Azərbaycanda hicab ətrafında başlayan mübahisə artıq Türkiyə–Azərbaycan münasibətlərinə təsir göstərən, özü də son dərəcə mənfi təsir göstərən siyasi məsələyə çevrilib.
Oxşar mübahisələr Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, hətta Tacikistanda da gedir. Təbii ki, bu ölkələr Türkiyənin Azərbaycana yönəlik bu təzyiqlərindən qətiyyən məmnun deyillər. Və Türkiyə ilə münasibətlərinə bundan sonra daha ehtiyatla yanaşacaqlar.
Məncə, Türkiyə digər türk dövlətlərinə öz dini-siyasi modelini qəbul etdirmək mövqeyindən çıxış etməməlidir.
Əks halda, bu yanaşma Türk Dövlətləri Təşkilatının təməlində dayanan suverenlik, bərabərlik və qarşılıqlı hörmət prinsipləri ilə ziddiyyət yaradacaq.
Cənab Ərdoğan bu təhlükəni nəzərə almalıdır.
Onun baş müşavirinin və hakim partiya nümayəndələrinin açıqlamalarına görə siyasi məsuliyyət məsələsi yaranır. Ərdoğanın şəxsən bu kampaniyaya göstəriş verdiyini təsdiqləyən açıq sübut yoxdur. Amma Türkiyə rəhbərliyinin belə açıqlamalara münasibəti, şübhəsiz, mühüm siyasi siqnaldır.
Türkiyə–Azərbaycan qardaşlığı hansısa dini-siyasi ideologiyanın deyil, iki müstəqil dövlətin qarşılıqlı hörmətinin üzərində dayanmalıdır.
Cənab Ərdoğanın dini məsələlərdə tutduğu siyasi xəttin Azərbaycana münasibətlərə kölgə salmasına yol verilməməlidir.
Türk birliyi dini vahidlik layihəsi deyil. Türk birliyi müstəqil dövlətlərin bərabərhüquqlu əməkdaşlığı olmalıdır.
Bunu rəsmi Ankara nə qədər tez anlasa, Türkiyə–Azərbaycan münasibətləri üçün bir o qədər yaxşı olar.
Elbəyi HƏSƏNLİ,
Politoloq
(İsveçrə, Surix)







