biri də odur ki, yerli səviyyədə həll olunmalı problemlər illərlə yubanır və nəticədə vətəndaşlar ən yüksək dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalırlar.
“Əgər belə kiçik görünən bir problemin həlli üçün Prezidentə müraciət etməliyiksə, bəs yerli qurumlar nə işlə məşğuldurlar? Dövlət həmin qurumları məhz vətəndaşların problemlərini vaxtında həll etmək üçün yaradıb. Sarayın mərkəzində aylardır davam edən bu vəziyyət niyə aradan qaldırılmır?” – deyə sakinlər sual edirlər.
Sakinlər operativ tədbirlər gözləyirlər
Saray qəsəbəsinin sakinləri aidiyyəti qurumlardan ərazidə yaranmış təhlükəli vəziyyətə dərhal müdaxilə edilməsini, su və kanalizasiya xətlərindəki nasazlığın aradan qaldırılmasını, yol örtüyünün bərpa olunmasını və hərəkətin təhlükəsiz şəkildə təmin edilməsini tələb edirlər.
Sakinlərin fikrincə, problemə vaxtında müdaxilə olunmasa, bu vəziyyət daha ciddi yol-nəqliyyat hadisələrinə, maddi ziyana və hətta insan tələfatına səbəb ola bilər. Buna görə də onlar məsul qurumları operativ tədbirlər görməyə və Saray qəsəbəsinin mərkəzindəki bu problemin nəhayət həllinə nail olmağa çağırırlar.
Redaksiyamız tərəfindən qaldırılan məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənmək üçün sorğular göndərilib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Ümid edirik ki, Saray qəsəbəsinin sakinlərini narahat edən bu problem aidiyyəti qurumlar tərəfindən diqqətdə saxlanılacaq və qısa müddət ərzində aradan qaldırılacaq. Çünki söhbət təkcə yol infrastrukturundan deyil, hər gün həmin ərazidən istifadə edən yüzlərlə insanın təhlükəsizliyindən gedir.
Məsələni diqqətdə saxlayacağıq.
Elşad FƏRMANOĞLU







