Ötən əsrin əvvəlində – 1917-ci ilin fevralında Rusiyada baş tutan inqilab nəticəsində üç əsrədək hökmranlıq etmiş Romanovlar hakimiyyəti süquta uğradıqdan sonra elə həmin ilin oktyabrında V.İ.Leninin rəhbərlik etdiyi bolşeviklər silahlı çevrilişlə hakimiyyəti ələ keçirdilər… Və çox təəssüf ki, bolşeviklərin Rusiyada hakimiyyətə gəlişi Cənubi Qafqazda Azərbaycan üçün də təhlükə yaratdı. Nəticədə, Şərqdə ilk demokratik respublika – Azərbaycan Demokratik Respublikası 23 ay fəaliyyətindən sonra devrildi və ölkə bolşevik Rusiyası – XI Qızıl Ordu tərəfindən işğal edildi. Azadlığımız, xoşbəxtliyimiz uzun çəkmədi – 1918-ci il mayın 28-də qaldırılan üçrəngli bayrağımız 1920-ci il aprelin 28-də endirildi və əvəzində sovet rejiminin xalqa xoş gələcək, bərabərlik, kommunizm – “süd gölü” vəd edən, fəhlə və kəndlilərin birliyi kimi təqdim edilən qırmızı oraq-çəkicli bayrağı qaldırıldı. Bu bayraq Azərbaycan xalqının başı üzərində düz 70 il Damokl qılıncı kimi asıldı: minlərlə aydınları, vətənsevərləri, say-seçmə övladları onun qurbanına çevrildi. Nəhayət, 1991-ci ildə SSRİ-nin süqutu və xalqımızın dirənişi ilə Azərbaycan müstəqillik əldə etdi və üçrəngli bayrağını yenidən dalğalandırdı.
***
…Təqib, qorxu və cəza üzərində qorunan 70 illik sovet hakimiyyəti dövründə də hürriyyəti, üçrəngli bayrağını unutmayanlar, rus – sovet işğalına susmayanlar da yox deyildi. O zamanlar sovet-rus mətbəxinin ən populyar, həm də urvatlı yeməyi kimi tanınan borş və kotletinin arxasında böyük bir aclıq vardı – azadlıq aclığı. Bu, suya təşnə olmaq kimi idi. Bu, insana anasını unutdurmağa, keçmişini silib atmağa, kimliyindən, milliyyətindən imtina etdirməyə bərabərdi. Sovet rejiminə qarşı çıxmaq isə çox da asan deyildi. Elə onlar da çox deyildilər – şaxta-sazağa dözüb qar altından tək-tək baş qaldıran novruzgülü kimi xalqın da içində belə gözüaçıq, diribaş, kamil, azadlıq sevdalısı olan gənclər yetişir, daxilindəki nuru ətrafına yayaraq qaranlığa işıq saçırdı. Sovet ideologiyası, təbliğat maşını uzun illər xalqın ruhundakı, qəlbindəki azadlıq alovunu közərtsə də, söndürə bilməmişdi… Həmin dövrdə həm ölkə daxilində, həm də xaricdə müxtəlif gizli təşkilatlar, dərnəklər yaradılır – tələbələr, ziyalılar üzv olur, toplaşır, qərarlar alırdılar. Bu ilklərdən biri – 1942- ci ildə 8 milliyyətçi, antisovet, azadlıq ruhlu tələbəni özündə birləşdirən – Hacı Zeynalov, Aydın Vahidov, Gülhüseyn Abdullayev, İsmixan Rəhimov, Azər Ələsgərov, Musa Abdullayev, Kamil Rzayev və Kamal Əliyevdən ibarət “İldırım” Təşkilatı idi. İlk dəfə isə onlar barədə akademik Ziya Bünyadov məqalə yazıb və sonralar “Qırmızı terror” kitabında geniş məlumat verib. Sonradan bu təşkilat və onun üzvlərinin taleyi haqqında mətbuatda məqalələr dərc edilib, eyni zamnda sənədli filmlər çəkilib.
***

…Belə şəxslərdən biri də dissident, bayraqdar, vətən fədaisi Cahid Hilaloğludur, hansı ki, onun həyatı ilə bağlı mətbuatda geniş araşdırmaya rast gəlinmirdi. Sonralar tarix elmləri doktoru, professor Nəsiman Yaqublu AXC-nin tədqiqi ilə məşğul olmuş və 2018-ci ildə dərc etdirdiyi “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası”nda (səh:245-248 – red.) Cahid Hilaloğlu barədə məqaləsi yer almışdır.
Bu gün haqqında söz açacağımız Cahid Hilaloğlu (Şirinov) 1957-ci il 28 may günü (bəzi mənbələrdə 1956-cı il – red.) Qız Qalasına qalxaraq Cümhuriyyətin 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı dalğalandırıb… Və buna görə də düz 10 il Vətəndən uzaqda ağır sürgün həyatı yaşayıb və bu azmış kimi, azadlığa çıxdıqdan ömrünün sonunadək SSRİ “KQB”-si tərəfindən təqib edilib, incidilib, səfalət içərisində yaşayıb.
Vaxtilə “Təzadlar” qəzetində də onun haqqında məqalə dərc edilmişdir. Lakin ictimaiyyətə, elə bizim özümüzə də bu barədə çox az faktlar məlum idi…
***
Bir müddət əvvəl ədəbiyyatşünas alim, akademik Rafael Hüseynovun “Mədəniyyət” kanalında C.Hilaloğlu haqqında söz açması və eyni zamanda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın Cahid Hilaloğlunun barəsində paylaşımında atası olduğunu qeyd etməsi ictimaiyyət tərəfindən maraqla qarşılandı, geniş rezonans yaratdı və bu, bizim hərtərəfli araşdırma aparmağımıza rəvac verdi. Barəsində dərc etdiyimiz kiçik bir xəbər isə yolumuza işıq tutdu. Beləliklə, “Təzadlar” ilk olaraq Cahid Hilaloğlunun harada dəfn olunduğunu araşdırmaqla qohumları ilə əlaqə yaratmağa, onlar vasitəsilə dəfn olunduğu məzarın yerini öyrənməyə, həm də Xalq artisti Naibə Allahverdiyeva ilə video- müsahibə almağa nail oldu.

Beləliklə, Cahid Hilaloğlunun həyatının bizlərə məlum olmayan səhifələrini bir-bir vərəqlədik…
Xalq artisti Naibə xanım Allahverdiyeva atası ilə bağlı indiyədək heç bir yerdə danışmadığı xatirələrini bizimlə bölüşdü:
“…Uzun illər Cahid Hilaloğlu unudulmuş insan təsiri bağışlayırdı və bu, mənə qızı olaraq pis təsir edirdi. Ara-sıra məqalələr dərc edilirdi, lakin heç kəs dərindən maraqlanmır, onun taleyinə, yaşadıqlarına biganə yanaşılırdı.
Bu günlərdə sosial media hesabımda Cahid Hilaloğlu barədə paylaşım etdim və onun atam olduğunu açıqladım. Bu, akademik Rafael Hüseynovun Cahid Hilaloğu haqqında etdiyi çıxışı ilə üst-üstə düşdü. Bundan sonra mənə çoxlu zənglər gəldi: niyə indiyədək susduğumu soruşurdular… Amma mən əslində susmamışdım…
Onun haqqında paylaşımlar edirdim, lakin atam olduğunu yazmırdım. Onun, sadəcə, Vətənini çox sevən və buna görə bütün həyatını qurban verən qəhrəman oğlu kimi tanınmasını, xatırlanmasını, unudulmamasını istəyirdim. O atam olmazdan öncə bu Vətənin oğlu idi. Əvvəllər bunu özümü reklam etmək, nəsə ummaq kimi yozulacağını düşünürdüm… İndi Xalq artistiyəm. Xalq məni tanıyır, sənətimə bələddir. Dövlətimizdən, sadəcə, atamın adının əbədiləşdirilməsini, çəkdiyi əzab-əziyyətin dəyərləndirilməsini istəyirəm. Yəqin ki, bəzi məsələlərlə bağlı əlaqədar şəxslər də lazım olan addımları atacaqlar.
Bildiyiniz kimi, atam 1928-ci ildə Ağdam şəhərində anadan olub. Çox kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüblər. Atası Hilal baba neft mədənlərində işləyib. 1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirdikdən sonra o zamanlar Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. Sovet rejimini qəbul etməyənlərdən, ADR-ın süqutu ilə barışmayanlardan idi.
Təhsil aldığı dövrdə özü kimi düşünən tələbələrlə birlikdə dərnək yaradırlar – görüşlər keçirirlər, müxtəlif üsullarla mübarizə aparmağı planlaşdırırlar. 1952-ci ildə institutu bitirərək M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlayan atam teatrda çalışdığı müddətdə də siyasi fəaliyyətindən əl çəkmir. Sovet rejiminə ən sərt etirazını isə 1957-ci il mayın 28-də Azərbaycanın üçrəngli bayrağını Qız Qalasına sancaraq bildirib. Sonra isə çox uzun – 10 il ağır sürgün həyatı… O, cəzasını Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində, əslində isə siyasi məhbusların göndərildiyi qapalı həbsxanada çəkib.
Cahid Hilaloğlu daxilən saf, təmiz qəlbli, eyni zamanda əqidəli, dürüst, iradəli insan idi. Onun kimi insanlar milyonda bir doğulurlar və ölməzliyə ucalırlar. Bu sözləri qızı olduğum, onunla can bağım olduğu üçün demirəm. Ona hər baxanda düşünürdüm ki, onda Qız Qalasına bayrağımızı sancacaq qədər cəsarət hardandı? 28 yaşlı gənc bir teatr rejissoru olaraq uğurlu karyerandan imtina edəsən, sovet hökumətinə qarşı çıxasan və hər əzabı gözə alaraq bu addımı atasan… Bunu o dövrdə neçə gənc edə bilərdi?! İndi düşünürəm ki, bu, Vətənə qarşı böyük bir eşq idi. Yalnız Vətən sevgisi insana bu boyda cəsarət verə bilərdi.
Çox savadlı idi – 5 dil bilirdi. Quranı üzündən oxuyardı. İnsanlar dua edəndə özünü və ətrafındakıları dilə gətirirlər. İnanın ki, onun ilk sözü “Allahım, Vətənimi, millətimi qoru!” idi. Bu, qeyri-adi görünə bilər, amma onun bənzərsizliyi də bunda idi. Hərdən sürgün həyatından danışardı. Onun sürgün həyatı çox dəhşətli keçib. Sovet rejimi üçün ən qorxulu insan – “Vətən xaini” sayılırdı. Ona görə ağır işgəncələrə məruz qalıb.
Bizimlə söhbətində başına gələnləri xatırlarkən deyirdi ki, dişlərini dəmir xətkeşlə sındırıblar. Barmaqlarının hamısı əyri idi. Səbəbini belə izah edərdi: “…Sürgünə göndərildiyim ilk gün kök, hündürboy, sarıyanız bir adamın yanına aparıldım. Çox acıqlı idi. Bayrağı hansı əlimlə taxdığımı soruşdu. Əmr etdi ki, hər gün əllərimin bir barmağını sındırsınlar. Hər gün bir barmağımı sındırırdılar. Deyirdilər ki, Azərbaycanın müstəqilliyi sözünü dilinə gətirmə. Bu sözü dedikdə, dilimi qoparacaq qədər dartıb çıxarırdılar. Sonra rezin torbaya salıb sıxırdılar. Həkim saatına baxar, nəfəsim kəsilməyə bir dəqiqə qalmış torbanın açılması əmrini verərdi”.
Hər adam bu əzaba-işgəncəyə tab gətirib sağ qala bilməzdi, amma daxili inamı o qədər güclü olub ki, o sağ qala bilib. O qədər işgəncələr verilibmiş ki, sürgündən dönəndə qapıdan içəri girə bilmirmiş – çox şişibmiş…”.
…Gözləri dolan Naibə xanım bildirir ki, atası ona verilən əzab-əziyyətdən heç də yanğı ilə bəhs etməzmiş:
“Ən qəribəsi, insan acı keçmişindən, başına gəlmiş müsibətlərdən, iztirablardan danışanda adətən gözləri dolar, kədərlənər, amma onda əksinə idi: çökmüş gözləri parıldayardı, sanki işıq yanırdı, sanki çəkdiyi əzablarından danışmırdı… O, mübarizə apardığı amalın böyüklüyündən danışırdı. “Mən (Cahid Hilaloğlu – red.) bu arzumu həyata keçirmək istəmişəm və etmişəm – bu bayrağı sancmışam istədiyim uca nöqtəyə. Çıxdığım yoldan geri dönməmişəm” deyirdi”.
Söz düşmüşkən, Naibə xanımdan Cahid bəyin AXC-nin bayrağını necə əldə etməsini soruşuram, çünki həmin dövrdə kimdəsə bu bayrağın olması və olsa belə, etibar edib kiməsə verməsi ağlabatan deyildi…
Naibə xanım bildirir ki, atası bayrağı öz əllərilə tikib:
“Təsəvvür edirsiniz, parçaları əldə edib, sonra evə gəlib. O zaman pəncərələr həm də taxta pəncərə ilə ikiqat örtülürmüş. Kimsə görməsin deyə otağın pəncərələrini bağlayıb və qadağan edilmiş bayrağımızı tikib.
…Atam əslində bu ideyanı təkbaşına gerçəkləşdirməməli imiş. Onunla bir yerdə başqa həmfikirləri, ideya yoldaşları da olub. Deyirdi ki, bayrağı aparanda yanında 3-4 nəfər olub. Böyük coşqu ilə bayrağı açıb “Haydı, igidlərim, haydı!” deyib, amma geri dönəndə arxasında heç kimi görməyib… Meydanda tək qalıb… Onlar arasında sonradan Xalq yazıçısı, məşhur bəstəkar olanlar da varmış… Adlarını açıqlamaq istəmirəm. Bəzi məşhur, xalqın sevimlisi olan şəxslər istintaqda onun əleyhinə izahat veriblər, üzünə durublar (Naibə xanım o adları ictimaiyyətə açıqlamasa da, Hilaloğlu ilə yaxın münasibətdə olan şəxsdən öyrənə bildik – red.). Yəqin o dövrün tələbi belə imiş… Lakin atam geri dönməməyə qərar verib və “ölsəm də, yolumdan dönməyəcəyəm” – deyərək Qız Qalasına qalxıb. Üzərinə düşən bu şərəf məsələsi olan missiyanı yerinə yetirib”.
Naibə xanım qürurla bildirir ki, insan var, tarixdə qalmaq üçün yaşayır, insan da var, tarix yazmaq üçün yaşayır:
“Bəli, o bilirdi başına nələr gələcək, amma amalından geri dönmədi. Yadımdadır, Bakıda mitinqlər başlayanda anam atama deyərdi ki, “getmə, sən gərək indi suyu da üfürə-üfürə içəsən”. O isə cavabında “mən suyu üfürüb içsəm, içimdəki o yanğı sönə bilər – sən onu istəyirsən?” – deyərdi. Bax, belə qəribə, həm də unikal insan idi. Onun heç zaman ağlamayan gözləri, hər söhbətinin sonunda söylədiyi bu şeiri söyləyərkən dolardı:
“Torpağı məxmər, suyu mərcan,
Azərbaycan! Azərbaycan!
Hər daşın bir tarixdir,
Azərbaycan, Azərbaycan!”
Çox bəlağətlə danışmağı, şeir deməyi vardı – özü rejissor idi axı… Hə, bir də ətrafında olan yaxın bildiyi insanların, vaxtilə həmfikir olduğu şəxslərin üzüdönüklüyündən çox kədərlənərdi. Bir Vətəndən, bir də belələrindən danışanda qüssələnərdi. Amma müstəqil olacağımıza o qədər əmin idi ki… Bir dəfə Tbilisinin küçələrində dolaşarkən mənə dedi ki, bir gün Azərbaycan Rusiyadan qopacaq, yenidən müstəqil dövlət olacaq. Bu elə dövr idi ki, kimə desəydin, təəccüblənərdi. Mən də komsomolçu, sovet məktəblisi – ADR haqqında real faktlardan xəbərimiz belə yox idi. Tarix dərsləri sovet dövrünün tələblərinə uyğun yazılmışdı. Kimsə bu barədə danışa belə bilməzdi. Təbii ki, mən də buna inanmadım. Amma sən demə, o, artıq hiss edirmiş ki, bu gün uzaqda deyil…”
Müsahihibim atasının həbsxanadan sonrakı həyatının da cəza evindən fərqli olmadığını deyir:
“Sürgündən döndükdən sonra da həyatı çox əzablı oldu. Sürgündə bilirdi ki, həbs ediblər, cəza çəkir. Geri döndükdən sonra ona qarşı olan münasibət onu xəncər yarasından da pis yaralayırdı. Hara, kimə üz tuturdusa, geri qaytarılırdı. Adını çəkməyəcəm, çünki xalq onu sevir, tanınmış simadır. Həmin adama çox güvənirdi. İstədi yanında işə düzəlsin. Lakin onu qəbul belə etmədi, qapıdan qaytararaq deyib ki, “o adam bura gəlməsin, xalq düşmənidir”…
“Vətən xaini” elan edilmişdi. İş verən yox idi. Ailəsini dolandırmaq üçün dəniz donamasına 3-cü dərəcəli aşpaz vəzifəsinə işə düzəldi – o da min bir minnətlə. Vaxtilə sındırılaraq əyilmiş barmaqları evə gələndə yanmış halda olurdu… O əllər ki, bir zamanlar Azərbaycanın bayrağını ucaldıb… Bayrağı yüksəldən əl unudula bilər, amma o əllərin cəkdiyi əzab tarixdən silinməz..
Bəzi mənbələrdə sürgündən döndükdən sonra onun müxtəlif teatrlarda çalışdığı barədə yazılıb. Amma deyilən teatrlarda da qısa müddətə çalışa bilirdi. Çünki haqsızlığa susa bilmirdi, düşündüyünü, fikirlərini dilə gətirirdi, yaxud da sözlərini müxtəlif yerə yozardılar …
İndi görürəm ki, çox adamlar onun haqqında danışmaq istəyir, halbuki həmin şəxslər zamanında onu saymayıblar, hətta aşağılayırdılar. Bəzi şəxslər ona salam verməyə belə qorxurdular. Çox çətin idi ona. Biz bunun şahidi idik. Bütün qapılar üzünə bağlı idi. Təklənmişdi… Amma o bu dünyaya kişi kimi gəldi, kişi kimi də ömür sürüb getdi. Hər ay “KQB”-yə çağırırdılar və “dilindən kağız alırdılar”, nəsə orda yazardı… Sahə müvəkkili də daim ətrafımızda dolaşardı. Hər “KQB”-dən qayıtdıqda boğazı şarfla örtülü olurdı. Həmin şarfı açmazdı, soruşduqda boğazı ağrıdığını deyərdi. Bir dəfə gördüm ki, boğazında əl izləri var. Sən demə, onu orada boğurlarmış… Həyət evində yaşayırdıq. Əlüzyuyan həyətdə idi. Gələndə üzünü yuyub, öz otağına keçər və daim nəsə yazardı. Amma nə yazdığını bilməzdik…
Yaxşı yadımdadır, bir dəfə atam evə üst-başı qan içində gəlmişdi. Qorxduğumu görüb “Ceyran bala, aslanı yaralayıblar” deyə zarafat etdi, baş verənləri tamamilə başqa cür izah etdi… Mən isə onun çağırılaraq işgəncə verildiyini bilirdim, lakin dilə gətirmirdim… Bilirdik ki, yenə kiminsə yanında nəsə danışıb, onu da çağırıb belə hala salıblar… Bu cür üsullarla onu susdurmağa çalışırdılar.
Belə günlərin birində anam ona “Daha danışma, sus, axırda bizi də tutub aparacaqlar” dedi. Ondan sonra anama söz verərək dedi ki, Bilqeyis xanım, bir daha heç nə danışmayacam… Və danışmadı da…
Atam məni çox sevərdi. Məni heç vaxt öz adımla çağırmazdı – “Ceyran bala” deyərdi. Bir rejissor olaraq mənim aktrisa kimi sənət aləmində yüksəkliyə ucalacağım barədə proqnoz verərdi, istedadımı yüksək dəyərləndirərdi. Gələcəyimlə bağlı arzuları, xəyalları çox idi… Mənim sənətə gəlişimdə də onun rolu böyük olub. Bu sənəti mənə o sevdirib.
…O qədər təqibə, haqsızlığa məruz qalmışdı ki, taleyimlə bağlı əndişələnərdi. Elə buna görə öz soyadını belə mənə verə bilmədi. Halbuki mənim onun soyadını daşımağımı çox arzu edərdi. Yaşadıqlarının mənim gələcək həyatıma kölgə salmaması naminə bu arzusu da ürəyində qaldı…”
Naibə xanım dərindən ah çəkir və bildirir ki, atasının onun bu günlərini görməsini, eyni zamanda müstəqilliyimizə şahidlik etməsini çox istərdi:
“Sonradan Bakıdan Ağdam Dram Teatrına üz tutdu. Anam orada onunla birlikdə yaşayırdı. Ara-sıra Bakıya gələrdi. 1991-ci il mayın 30-u idi – həmin o dəhşətli hadisə anam Bakıda olarkən baş verdi. Kimin yanında nə danışıb, nə demişdisə… nömrəsiz “Moskviç” markalı avtomobillə onu vurmuşdular… Hadisədən sonra Ağdama getdim. Dəfnə hazırlaşırdılar. Lakin buna mane oldum və ekspertizadan keçirilməsinə nail oldum. Bədənində gömgöy izlər, əziklər vardı. Elə bil dəmirlə döyülmüşdü. Mənə ekspertizadan sonra bildirildi ki, bədənində sınmayan sümüyü yox imiş… Düşünürəm ki, onu döyüb, sonra nömrəsiz maşınla vurmuşdular. Mən o vaxt rəisin də qəbuluna getdim və cinayəti törədən şəxsin aşkara çıxarılmasını istədim. Lakin rəis mənə bidirdi ki, nömrəsiz maşındı və ürəyim istəyirsə, tapım, onlar da həbs etsinlər… Bəli, mən də həmin məsələdə çox gücsüz idim. Həm də bu elə dövrə təsadüf edirdi ki, ölkədə vəziyyət gərginləşmişdi, ermənilər ayağa qalxmışdı. Hamı başını itirmişdi. Hadisə ilə bağlı hər hansı fəaliyyətim, nəsə tələb etməyim qeyri-mümkün idi.
Atamı Ağdamın Mərzili kəndində dəfn etdik. Orda qohumları vardı. Uzun illər Mərzilidə kolxoz sədri işləmiş Həsən Əliyev onun bibisi oğlu idi. Hazırda qızı İradə xanım İsveç Regional Parlamentin deputatı və ölkənin ən nüfuzlu Sosial Demokratlar Partiyasının üzvüdür. Elə ailə məzarlığında da dəfn edildi. Atamın baş daşını qara mərmərdən hazırlatdırmaq istəyirdim. O zaman pulum çatmadı. Anam dedi ki, müvəqqəti olaraq ağ mərmərdən hazırlatdıraq. Sonra ürəyimiz istəyən kimi düzəltdirərik. Daha sonra da müharibə başladı. Atamın qəbrini bir daha ziyarət etmək mənə nəsib olmadı. Hamı kimi Mərzili sakinləri də yurd-yuvasından köçkün düşdü. Mənim qohumlarla əlaqəm kəsildi. Torpaqlar işğaldan azad edildikdən sonra uzun müddət ərazilər minalardan təmizləndi. Yəni ora ayaq basmaq mümkün deyildi. Mən də çoxu kimi düz 35 il o torpaqlara gedə bilmədim. Məlum olduğu kimi, ermənilər şəhər və kəndlərimizi yerlə-yeksan etdikləri kimi qəbiristanlıqlarımızın da altını üstünə çevirmişdilər. Ona görə düşünürdüm ki, bəlkə də atamın məzarını da tapa bilməyəcəyəm. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə təşəkkür edirəm ki, atamın qəbrinin yerini öyrəndi və fotoşəkillərini mənə göndərdi. Mən indi çox sevinirəm ki, nə yaxşı ki, o zaman baş daşını qara mərmərdən düzəltdirməmişik. Ermənilər onu da söküb aparacaqdı və biz onun məzarını çox çətin ki, tapa biləydik. Biz sizinlə birgə işğaldan azad edilmiş o torpaqlara ziyarət edəcəyik və mən 35 il həsrətini çəkdiyim atamla bir daha görüşəcəm”.
***
…Budur, Naibə xanımla sözləşdiyimiz kimi, Ağdama – Mərzili kəndində dəfn edilmiş atasının ziyarətinə yola düşürük.
Naibə xanım bu səfərə aktyor yoldaşı, teatrın Həmkarlar Təşkilatının sədri, Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti İlham Əsədovla birgə çıxır. Məzarlıqda Naibə xanımı məxsusi olaraq Bakıdan bu ziyarəti onunla birgə gerçəkləşdirmək üçün gedən qohumları qarşılayırlar. Onların arasında “Təzadlar”a Cahid Hilaloğlu ilə bağlı məlumatı verən qohumu – Vahid Qasımov da vardı. Öncə “Şəhidlər Xiyabanı”nı, sonra Azərbaycanın bayraqdar oğlu, dissident Cahid Hilaloğlunun qəbrini ziyarət edirik. Ermənilər onun sinə və baş daşını sındırsalar da, parçaları yerində idi. Qohumları Cahid bəyin Qız Qalasında əlində bayraq tutmuş rəsmini çəkdirmiş və Azərbaycan bayrağı ilə qəbrinin üstündə sancmışdılar. Naibə Allahverdiyeva da atasının uğrunda bütün həyatını qurban verdiyi Azərbaycanın üçrəngli bayrağını da ona hədiyyə apamışdı. Artıq bu bayrağı heç kəs ondan qoparıb ala bilməzdi.


Torpaqların işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulayan Xalq artisti Naibə Allahverdiyeva Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürünü dilə gətirdi. Nəhayət, illər sonra atasının məzarını ziyarət etdiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirdi.

Sonra Naibə xanımla atasının son illər çalışdığı Ağdam Dram Teatrının dağılmış binasını da ziyarət edirik. Ağdam Cümə məscidində dualar edib Xankəndiyə yollanırıq. Naibə xanım ilk dəfə idi ki, işğaldan azad olunmuş şəhər və kəndlərimizə səyahət edirdi. İllərlə atasının nisgili, qəbri ilə bağlı müəmmalı xəbərlər onun sanki əl-qolunu bağlamışdı. İndi isə səhhətindəki problemlərə baxmayaraq, Qarabağı qarış-qarış gəzmək istəyirdi. Və bu ziyarətində də biz onunla birgə olduq. Şuşa səfərindən sonra Laçına yola düşdük. Dayanmadan yağan yağış sürüşkən, hələ təmir gedən dolanbac dağ yolları ilə səfər isə Xalq artistinə o qədər də rahat başa gəlmədi. Belə yolların nabələd sürücüsünün səhhətindəki problemlər yenidən özünü büruzə verdi. İllər öncə çəkiliş zamanı ayağından aldığı zədə daha da şiddətləndi. Lakin yolu geri qayıtmaq istəmədi. Və nəhayət, sonda Xankəndidəki Qarabağ Universitetini ziyarət edərək Bakıya qayıtdıq. Oxucularımıza Naibə xanımın bu səfər zamanı yaşadığı səhhət problemləri barədə geniş məlumat vermək istəmirəm. Amma onun bu ziyarət zamanı hər xanımın tab gətirməyəcəyi yüksək dözüm nümayiş etdirməsinin şahidi olduq. O, şəhər və kəndlərdə tamaşaçıları, sevənləri ilə qarşılaşan zaman onları dinləyir, xoş söhbətlər edir, şəkil çəkdirmək, avtoqraf almaq istəyənlərə “yox” demir, Cıdır Düzündə rəqs edir, şeir deyir… bütün ağrılarını çöhrəsindən silinməyən təbəssümü arxasında gizlədərək büruzə verməməyə çalışırdı.
Ona baxdıqca düşünürdüm ki, bəlkə də bu iradəsi cəsur, dözümlü bir şəxsin övladı olaraq böyüməyin avantajıdır…
Yasəmən Məmmədli
P.S. Naibə xanımın özünün Facebook səhifəsində paylaşdığı bu sözlər diqqətimi çəkdi: “Sənin ruhun qarşısında borcumu yerinə yetirməyə calışacam, amma bunun öhdəsindən nə dərəcədə gələ biləcəyimi bilmirəm, ata…”.
Düşünürəm ki, Naibə Allahverdiyeva Cahid Hilaloğlu qarşısında övladlıq borcunu yerinə yetirdi və aidiyyəti dövlət qurumlarına da səsləndi. Qaldı onun səsinə səs verərək bayraqdar Cahid Hilaloğlunun qəbirüstü abidəsinin hazırlanması və adının əbədiləşrilməsi üçün müvafiq addımlar atılması. Çünki Hilaloğlunun simasında xalq sözün həqiqi mənasında öz qəhrəmanlarını, Vətən fədailərini unutmamalıdır.
Qeyd edim ki, “Təzadlar”ın çəkilişindən sonra artıq Cahid Hilaloğlunun qəbri insanlar tərəfindən ziyarətgaha çevrilib.











