Əsas məzmuna keç

Naxçıvanda Beynəlxalq Tibb Günləri başlayıb

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı, Ankara Universiteti (Türkiyə), Avrasiya Qastroenteroloji Cəmiyyəti (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026-nın açılış mərasimi baş tutub.

Tezadlar.az xəbər verir ki, Beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Avropa, Amerika və türkdilli ölkələrdən tanınmış alimlər, həkimlər, tibb sahəsinin mütəxəssisləri, rezident və tələbələr iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Rektor Naxçıvan Dövlət Universitetində tibb sahəsi üzrə müxtəlif elmi və praktiki tədbirlərin keçirilməsinin artıq ənənə halı aldığını diqqətə çatdırıb. Elbrus İsayev NDU-da tibb təhsilinin inkişaf mərhələlərindən söz açaraq universitetin Tibb fakültəsinin məzunlarının ölkədə və xaricdə uğurla fəaliyyət göstərmələrinin qürurverici olduğunu bildirib. Rektor müasir tələblərə cavab verən tibb təhsil modelinin formalaşdırılması, tibbin inkişafı və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb, bu sahədə həyata keçirilən layihə və təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxışında Naxçıvan Dövlət Universiteti ilə səhiyyə müəssisələri arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində NDU tələbələrinin muxtar respublikanın müxtəlif xəstəxanalarında praktiki təcrübə keçməsi, birgə maarifləndirici tədbirlərin təşkili və tibb sahəsində bilik mübadiləsinin aparılması regionda səhiyyənin inkişafına mühüm töhfə verir.

Tədbirdə Avrasiya Qastroenteroloji Dərnəyinin sədri Yasemin Balaban, Azərbaycan Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin prezidenti Lalə Allahverdiyeva, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri Çingiz Rəhimov, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Respublikasının baş onkoloqu Azad Kərimli, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İB-nin sədri Müşviq Həsənov və Qastrointestinal Cərrahi Dərnəyinin sədri Erdal Birol Bostancı da çıxış ediblər. Çıxışlarda I Naxçıvan Beynəlxalq Tibb Günlərinin tibb mütəxəssisləri, alimlər və tələbələr arasında təcrübə və elmi fikir mübadiləsinin aparılması, yeni tibbi yanaşmaların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ardınca tədbirin təşkilinə göstərilən dəstəyə görə bir sıra iştirakçılara təşəkkür plaketləri təqdim olunub.

I Naxçıvan Beynəlxalq Tibb Günlərinin açılış mərasimi NDU Konservatoriyasının müəllim və tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb. Azərbaycan musiqisinin bir sıra nümunələrinin səsləndirildiyi proqram iştirakçılarda xoş ovqat yaradıb və alqışlarla qarşılanıb.

Qeyd edək ki, I Naxçıvan Beynəlxalq Tibb Günləri çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, müxtəlif beynəlxalq kurslar, master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar, elmi təqdimatlar və tələbə sessiyaları keçiriləcək. Həmçinin üç gün ərzində ödənişsiz tibbi aksiyalar təşkil olunacaq. Tədbir çərçivəsində ümumi cərrahiyyə, onkologiya, endoskopiya, radiologiya, mama-ginekologiya, anesteziologiya və reanimatologiya, uşaq, plastik və rekonstruktiv cərrahiyyə və digər tibbi istiqamətlər üzrə aktual məsələlər müzakirə ediləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…