Ermənistanın anklav və eksklav kəndlərlə bağlı mövqeyi yenidən gündəmə gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamalarından belə görünür ki, İrəvan bu məsələnin həlli yollarından biri kimi ərazilərin qarşılıqlı dəyişdirilməsi variantını da nəzərdən keçirir.
Ararat Mirzoyan jurnalistlərə açıqlamasında anklavların mövcud vəziyyətdə saxlanılması, qarşılıqlı şəkildə dəyişdirilməsi və ya digər alternativlərin tətbiqi ehtimallarını istisna etməyib. Bu bəyanatlar Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində anklav kəndlərin gələcək taleyi ilə bağlı müzakirələrin hansı istiqamətdə inkişaf edəcəyi sualını ortaya çıxarır.
Bəs ərazilərin qarşılıqlı dəyişdirilməsi Azərbaycan üçün nə dərəcədə məqsədəuyğundur? Belə bir razılaşma hansı siyasi, hüquqi və təhlükəsizlik nəticələrinə səbəb ola bilər?
Mövzu ilə bağlı Tezadlar.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib ki, bu məsələ çox mürəkkəbdir.
Tərlan Eyvazovun sözlərinə görə, müharibədən 6 il keçməsinə baxmayaraq, bu məsələ tam şəkildə həllini tapmayıb. Artıq işğal altında olan 8 kəndimizdən 4-ü bizə qaytarılıb. Şərur rayonu ərazisində olan Kərki kəndi hələ sovet dönəmindən erməni işğalındadır. Digər kəndlər də sovetlərin son dövrləri və müstəqilliyin ilk illərində işğal edildi. Və çox böyük insan itkisi, faciə ilə nəticələndi.
Zabit əlavə edib ki, ermənilər də sovet vaxtı ərazilərinə daxil olan Gədəbəy rayonunundakı məlum kəndin qaytarılmasını istəyirlər. Ancaq bizə yaxın olan, Qazax rayonunun ərazisindəki 3 kəndimizlə ermənilərin məsafəsi 5-6 km-dir. Bildiyim qədəri ilə Kərki kəndi Naxçıvan ərazisinə 8 km-ə qədər yaxındır. Amma Ermənistanın özününkü hesab etdiyi məlum Gədəbəydəki kənd isə Ermənistana 14 km-lik məsafədə yerləşir.
“Əgər onlar bunu tələb edirlərsə, onların gəlib-getməsi üçün koridor lazım olacaq. Digər tərəfdən ermənilər özləri bizim əraziləri işğal edərkən, qondarma bir qurumu irəli verərək, bunu “Qarabağ Respublikası”nın ərazisi hesab edirdilər. Hətta onu verməyəcəklərini bildirirdilər. İndi isə ermənilər məğlub olub və yenidən bildirirlər ki, bu əraziləri onlara qaytarmalıyıq”, — deyə Tərlan Eyvazov qeyd edib.
Hərbi ekspert vurğulayıb ki, danışıqlar yönündən bu söhbətlər getsə də, Azərbaycan tərəfi üstün mövqedən çıxış edib bu əraziləri zorla qaytarmaq istəmir. Çünki bizimlə bu gün danışıqlar aparan, razılaşmaların əldə olunması üçün mövcud iqtidarın qalması bütün dünya ictimaiyyətinə, həmçinin bizə sərf edir. Amma Rusiya və bu münaqişənin alovlanmasında maraqlı olan qüvvələr isə orada ayrı bir iqtidarın gəlməsini, və məsələnin qarışmasını istəyirlər.
Tərlan Eyvazov sonda deyib:
“Təbii ki, Azərbaycan tərəfi də məhz bu yöndən çıxış edərək, məsələni hələlik diplomatik yollarla həll etməyə çalışır. Bunun da nümunəsi istər regionda, istərsə də dünyada var. Məsələn, SSRİ ilə Yaponiya arasında olan 4 adam məsələsi, Gürcüstanla bizim aramızda olan, təxminən 30 faiz razılaşdırılmamış quru ərazi və s. Ona görə də düşünürəm ki, bu məsələlər vaxt keçdikcə öz həllini tapmalıdır. Təbii ki, Gədəbəy ərazisində olan kəndin ermənilərə verilməsini də düşünmürəm. Çünki doğrudan da dərindədir və ora da ermənilər gələ bilməz. Amma Qazax rayonundakı kəndlərə Ermənistanın yolları keçirsə, qarşılıqlı danışıq nəticəsində oradan gəlib keçmək, komunikasiya xəttləri və s. razılaşdırıla bilər. Lakin heç bir halda Azərbaycan öz yaşayış məntəqələrini, özünə aid olan eksklav və anklav olan kəndləri Ermənistana güzəştə getməyini düşünmürəm və tərəfdarı da deyiləm”.
Dəniz Pənahova







