Əsas məzmuna keç

Avropa Parlamenti İvanişvili, Kobaxidze, Papuaşvili və Kaladzeyə sanksiya tətbiq edir

Avropa Parlamenti Avropa İttifaqını və üzv dövlətləri “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin Gürcüstanla bağlı hazırladığı qətnamə layihəsində qeyd olunub. Sənəd üzrə səsvermənin daha sonra keçirilməsi nəzərdə tutulur. Qətnamə layihəsi Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı təşəbbüslərinə həsr olunub. Sənəddə Avropa Parlamentinin mövqeyinə görə, Gürcüstanda demokratiya, media azadlığı, insan hüquqları və hüququn aliliyi sahəsində vəziyyətin pisləşdiyi bildirilir. Qətnamə layihəsində qeyd olunur ki, 2025-ci ilin noyabrında “Gürcü Arzusu”nun nəzarətində olan parlament bir sıra müxalifət partiyalarının qadağan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
Sənəddə “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Lelo-Güclü Gürcüstan”ın adları çəkilir. Layihədə daha sonra “Federalistlər”in 2026-cı ilin sentyabrında, “Gürcüstan naminə” partiyasının isə sonradan həmin prosesə əlavə edildiyi bildirilir. Avropa Parlamentinin hazırladığı sənəddə bu proseslərin “Gürcü Arzusu”nun siyasi plüralizmi məhdudlaşdırmaq və ölkəni təktərəfli siyasi sistemə çevirmək strategiyasının bir hissəsi olduğu iddia edilir. Sənəddə bu yanaşma Rusiya və Belarus modelləri ilə müqayisə olunur. Qətnamə layihəsində həmçinin 2026-cı ilin sentyabrında Konstitusiya Məhkəməsinə hakimlərin təyin olunmasının onların müstəqilliyi ilə bağlı suallar yaratdığı bildirilir. Sənəddə “Konrad Adenauer” və “Fridrix Naumann” fondlarının 2026-cı ilin sentyabrında Tbilisidəki ofislərini bağlamağa məcbur olduqları da qeyd olunur. Bundan başqa, qətnamə layihəsində bir sıra jurnalistlərin müxalifət və vətəndaş cəmiyyətinə qarşı hakimiyyət tərəfindən həyata keçirildiyi iddia olunan repressiyalar barədə məlumat yaydıqları üçün həbs edildiyi bildirilir. Qeyd edək ki, sözügedən sənəd hazırda qətnamə layihəsidir və Avropa Parlamentində səsvermədən keçməlidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…