Əsas məzmuna keç

Serbiya televiziyasi Vuçiçin məğlubiyyətindən sonra izləyicilərdən üzr istədi

Serbiya dövlət televiziyası illərdir birtərəfli yayımladığına görə izləyicilərdən açıq şəkildə üzr istəyib. Qeyri-adi açıqlama tələbə hərəkatının parlament seçkilərində qələbəsindən və Aleksandr Vuçiçin koalisiyasının məğlubiyyətindən sonrakı gün canlı yayımda verilib. Kanalın baş redaktorunun istefası eyni vaxtda elan edilib.

Tezadlar.az xəbər verir ki, Serbiya N1 televiziya kanalının məlumatına görə, 26 oktyabrda Voyvodina Radio Televiziyasının (RTV) xəbər buraxılışı Tələbə Siyahısının növbədənkənar parlament seçkilərində qələbəsinin kütləvi şəkildə qeyd olunmasının görüntüləri ilə başlayıb.

Ekranda Novi Sad sakinlərinin səsvermə nəticələrinin elan edilməsindən sonra Azadlıq Meydanında toplaşdığı görünürdü. Bu görüntülər əvvəlki gün yayımlanmayıb.

Videodan sonra aparıcı Qoran Eror tamaşaçılara müraciət edərək kanalın ictimai funksiyasını yerinə yetirmədiyini etiraf edib.

“İctimai yayımçı illərdir öz funksiyasını yerinə yetirə bilməyib. Problemlər susdurulub, bir çox şeyə göz yumulub, məlumatlar birtərəfli və tənqidi şəkildə təqdim edilib. Düzgün suallar verilməyib, bəzən isə heç bir sual verilməyib. Və buna görə izləyicilərimizdən üzr istəməliyik”, – deyə aparıcı bildirib.

Onun sözlərinə görə, bəzi RTV işçiləri uzun müddətdir müstəqil və peşəkar redaksiya işinə nail olmağa çalışırdılar.

“Təəssüf ki, bu mübarizəni vaxtında qazana bilmədik, amma inanırıq ki, davam etmək vacibdir”, – deyə Eror əlavə edib.

Seçkilərdən sonra baş redaktor istefa verib

Bu hadisələr fonunda RTV-nin Birinci Televiziya Proqramının baş redaktoru vəzifəsini icra edən Nenad Çaçiç istefa verib.

Voyvodina Televiziyası özü istefanı rəsmi olaraq təsdiqləyib.

Blajo Popoviç yeni redaksiya direktoru təyin edilib. Predrag Novkoviç proqram direktoru təyin edilib.

Serbiyanın “Vreme” nəşrinin məlumatına görə, “İndependence” həmkarlar ittifaqı baş redaktorun dəyişdirilməsi üçün çalışıb. Cəmi bir il əvvəl onun nümayəndələri kanalın rəhbərliyini siyasi qərəzlilikdə və peşəkar standartları pozmaqda ittiham etmişdilər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…