…Gürcüstanda əhalinin qocalması prosesi sürətlənir. Tezadlar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci ilin dövlət büdcəsinin ilkin layihəsinə əlavə etdiyi sənəddə qeyd olunur. Nazirliyin qiymətləndirməsinə görə, əhalinin yaşlanması qarşıdakı onilliklər ərzində dövlət büdcəsinin xərclərinə ciddi təzyiq yaradacaq. Xüsusilə səhiyyə xidmətləri və pensiyalara ayrılan vəsaitə tələbatın artacağı bildirilir. Sənədə əsasən, Gürcüstanda əhalinin sürətlə qocalması tendensiyası artıq müşahidə olunur. Hazırda təxminən 4 əmək qabiliyyətli şəxsin payına 1 yaşlı insan düşür.
BMT-nin proqnozlarına əsasən, 2025-ci ildə 65 yaş və yuxarı hər bir şəxsə təxminən 4 əmək qabiliyyətli insan düşür. Lakin bu göstəricinin 2075-ci ilə qədər 2,4 nəfərə qədər azalacağı gözlənilir. Maliyyə Nazirliyinin hesablamalarına görə, qarşıdakı illərdə yaşlı əhalinin sayı davamlı olaraq artacaq. Əmək qabiliyyətli əhalinin sayı isə müəyyən müddət nisbətən sabit qalsa da, 2040-cı illərdən etibarən azalmağa başlayacaq. Sənəddə əhalinin qocalmasının artıq fiskal təzyiq riski yaratdığı da qeyd olunur. Nazirliyin qiymətləndirməsinə görə, yaşlı əhali gənclərlə müqayisədə xroniki xəstəliklərin daha yüksək yükü ilə üzləşir. Bunlara artrit, bel ağrıları, ürək-damar xəstəlikləri, diabet və psixi sağlamlıq problemləri daxildir. Yaşlı əhali həmçinin 2013-cü ildə tətbiq edilən universal ilkin səhiyyə sisteminin əsas istifadəçi qruplarından biridir.
Bu sistem pulsuz ambulator xidmətləri və diaqnostik müayinələri əhatə edir. Nazirlik bildirir ki, demoqrafik dəyişikliklər səhiyyə xərclərinin də artmasına səbəb olacaq. Hesablamalara görə, yalnız demoqrafik dəyişikliklərin təsiri nəticəsində qarşıdakı 50 il ərzində səhiyyə xərclərinin ÜDM-ə nisbəti müxtəlif ssenarilər üzrə orta hesabla 0,2–0,6 faiz bəndi arta bilər. Sənəddə qeyd olunur ki, artım ən çox aşağı doğum səviyyəsi ssenarisində müşahidə olunsa da, səhiyyə xərcləri doğum səviyyəsinin hər üç — aşağı, orta və yüksək — ssenarisində artacaq.
Maliyyə Nazirliyi əhalinin qocalmasını Gürcüstan üçün qarşıdakı illərdə mühüm demoqrafik və fiskal çağırış kimi qiymətləndirir. Yaşlı əhalinin sayının artması ilə həm pensiya, həm də səhiyyə xərclərinə tələbatın yüksələcəyi bildirilir.







