Əsas məzmuna keç

Sabiq prokuror Seyhun Şirinov Prokurorluqda dindirilib və…

Bakı şəhər sakinlərini aldadaraq 5 min ton metallom verəcəyi adı ilə 100 min manat pulunu almış sabiq prokuroru həbs gözləyir…

Xəbər verdiyimiz kimi, Bakı şəhəri sakinləri-Abdullayev Emil Cavadağa oğlu, Vüqar Məmmədov və Tural Səfərov Baş prokuror Cənab Kamran Əliyevə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, surəti “Təzadlar” qəzeti redaksiyasına olmaqla, yazılı ərizə ilə müraciət edərək Gəncənin Kəpəz, Bakının Nizami və Qaradağ rayonlarının prokuroru işləmiş, bu yaxınlarda təqaüdə çıxmış Seyhun Şirinovun onları necə aldadıb tora salmasını göstərmiş, kömək istəmişdilər.

Xatırladırıq ki, bu istiqamətdə «Medi haqqında» Qanunun tələblərinə uyğun olaraq araşdırma aparılmış, qarşı tərəf və onunla əlbir olmuş şəxslər dinlənilmiş, bundan sonra yazı dərc edilmişdir. Həmin araşdırma yazı Baş Prokurorluq tərəfindən nəzarətə götürülmüş, istintaq və təhqiqat hərəkətləri üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Ötən gün redaksiyamızda olan zərərçəkmiş-şikayətçilər ötən müddətdə baş verənlər barədə qısa məlumat verdilər. Şikayətçi Vüqar Məmmədov:

-Tezadlar.az portalında şikayətimizi yayımladığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Belə ki, həmin yazıdan sonra bizə Baş Prokurorluqdan zəng edildi, minnətdarıq ki, dərhal reaksiya verildi, şikayətimizə həssas yanaşıldı. Sonra bizə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən soyadını unutduğum prokuror-müstəntiq Təbriz müəllim zəng etdi, bizi Baş İdarəyə dəvət etdi. Biz zərərçəkmişlərin izahatları alındı, bütün sualları savablandırdıq, əlimizdə olan maddi sübutları təqdim edərək sabiq prokuror Ceyhun Şirinov və onunla əlbir olan Nazir Mehdiyev, eləcə də Ramiz Əmirovla bağlı bütün detalları danışdıq, necə bizi aldadıb 100 min manat pulumuzu ələ keçirmələrini bildirdik. Bir daha minnətdarıq ki, Təbriz müəllim bizi diqqətlə dinlədi, dəqiqləşdirmələr apardı, təqdim edilən maddi sübutları nəzərdən keçirdi və sair…

***

ZƏRURİ QEYD: Xatırladırıq ki, zərərçəkmiş-aldadılmış Bakı şəhəri sakinləri-Abdullayev Emil Cavadağa oğlunun(eləcə də Vüqar Məmmədov və Tural Səfərovun, Seyid Abuzərin) Baş Prokuror cənab Kamran Əliyevə müraciətində deyildirdi:

«Hörmətli cənab Baş Prokuror!

Biz kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Əsas fəaliyyətimiz əhalidən toplanan əlvan və dəmir metallarının (metallom) alışı və satışını həyata keçirməkdir. Bir gün məlumat aldıq ki, Gəncənin Kəpəz, Bakının Qaradağ və Sabunçu rayonlarının  prokuroru işləmiş, bu yaxınlarda təqaüdə çıxmış,  Baş Prokurorluğun Fəxri Fərmanı ilə təltif edilmiş Ceyhun Şirinov metallom alveri ilə məşğuldur və bizə 5 min ton metal verə bilər. C.Şirinovla tanış olub, iş barədə söhbət aparmaq üçün 2026-cı il mayın 13-də Bakının Nizami rayonu ərazisindəki restoranların birində görüşdük. Görüşdə mənimlə birlikdə metal alışı və satışı ilə rəsmi qaydada məşğul olan Tural Cəfərov, Vüqar,  Seyid Abuzər, həmçinin özünü Bakıda «Dəmiryol» QSC-nin ağsaqqalı kimi təqdim edən, əvvəllər «Azəriqaz»da işləmiş Nazir Mehdiyev də iştirak edirdi. Bu insanların şahidliyi ilə 5 min ton metal almaq məqsədi ilə Ceyhun Şirinova əvvəldən danışıldığı kimi 100 min manat pul verdik. C.Şirinov pulu alandan sonra elə oradaca söz verdi ki, qısa müddətə danışılan həcmdə metalı bizə veriləcək. Biz bu dəfə Ceyhun Şirinova və Nazir Mehdiyevə daha çox inandıq. Bu görüşdən iki gün sonra, yəni mayın 15-də onlar bizi metalın alınması üçün İmişli Ağsaqqallar Şurasının sədri olan Ramiz Əmirovla görüşdürdülər. Ramiz Əmirov bildirdi ki, ”Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun atası onun yaxın dostudur. Onun vasitəsi ilə nə qədər lazım olsa, metal verə bilər. Bundan əlavə, Ramiz Əmirov dedi ki, İmişlidə 12 km. istifadəsiz qalmış dəmir yolu relslərini və istismardan şıxmış vaqonları da bizə təhvil verə bilər, bunun haqqı ayrıdır və s. Hətta bizə bu işlər üçün tenderə sənəd hazırlayacaqlarını, bizim tenderdə qalib gəlməyimiz üçün də iş görəcəklərini və s. dedilər.

Hörmətli Kamran müəllim, daha sonra Ceyhun Şirinov bizi söhbətdə iştirak edən və şəriki adlandırdığı Nazir Mehdiyevlə daha ətraflı tanış elədi. N.Mehdiyev bildirdi ki, “Mənə 21 gün vaxt verin. Bu müddət ərzində sizin tenderə daxil edilməyinizə yardımçı olacağam, yuxarılarla danışıq aparıb müqavilənın bağlanmasını təmin edəcəyəm” və s. Biz ona da inandıq. N.Mehdiyev onu da əlavə etdi ki, onların arxasında Lerikin sabiq deputatı, “Kaspian Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin rəhbəri İqbal Məmmədov dayanır. Ona görə də heç kim onlara heç nə deyə bilməz. Sabiq prokuror Ceyhun Şirinov isə N.Mehdiyevin sözlərinə qüvvət olaraq belə dedi: “Mənim də arxamda Baş Prokurorluqda mühüm vəzifə tutan prokurorlar var. Onlara görə bizə heç kim dəyib, dolaşmır. Yəni, siz işinizi rahat görə bilərsiniz və heç kim sizə mane ola bilməz”.

Biz də rahat olduq ki, ciddi adamlarla iş görəcəyik. Amma “sən saydığını say, gör fələk nə sayır”.  Günlər həftələri, həftələr ayları əvəz elədi, ancaq vəd olunan metalı ala bilmədik. Belə olan surətdə 4 nəfər olaraq borc götürdüyümüz və verilən 100 min manatın qaytarılmasını tələb etdik. Çox ciddi dirəniş göstərəndən və uzun müzakirələrdən, mübahisələrdən sonra pulun 50 min manatını qaytardılar. Qalan 50 min manatı isə 4 aydan çoxdur ala bilmirik.

Hörmətli Kamran müəllim, xeyirxah, humanist bir Baş Prokuror olaraq Sizdən artıq dərəcədə xahiş edirik, bu günlərdə Fəxri Fərmanla təltif etdiyiniz sabiq-veteran, ağsaqqal prokuror Ceyhun Şirinovdan, Nazir Mehdiyevdən və onun özü kimi yalançı və fırıldaqçı dostlarından qalan 50 min manatın alınıb bizə qaytarılması üçün lazımı qurumlara göstəriş verəsiniz. Biz borc yiyələrinin qarşısında aciz qalmışıq.

Əvvəlcədən sizə dərin təşəkkürümüzü bildiririk!».

Aşağıda Seyhun Şirinovun aldığı pulu qaytaracağı, yaxud şikayətçilərlə hansı səviyyədə söhbət aparması və s. barədə onlara göndərdiyi səsli mesajını təqdim edirik. Özünüz nəticə çıxarın.

Sonrda: Aldığımız məlumata görə, Ceyhun Şirinov, eləcə də Nazir Mehdiyev və Ramiz Əmirov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıblar və onlar dindirilib… 

İnanırıq ki, çıxılmaz vəziyyətdə olan, borc sahibləri ilə münaqişə yaşayan şikayətçilərin problemləri tezliklə həllini tapacaq.

«Təzadlar»ın Araşdırma Qrupu

https://www.tiktok.com/@tezadlar/video/7688627589426007303

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…