Əsas məzmuna keç

Dünyəvilik dinsizlik deyil: Məktəb qaydaları niyə müzakirə olunur?

Bəzən elə mübahisələr yaradırıq ki, söhbətin haradan başladığını da unuduruq. Bir məsələ ətrafında o qədər mübahisə edirik ki, qanunların nə dediyini unutmağa başlayırıq. Hər kəs öz mövqeyindən danışır, kimisi dini azadlığın pozulduğunu deyir, kimisi dünyəvi dövlət prinsipini xatırladır.

Təzadlar.az son günlər məktəblərdə şagirdlərin geyimi və dini azadlıq ətrafında cəmiyyətdə yaranan fikir ayrılıqları fonunda mövzuya hüquqi və ictimai baxımdan aydınlıq gətirən məqaləni təqdim edir:

…Məktəblərdə dini simvollar, geyim və daxili qaydalar ətrafında gedən müzakirələrdə də mənə elə gəlir ki, biz tez-tez əsas məsələni gözdən qaçırırıq. Azərbaycan dünyəvi dövlətdir. Bu, sadəcə Konstitusiyada yazılan bir cümlə deyil, dövlətin və cəmiyyətin necə təşkil olunduğunu müəyyənləşdirən prinsipdir. Dünyəvilik dinə qarşı olmaq deyil. Heç bir dinə mənsub olmayan insanın da, öz dini inancına uyğun yaşayan insanın da hüquqlarına hörmət etmək deməkdir.

Xatırlayıram, hələ 2000-ci illərin ortalarında şagirdlərin məktəbə baş örtüyü ilə daxil olması qadağan edilmişdi. Lakin bu qadağa qanun çərçivəsində öz əksini tapmadığı üçün bir müddətdən sonra öz əhəmiyyətini itirmişdi. Mənim iki dayım qızı da həmin illərdə ibtidai sinifdə oxuyurdular. Onlar hicabın üstündən “parik” taxaraq, məktəbə gedir, heç bir problemlə də üzləşmirdilər. Bəs, indi bu məsələ cəmiyyətdə niyə bu qədər müzakirələrə səbəb olur? Çünki o dövrdə sosial şəbəkələr bu qədər ön planda deyildi.

Gəlin, məsələyə qanun çərçivəsindən baxaq:

Azərbaycan dünyəvi dövlətdir. Bunu mən demirəm, ölkənin Konstitusiyası deyir. Konstitusiyanın 7-ci maddəsində Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu təsbit edilib. 18-ci maddənin üçüncü hissəsində isə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı açıq şəkildə göstərilir.

Burada dayanıb bir sual verək: dünyəvi dövlət nə deməkdir?

Bu, insanların dini inanclarından imtina sına əsas vermir. Heç kimin inancına hörmətsizlik etmək, dini seçimlərinə görə insanları fərqləndirmək üçün də zəmin yaratmır. Əksinə, dünyəvi dövlətin əsas prinsiplərindən biri dövlətin dinlərə münasibətdə hüquqi çərçivədə fəaliyyət göstərməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunmasıdır.

Konstitusiyanın 48-ci maddəsi hər kəsin vicdan azadlığını tanıyır. İnsan öz dininə münasibətini müstəqil müəyyənləşdirə, dini etiqad edə və ya heç bir dinə etiqad etməyə bilər. Bu hüquq Konstitusiya ilə qorunur.

Bəs onda məktəblərlə bağlı müzakirələrdə nəyi qarışdırırıq?

Məncə, əsas məsələ elə buradan başlayır. Şəxsi həyatla məktəb həyatını, dini azadlıqla təhsil müəssisəsinin daxili qaydalarını bir-birindən ayırmaq lazımdır. Məktəb hər kəsin şəxsi seçimlərinin sərbəst şəkildə nümayiş etdirildiyi məkan olmaqdan əvvəl, uşaqların təhsil aldığı, müəyyən qaydalar əsasında fəaliyyət göstərən bir təhsil müəssisəsidir. Orada müxtəlif ailələrdən, fərqli dünyagörüşlərindən gələn uşaqlar bir araya gəlirlər. Məktəbin də öz nizamı, geyim qaydaları və tədris mühiti var. İnsan məktəbdən kənarda öz həyatını yaşayır, inanclarına uyğun seçimlər edir. Dövlətin və digər şəxslərin bu hüquqa müdaxiləsi isə qanuni əsaslara söykənməlidir. Məktəbdə isə təhsil prosesi, şagirdlərin geyimi və müəssisənin daxili qaydaları ilə bağlı ayrıca hüquqi tələblər mövcuddur. Məsələn, “Təhsil haqqında” Qanunun 14.10-cu maddəsində təhsilalanların geyim formalarının təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilməsi nəzərdə tutulur. “Ümumi təhsil haqqında” Qanunda da dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün müəyyən edilmiş geyim formaları ilə bağlı müddəa var. Üstəlik, 2026-cı il iyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyimlə bağlı tələblərə riayət etməsi ayrıca təsbit olunub. Həmin qanunla valideynlərin də övladlarının geyim forması ilə bağlı tələblərə əməl etməsini təmin etmək vəzifəsi müəyyənləşdirilib. Məsələyə bu qədər sadə yanaşmaq mümkündür.

Məktəbin qaydaları varsa, onlara əməl olunmalıdır. Həmin qaydalar da öz növbəsində qanunvericiliyə və insan hüquqlarına uyğun olmalıdır. Nə şəxsi inanc məktəbin bütün qaydalarını avtomatik qüvvədən salır, nə də məktəb qaydaları insanın vicdan azadlığını yox saymağa əsas verir.

Əgər bir şagird öz inancına görə təhqir olunursa, bu, qəbuledilməzdir. Eyni zamanda, hər hansı qaydanın mövcudluğunu avtomatik olaraq dini ayrı-seçkilik adlandırmaq da düzgün yanaşma deyil. Konkret vəziyyətin mahiyyətinə baxmaq lazımdır. Mənə elə gəlir ki, müzakirələrdə ən çox ehtiyac duyduğumuz şey məhz budur: bir-birimizin üzərinə getməkdənsə, məsələnin mahiyyətini anlamaq. Bu iki anlayışın fərqini başa düşsək, bəlkə də eyni mövzunu dönə-dönə mübahisəyə çevirməyə ehtiyac qalmaz. Çünki söhbət kiminsə dinini əlindən almaqdan getmir. Söhbət təhsilin hansı prinsiplərlə təşkil olunmasından, məktəblərin hansı qanuni qaydalarla fəaliyyət göstərməsindən və fərqli inanclara sahib insanların eyni cəmiyyətdə necə qarşılıqlı hörmətlə yaşamasından gedir. Müzakirə elə bu sualdan başlamalıdır. Nə dini hədəfə almaqla, nə də qanunvericiliyin mövcudluğunu görməzdən gəlməklə… Çünki hüquqlarımızı qorumağın yolu qanunları düzgün anlamaqdan keçir.

Dəniz Pənahova

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…