Əsas məzmuna keç

Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-38-ci HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-37-ci-hisse/

6 sentyabr – Bədirlənmiş ay işığını dənizə səpib, Məmməd pəncərədən çəkilmir, heyranlıqla baxır. Nə fikirləşdiyini bilmirəm.

APİ-dən yeni dərs ili münasibətilə veriliş gedir.

– Kişi, biz də orada oxumuşuq, yoxsa yox? Tələbə vaxtı şairlərlə görüşlərdə iştirak etmisən, bu zalda səninlə də görüşlər keçirilib. Elə bil biz heç orada olmamışıq.

– Saydıqların həqiqətə bənzər bir yuxudur, yox heç nə olmayıb, mən oxumamışam, orada ilk sevgim olmayıb, mən elə-belə anadan xəstə və qoca doğulmuşam. Bağışla, ilk sevgim dedim, ötəri imiş bu ilk sevgi. Çox tez yaddan çıxdı.

– Yadından çıxıbmı!!!

9 sentyabr – Elmira xəbər verdi ki, bütün çəkilişlər əla alınıb.

Məmmədə şeirini oxuyuram:

Tarix haqqımızı qaytardı geri,

              Sorulan qanımız qayıtmaz artıq.

              Bizi səsləyəndə döyüş illəri,

              Ayılıb gördük ki, gec ayılmışıq…

– Bunun ardı olaraq məqaləndə də yazırsan  “Gecikmələrin içində ən ağırı oyanışa gecikməkdir”.

– Əla… Biz bir az gec ayılanıq, tez də güzəştə gedənik. İndi ayılıb görürük ki, bu keyfiyyətlər bizə baha başa gəlib. Nə qədər torpaq itirsək də ağlamağa haqqımız yoxdur. Bütün yazılarımız millətin vüqarının şax qalmasına xidmət etməlidir.

– “Aygün” poemasının təhlilini çap edirəm.  Axı yaman zəifdir?

– 52-ci illərin məhsuludur, yazma, qoy arxivdə qalsın.

– Sən özün məni məcbur etdin ki, təhlili tapım və çap edim.

– Elə bilirdim ki, yaxşı yazmışam, oxudum, gördüm çox zəifdir.

– Elə bildin ki, o vaxtdan dahisən?

– Yaman sataşırsan, ha.

12 sentyabr – Telefonda Yaqubun səsi eşidildi:

– Ay xanım, necəsiniz? Əvvəlki xanıma bir xanım da əlavə edim, necədir?

– Yaqub, elə əsl adımı əlavə xanımsız desəniz yaxşı olar.

– Xanım, Məmməd müəllimdən bir şeir xahiş etmək istəyirəm. Siz Azərbaycan qadınlarının vəziyyətini məndən yaxşı bilirsiniz, qadınlar evdə oturublar, heç bir yerə getmirlər, işləri ağırdır, bütün günü xörək bişirir qab yuyurlar. Qadınlar məndən xahiş etdilər ki, onları müdafiə edən bir mahnı oxuyum. Məmməd müəllim belə bir şeir yazarmı?

– Yaqub, bu başdan deyirəm, çətin ki, o, sənin arzuna cavab verə, çünki onu tanıdığım vaxtdan ta bu günə qədər sifarişlə şeir yazdığının şahidi olmamışam. Hər halda sözünü çatdıraram. İkincisi, onun özünün yoldaşı sənin saydıqlarının hamısını yerinə yetirir. O ki, qaldı maşınla iş görmək, əsarətdən təzə qurtarmışıq, bizim pullularımız respublikanın inkişafı üçün pul buraxmaq istəmirlər. Mahnıların aqibəti necədir?

– İşlər yaxşı gedir məhsuldar işləyirəm. Artıq 7 mahnı hazırdır, 4-ü Sevda xanımın, 3-ü isə mənimdir. Çalış, Məmməd müəllim mənim xahişimi yerinə yetirsin.

– Allah eləsin, amma bilirəm ki, yazmayacaq.

Sevda xanım da Yaqubu axtarırdı:

– Gülxanım bacı, Yaqubu tapa bilmirəm. “Ayrılmazıq” mahnısını “Dan ulduzu” ilə birlikdə yazmaq istəyirəm. Rəhmətlik Gülarə ilə də neçə mahnı yazdırmışam.

– Sevda xanım, sizdən bir az əvvəl Yaqubla danışırdım. Yerini bilmirəm, bir də danışsa mütləq onu axtardığınızı çatdıraram.

24 sentyabr – Yaqub Zurufçu:

– Gülxanım bacı, Sevda xanımı tapa bilmirəm, mahnılar gecikir.

– Elə bir-biriniz axtarırsınız. Sevda xanım da sizi axtarır. Sevda xanımla danış. Naxçıvanda görüşləriniz necə keçdi?

– Çox gözəl…Yaxşı görüşlərimiz oldu. Orada Məmməd müəllimi yaman çox istəyirlər.

Müsahibələrin çapına başlamışam, yaxşı başlıqlar seçilib. Oxuyuram:

Eşitdi, görmədi bu dünya məni,

                              Gördü, eşitmədi bu dünya məni…

Elə yerləri oxuyub məni ara-bir təzədən o aləmə qaytarırsan, əladır: “Zamanın qulaqları ağır eşidir”, çox gözəl, deyilməmiş ifadədir.

Şair sözü,  yol ayrıcında dayanan müdrik qocadır…İnsan arzularını mənzil başına çatdırmağı özünün əzəli vəzifəsi sayır…

Sığmaz dediyimə deyəcəklərim,

                              Dünyanın qulağı qurğuşun dolu.

                              Eşidə-eşidə kardı bu dünya

                              Və görə-görə də kordu bu dünya.  

– Hə, əzizim, belədi dünya!.. Söhbət əsil şairlərdən gedir, elə deyilmi?

– Bəli, elədir, bir də bunu sənə dəfələrlə demişəm, müsahibələrdə verilmiş suallara cavab öz qələmimin məhsuludur, jurnalistin heç bir əlavəsi yoxdur.

 

14 oktyabr – “Səhər görüşləri”ndə Məmmədin ad gününü təbrik etdilər. Telefon səsləndi: – Prezident aparatındandır, prezident Məmməd müəllimi təbrik etmək istəyir. Telefonu Məmmədə verdim,

Heydər Əliyevin səsi eşidildi:

– Məmməd, səni 65 yaşın münasibətilə təbrik edirəm, sənə can sağlığı, yaradıcılıq nailliyyətləri arzulayıram. Mənə sözün?

Məmməd də öz təşəkkürünü Prezidentə bildirdi, öz köhnə xasiyyətindən “istifadə edərək” heç bir xahiş etmədi, vəssalam. Bir də Elçin Əfəndiyev təbrik teleqramı vurmuşdu.

Elmiranın çəkdiyi “Ata ocağından od alan poeziya” verilişini də gecə saat 12-yə qalmış verdilər. Verilişdən sonra bəstəkar Sevda xanım bizi təbrik etdi:

– Gülxanım bacı, verilişə çox vurğunluqla baxdım, oxunan şeirlər məni yaman tutdu. Musiqiyə yatan sözlərdir. Cavanlıq şəkillərinizi də gördüm, təəssüfləndim, hayıf o gözəllik, o cavanlıq. Atam həmişə cavanlıq şəkillərinə baxıb deyərdi: – “Pah atonnan, necə gözəl oğlan olmuşammış” – Sevda xanım ürəkdən güldü.

Elmira verilişin Məmməd tərəfindən necə qarşılandığını soruşdu:

– Çəkiliş çox xoşuna gəlib, ancaq “dahi” sözünə etiraz edir, – mənə dahi deməsinlər, mən hələ dahiliyə çatmamışam – deyir.

– Məmməd müəllim qoy etiraz etsin, bu sözü təkcə mən demirəm, 7 milyon Azərbaycan xalqının 90 faizi, demək olar ki, Məmməd müəllimə dahi şair deyir. Biz deyəcəyik, qoy dostlar sevinsin, paxıllar o məsələ. Cavab verdi  Elmira.

16-17 oktyabr – Naxçıvanın Bakıdakı nümayəndəliyindən bildirdilər:

– Naxçıvanın daimi nümayəndəliyindədir, Həsən Zeynalovdur, biz sabah Məmməd müəllimin ad gününü keçirmək istəyirik. O, neçə saat otura bilər? Biz camaata saat 2-də demişik.

– Həsən müəllim, iki saatdan artıq otura bilməz – cavabını verdim.

Aqil bizi nümayəndəliyə apardı, xudmani bir məclis idi. Həsən müəllim bildirdi ki, bu məclisin keçirilməsini Vasif Talıbov tapşırıb. Onun sizə kiçik hədiyyəsi var. Sonra gümüşü rəngdə iki at fiqurunu bağışladı. Görüşdə çoxları, o cümlədən Fəttah müəllim də çıxış etdi:

– Məmməd müəllim həmişə bizim diqqət mərkəzindədir – dedi.

Rəssam Safonov dedi ki, mən Heydər Əliyevin portretini çəkmişəm. Azərbaycanı və azərbaycanlıları çox sevirəm, hətta müsəlman olmağa da razıyam. Sonra Safonov Məmmədin rusca şeirlərini istədi, telefon nömrəmizi götürdü. Söz verdi ki, Məmmədin də portretini çəkəcək.

“Xəbərlər” və “Den” studiyasından çəkilişlər edildi.

20 oktyabr – Axşamüstü bir nəfər jurnalist gəldi, bildirdi ki, “Ulus” qəzetinin redaktoruyam, evin yerini öyrənməyə gəlmişəm. Bir dəstə naxçıvanlı gənclər sizin ad gününüzü təbrik etmək istəyir. Narahatçılıq olmaz ki?

– Məmnuniyyətlə qəbul edərəm – cavabını verdi Məmməd.

Axşama yaxın bir xeyli adam gəldi…

Moskva kanalına baxırdıq. Zuqanov dedi ki, gənclikdə şeir yazırdım.

– Məmməd, eşitdin, Zuqanov deyir ki, şeir yazırdım.

– Deyirəm axı, ona görə başı xarabdı…

4 noyabrƏgər cildlərin çapı reallaşsa, bütün cildlərin əvvəlinə “Ayağa dur, Azərbaycan”, “Bu millətin dərdi-səri”, “Bu millətə nə verdi ki?”, “Ya rəbbim”, “Ata millət, ana millət ağlama”, “Yaxşılar”, “Söznən zarafat eyləmə”  şeirlərimi salmaq lazımdır. Çünki bunlar mənim ana xəttimdir. “Xətainin qılıncını suvardım” var ki, bu fikirlər mənim devizimdir, Millət ağlasa sınar, ağlamaq əvəzinə gərək mübarizəyə qoşulsun, Xətainin qılıncına dönsün.

 Necə yaşamaq, zamanın arxlarını necə adlamaq, sınıq-salxaq körpüləri necə keçmək?.. Düşünsün! Bəs aclıq, yoxsulluq, ağır xəstəlik məngənəsində olan insanların taleyini kim oxuyacaq?  Əli baltalı nadanları, meşələrimizi 5-10 ilin içində çır-çırpıya döndərənləri kim görəcək? Bəs yalanın “aparıcı” qüvvə olduğu  bir zamanda zamanı kim yedəkləyəcək? Ölkəyə “süd arxları çəkdirən” vədəbazları yalan danışmaqdan kim çəkindirəcək? Bunları şair hamıdan əvvəl görür, şair ömrü adi ömür deyil, əsil şair öz ömrünü çox vaxt payız yarpaqları kimi küləklərə yem edir –   əlavə Məmməd.

13 noyabr – Kəndə getməyi qərarlaşdırmışdım. Səhər gördük ki, bərk yağış yağır. Məmməd sevindi:

– Belə havada ancaq axmaqlar evdən çıxar, onsuz da getmək istəmirdim, qalsın ayrı bir vaxta.

– Yaxşı, istəmirsən istəmə, ancaq Milli Məclisdəki çıxışlara bax. İbrahim adlı bir deputat YAP-dan çıxdığını elan etdi. Murtuz müəllim bərk hirslənib.

Bu məsələ Məmmədi güldürdü:

– Gülxanım, o partiyadan çıxan hansı partiya yaradır?

– “Namus” partiyası – cavab verdim.

14 noyabr – Yılmazın ən gözəl məşğuliyyəti əlinə keçəni sındırmaq, evi dağıtmaqdır. Başım Yılmaza qarışmışdı, Məmməd məni çağırdı. 12 noyabr Konstitusiya günü münasibətilə iki nəfər çıxış edirdi. Onlardan Rauf adlısı dedi:

– SSRİ-nin dağılması əslində çoxdan başlamışdı. Bizdə də azadlıq hərəkatına meyl çox idi. Artıq Məmməd Araz, Xəlil Rza, Bəxtiyar bu münbit şəraiti yaratmışdılar. Hərəkata liderlik etmək lazım idi. Onlar da yetişmişdilər.

O biri jurnalist isə bu azadlığı rusların özlərinin verdiyini söylədi.

17 noyabr – Dirçəliş günü  İsa müəllim bayramı təbrik etdi:

– M. Arazın poeziyasından, Ağalar müəllimin akademik fikirlərindən bəhrələnirik…

Sonra da “Təklənmə” şeirini oxudu.

Mübariz Tağıyev oxuyurdu, Məmməd onun sözlərinə irad tutdu:

– “Dumanlar, çənlər” demək olmaz

– Yəni cəmləşdirmək olmaz – eləmi?

– “ləri” artırmaq olmaz.

Əlimə belə bir misra keçdi: “Ulduzlu göyləri süpürüb dərələrə tökdülər”.

– Əla misradır, nə vaxt tamam olacaq?

Bir xeyli susduqdan sonra cavab verdi:

– Təsvirimdə belə bir kənddir,  onun ətrafında qurd ulaşmır, quzu mələrtisi, xoruz banı eşidilmir. Həmin misra bu təsvir etdiyim kəndə aiddir.

 Boşaldı kürsüdə hər iki sinə,

Bu ona döşədi, o buna dedi.

  Üçüncü adam isə hər ikisinə,

     Əl çaldı, yan aldı, təbrik elədi.

– Elə bil bu gün üçün yazmısan, deyəsən, o vaxtdan  ikiüzlü  adamları görmüşdün.

– Şeir həmişə müasir olmasa, o, şeir deyil…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…