Seul hökuməti Ukraynanın üzr istəməsinin gözləntiləri doğrultmadığını və Rusiya-Ukrayna müharibəsi zamanı əsir götürülmüş iki Şimali Koreya əsgərinin Cənubi Koreyaya təhvil verilməsi ilə bağlı məxfilik müqaviləsinin pozulmasını əsas gətirərək “sərt tədbirlər” görəcəyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin 23 sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsi zamanı əsir götürülmüş iki Şimali Koreya əsgərinin Cənubi Koreyaya göndərildiyini açıqlamasından sonra Seul və Kiyev arasında gərginlik davam edir.
Tezadlar.az xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun Milli Assambleyanın iclasında məsələ ilə bağlı qanunvericilərin suallarını cavablandırıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilə əlaqə saxladığını və narahatlıqlarını çatdırdığını qeyd edən Ço deyib: “Aldığımız mesajlar arasında üzr istənilməsi də var idi, lakin bu, gözlədiyimiz səviyyədən fərqli idi”.
Ço bildirib ki, buna görə də Ukraynaya qarşı “sərt tədbirlər” görməyi hədəfləyirlər və səfirlərini paytaxt Kiyevdən geri çağırmaq da daxil olmaqla variantları nəzərdən keçirirlər.
Zelenskinin açıqlaması Cənubi Koreyadan reaksiya doğurub. BMT Baş Assambleyasındakı çıxışında Zelenski Rusiya-Ukrayna müharibəsində iştirak edən iki Şimali Koreya əsgərinin 2025-ci ilin əvvəlində əsir götürülərək Cənubi Koreyaya göndərildiyini açıqlayıb.
Cənubi Koreya Prezidenti Li Ce Myunq Zelenskinin açıqlamasının iki ölkə arasında əsgərlərin təhvil verilməsi ilə bağlı məxfilik müqaviləsini pozduğunu iddia edib, Ukrayna isə belə bir razılaşmanın mövcudluğunu inkar edib.
Daha sonra Cənubi Koreya Prezidentinin İctimaiyyətlə Əlaqələr Katibi Sonq Qi-honq Ukraynanın iki ölkə arasında məxfilik müqaviləsinin mövcudluğunu “inkar etməsinin” faktları əks etdirmədiyini iddia edib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında Seuldakı Ukrayna səfirliyinin müvəqqəti işlər vəkilinin məsələ ilə bağlı nazirliyə çağırıldığı bildirilib.
ELBAR







