Sevgili Mehmet, eşitdim məndən incimisən. Səbəbini də öyrəndim: 24 sentyabr 2026-cı ildə İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdiyi zaman Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşı zalı tərk etməyib.
Tək bu fakta görə inciyib telefon zənglərimə də cavab vermirsən, küskünlüyünü sosial media hesabından büruzə verirsən. Məni daha çox üzənsə budur ki, səndən fərqli olaraq, bəzi Türkiyə vətəndaşları bu məsələdən müttəfiqliyimizi sarsıtmaq, Azərbaycana və azərbaycanlılara qarşı kin qusmaq üçün istifadə etməyə başlayıb.
Sizdə də, bizdə də belə bir atalar sözü var: könül umduğu yerdən küsər. Mən də məsələyə əvvəlcə bu prizmadan yanaşmaq istədim. Amma sosial mediada Azərbaycan və Türkiyə vətəndaşlarının bir-birinə girdiyini ürək ağrısı ilə müşahidə etdikdən sonra sənə bu məktubu yazmaq qərarına gəldim.
İkimiz də bilirik ki, Amerikadan Avstraliyaya qədər bütün dünyada diplomatlar məmur olaraq özbaşına addım atmazlar, rəhbərlikdən gələn əmri yerinə yetirərlər. Azərbaycanın BMT-dəki nümayəndəliyinin gənc əməkdaşı da bu cür davranıb. Onun yerində Azərbaycanın BMT-dəki səfiri otursaydı, inciməyini bəlkə də başa düşərdim. Amma əmr qulu olan gənc adamı doğulduğuna peşman etmək cəhdləri nəyə yarar ki?
Sən bilirsən ki, dünyada Türkiyə-Azərbaycan müttəfiqliyinin bənzəri və analoqu yoxdur. Ölkələrimiz də, prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev də tarixi Şuşa Bəyannaməsinin tələbinə uyğun olaraq xarici siyasətlərini hər zaman uzlaşdırdıqlarını dəfələrlə bəyan ediblər. Netanyahu çıxış edərkən həmin gənc diplomatımızın orada oturmasının Türkiyə ilə razılaşdırılmadığını nədən bilirsən? Və bilməyə-bilməyə faktı niyə elə təqdim edirsən ki, sanki Netanyahu çıxış edərkən hamı zalı tərk edib, bircə Azərbaycan nümayəndəsi onu dinləyib? Axı zalı tərk edən ölkələrin sayı 70-dən, tərk etməyən ölkələrin sayı isə 120-dən çox olub.
Ermənistanın Robert Koçaryan və Serj Sarkisyan adlı iki prezidenti olub. Onlar Qarabağ erməniləri idilər. Azərbaycan torpaqlarını işğal edəndən sonra gedib Ermənistanı da işğal etmişdilər. Bəbək qatili Abdullah Öcalan sizin üçün kimdirsə, onlar da bizim üçün odur. Hər ikisi beynəlxalq tribunalardan Azərbaycan ərazilərinin işğalında iştirak etdiklərini və bununla qürur duyduqlarını bəyan edərdi. O zamanlar Türkiyə təmsilçiləri zalı tərk etməzdilər, biz də buna görə onlardan inciməzdik. Əksinə, özümüz zalı tərk edərkən onların çıxışları haqqında məlumatları türkiyəli qardaşlarımızdan alardıq.
İkinci Qarabağ müharibəsində Azərbaycana ən böyük dəstəyi Türkiyə verib və burada təəccüblü heç nə yoxdur. Axı bir millət – iki dövlət elə bu cür olur: Çanaqqalada çiyin-çiyinə savaşdıq, Sarıqamışda birlikdə donduq, Nargin adasındakı əsir Osmanlı əsgərlərini qaçırıb Türkiyəyə yola saldıq, Bakını işğaldan azad etmək üçün İstanbuldan Qafqaz İslam Ordusunun göndərilməsini istədik, Qurtuluş savaşında Atatürkün borc istəməsinə qarşılıq “qardaşın qardaşa borcu olmaz” deyərək neft, mazut və qızıl göndərdik, 70 il sovet işğalı altında Türkiyə həsrəti ilə alışıb yandıq, 20 Yanvar 1990-cı ildə sovet əsgərləri bizi qanımıza qəltan edəndə Azadlıq meydanında Türkiyə bayrağı qaldırdıq, Naxçıvanımız bu qətliama etiraz əlaməti olaraq SSRİ tərkibindən Qars müqaviləsinə əsasən çıxdığını elan etdi, Heydər Əliyevin rəhbərliyi ilə neftimizi dünyaya ixrac etmək imkanımız yaranarkən boru kəmərinin Türkiyədən keçməsi üçün neçə çevriliş və qiyama sinə gərdik, zəlzələdə və meşə yanğınlarında çağırış gözləmədən yardıma gəldik.
Bilməyini istəyirəm ki, biz heç vaxt Türkiyədən küsməmişik – nə Qurtuluş savaşı zamanı Atatürk Lenindən yardım almaq üçün Azərbaycanın sovetləşdirilməsinə razılaşanda, nə Stalinin tələbi ilə Məhəmməd Əmin Rəsulzadə Türkiyədən deport olunanda, nə 1990-cı ilin 20 Yanvar qətliamı zamanı Turqut Özal “onlar şiədirlər, dəstəyi də İrandan gözləsinlər” açıqlamasını verəndə, nə də Kəlbəcərin işğalı zamanı Prezident Elçibəyin qadın və uşaqları çıxarmaq üçün istədiyi dörd helikopteri verməyəndə.
Gəl yaddaşımızı bir az da təzələyək. 24 aprel 2014-cü ildə Praqada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının beş illiyinə həsr olunmuş sammit keçirilirdi. Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan təqvimə söykənərək Türkiyənin iştirak etmədiyi həmin toplantıda 1915-ci il olaylarını və Türkiyə ilə bağlı məsələləri gündəmə gətirmiş, tarixi yalanlarla iştirakçıları aldatmağa çalışmışdı. Xoşbəxtlikdən Azərbaycan Prezidenti İlham Əliyev oradaydı və ona dillər əzbəri olacaq cavab vermişdi: “Türkiyə burada yoxdur, mən buradayam və cavabınızı verəcəyəm”. Bundan gözəl qardaşlıq cümləsi, bundan ötə siyasi jest varmı?
Əziz Mehmet, nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan ərazisində yüz illərdir yəhudilər yaşayır və azərbaycanlılarla onlar arasında nə etnik, nə də dini zəmində heç vaxt münaqişə olmayıb. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri ilə də eyni münasibətimiz olub. Bu da Azərbaycanın multikultural, xalqımızın tolerant xarakterindən irəli gəlib. Elə bu xoş münasibətin nəticəsi idi ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycandan dünyanın müxtəlif ölkələrinə köçmüş yəhudilər hələ diasporu olmayan gənc ölkəmizin dünyadakı haqq səsi olmağı könüllü olaraq öz üzərlərinə götürmüşdülər.
İkinci Qarabağ savaşında Türkiyə ilə yanaşı, Pakistan və İsraildən də müttəfiq dəstəyi görmüşük. Üzərindən altı il keçsə də, biz dostlarımızı da, müttəfiqlərimizi də unutmuruq. Və sən də unutmamısansa, 2026-cı ilin yayında İsrail hökuməti 1915-ci il olaylarının “erməni soyqırımı” kimi tanınmasına dair qərar qəbul etmişdi. Bu qərar açıqlanan kimi rəsmi Bakı qərardan ciddi rahatsızlığını bildirdi, İsrail hökumətini onu yenidən nəzərdən keçirməyə çağırdı. Daha sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan etdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə intensiv diplomatik təmaslar aparılıb və Azərbaycan tərəfinin ismarışları İsrail tərəfindən ciddi qəbul edilib, məsələ Knessetə daşınmayıb: “İsraildə “erməni soyqırımı” iddiaları gündəmə gələndə bunu ən kəskin şəkildə pisləyən ilk ölkə olduq. Cənab Prezidentin tapşırığı oldu və İsrailə zəng etdik, özlərinə bunu dedik: “Etdiyiniz əməl doğru deyil. Əgər bu məsələ ilə Türkiyəni narahat edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bu addımla Türkiyə-İsrail münasibətlərinə daha çox zərər vurarsınız. Azərbaycan-İsrail münasibətlərinə və Azərbaycan ictimaiyyətində İsrailə olan baxışa da zərər vurursunuz. Nəticədə bu, sizə heç nə qazandırmayacaq. Bu səbəbdən bunu geri çəkməyiniz daha ağıllı addım olar”. Bunun doğru bir qərar olmadığını qəbul etdilər və qısa müddətdə geri çəkilmənin vacibliyini anladılar. Bu bizim borcumuzdur. Buna görə Türkiyədən təşəkkür gözləmirik, bu bizim qardaşlıq borcumuzdur. Bir çox məsələdə Ankara ilə məsləhətləşdiyimiz halda, bu məsələdə Ankara ilə danışmadan addım atdıq. Çünki “bir millət – iki dövlət” prinsipi də bunu tələb edir. Şuşa Bəyannaməsinin fəlsəfəsi də budur. Əgər masada Türkiyə olmayacaqsa, Azərbaycan var; biz də sözümüzü dedik”.

Maraqlıdır ki, İsrail qaynaqları da prosesin rəsmi Bakının müdaxiləsi ilə dayandırıldığını açıqladı. Azərbaycanın İsraillə münasibətləri normal olmasaydı, bizim hökumət bu qərarın qarşısını ala bilərdimi, dostum?
İran və Türkiyədəki bəzi media orqanlarında Fələstin davasına xəyanət etməklə bağlı Azərbaycana qarşı çeşidli ittihamlar səslənir. Bu tipli sionizm ittihamlarına da ən tutarlı cavabı vaxtilə elə Azərbaycan Prezidenti İlham Əliyev vermişdi: “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.
Bilirsənmi bu nə deməkdir? Dünyada 22 ərəb ölkəsi var və onların hamısı Ərəb Dövlətləri Liqasında birləşib. Əgər onlar Fələstin davasında səmimi olsaydılar, nəinki İsraili yer üzündən silərdilər, heç İsrailin yaranmasına imkan da verməzdilər. Bu ölkələrdən fərqli olaraq, Azərbaycan İsraillə gizli əməkdaşlıq etmir. Heç özünə sual vermisənmi – özünü Fələstin davasının bayraqdarı elan edən İran ABŞ və İsraillə müharibə zamanı niyə bəzi ərəb ölkələrini də bombalayır? Çünki orada ABŞ hərbi bazaları mövcuddur. Amma bu ölkələr NATO üzvü deyil. O zaman niyə orada ABŞ bazaları var?
Dəyərli dostum, 2007-ci ildə Hrant Dink öldürüləndən sonra İstanbul küçələrində “Hepimiz ermeniyiz” şüarı ilə mitinqlər keçiriləndə, 2009-cu ildə Sürix protokolları Azərbaycandan xəbərsiz imzalananda, Bursada keçirilən Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayrağı zibil qutusuna atılanda səninlə etdiyimiz söhbətləri xatırlayıram. Həmin matça Ermənistanın tələbi ilə Azərbaycan bayrağı buraxılmamış, Türkiyənin iki qolundan birini Azərbaycan əsilli Sərvət Çətin vurmuşdu. O zaman Türkiyə qəzetlərindən biri “Azeri bayrağını stada bırakmadılar, azeriden gol yediler” cümləsi ilə xəbəri manşetə daşımışdı. Bu olaylardan çox üzgün idin, Azərbaycana qarşı xainlik yapan hər kəsi lənətləyirdin. Həmin vaxt dediyin bir cümləni heç vaxt unutmuram: “Tüm problemlerimiz Soyad kanunundan sonra başladı. Ermenisi, yunanı ve diğerleri türk soyadı kabül ederek türk gibi görünmeye başladı. Türk vefalıdır. Nerde Azerbaycan düşmanlığı yapan birisini görürseniz, emin olun: ya kanında, ya sütünde bir bozukluk vardır”.
Sayğıdəyər arkadaşım, qanı və südü pozuqlara uyma! Biz Türkiyədən küsmədiyimiz kimi, sən də Azərbaycandan küsmə! Əgər bu məktubu oxudunsa, zəng elə! Gözləyirəm.
Sevgilərimlə,
qardaşın Cavid İsmayıl,
tarix üzrə fəlsəfə doktoru







