Ukrayna prezidenti Volodimir Zelenski mövcud vəziyyətin müharibənin qışdan əvvəl bitəcəyi gözləntisini yaratmadığını söyləyərək əlavə edib: “Müharibə, çox güman ki, qış aylarına qədər davam edəcək”.
Tezadlar.az xəbər verir ki, Zelenski Ukraynadakı müharibəyə son qoymaq məqsədi ilə danışıqlar aparmaq üçün Kiyevə gələn ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner ilə birgə mətbuat konfransı keçirib.
Zelenski tezliklə ABŞ və Avropa ilə yeni bir görüş keçirmək barədə razılığa gəldiklərini, lakin görüşün Avropada, ABŞ-da və ya yenidən Ukraynada keçiriləcəyinin hələlik bəlli olmadığını bildirib.
Zelenski Uitkoff və Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşdüklərindən və bu gün Kiyevdə keçirdikləri təmaslardan sonra danışıqlar prosesini faktiki olaraq yenidən başlatdıqlarını söylədi və ən vacib həll olunmamış məsələnin ərazi məsələsi olduğunu və bu cür məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyini qeyd edib.
Zelenski müharibədən sonrakı Ukrayna üçün təhlükəsizlik və iqtisadi zəmanətləri müzakirə etdiklərini bildirib və təhlükəsizliyin güclü Ukrayna ordusuna əsaslandığını və zəmanətlərin yeni bir Rusiya hücumu ehtimalını aradan qaldırmalı olduğunu vurğulayıb.
Zelenski: “Xalqımızın bir az yaşaması üçün daha tez-tez gəlin”
Uitkoff və Kuşnerin səfəri zamanı Rusiya hücumlarının azaldığını xatırladan Zelenski deyib: “Siz hətta Patriot sistemindən daha yaxşı işlədiniz. Xalqımızın bir az yaşaması üçün daha tez-tez gəlin”.
Zelenski əlavə edib ki, mövcud vəziyyət müharibənin qışdan əvvəl bitəcəyinə dair gözlənti yaratmır və deyib: “Müharibə, yəqin ki, qış aylarında da davam edəcək”.
ABŞ-nin gələn il Patriot hava hücumundan müdafiə sistemləri üçün raket istehsalını artıracağına işarə edən Zelenski Ukraynanın əlavə sistemlər alacağını gözlədiyini vurğulayıb.
O, həmçinin Almaniyanın ABŞ lisenziyası altında raket istehsalını artırdığını və Kiyevin bu mövzuda lazımi razılaşmalara sahib olduğunu bildirib və gələn il Ukraynanın raketdən müdafiəsinin əhəmiyyətli dərəcədə gücləndiriləcəyinə inandığını bildirib.
Zelenski Ukraynanın yeni tip Rusiya reaktiv dronlarına qarşı öz müdafiə sistemlərini inkişaf etdirdiyini bildirib və əlavə edib ki, 67 Ukrayna şirkəti bu dronlara qarşı əks tədbirlər üzərində işləyir və onlardan 3-5-i nəticə verib və kütləvi istehsala hazırlaşır.
Zelenski Rusiyanın Ukraynanın şərqindəki qüvvələrini artırdığını iddia edib və Moskvanın yeni səfərbərlik elan edə biləcəyini irəli sürüb.
O, Ukraynanın son 10-12 ayda döyüş meydanındakı mövqeyini gücləndirdiyini və diplomatiya üçün fürsət yaratdığını qeyd edib, lakin qarşıda duran ən əhəmiyyətli çətinliklərin sərt qış və ordu, müdafiə sənayesi və humanitar xərclər üçün maliyyə boşluqları olduğunu qeyd edib.
Uitkoff danışıqlardan məmnundur
Trampın xüsusi nümayəndəsi Uitkoff həm Moskvada, həm də Kiyevdə keçirilən danışıqlardan məmnun olduğunu bildirib.
Uitkoff bildirib ki, Tramp şəxsən özündən və Kuşneri danışıqlar prosesini yenidən başlatmaq üçün Kiyevə getməyə dəvət edib və danışıqların yenidən başlamasının vacibliyini vurğulayıb.
ABŞ üçtərəfli danışıqlar formatına qayıtmaq istəyir
Kuşner bildirib ki, “ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlar formatına qayıtmaq istəyir. Bu format uzunmüddətli sülh danışıqlarında növbəti addım ola bilər”.
Kuşner Trampın münaqişələrin bitməsindən sonra başlayacaq çərçivə danışıqlarına nail olmaq istədiyini bildirib və Trampın ona və Uitkoffa yalnız müharibəni dayandırmayacaq, həm də uzunmüddətli sülhü təmin edəcək “sülh paketi” yaratmaq tapşırığı verdiyi barədə məlumatı paylaşıb.
Kuşner həmçinin dünənki Putinlə görüşü “konstruktiv” adlandırıb.
ELBAR







