Türkiyə–Azərbaycan münasibətləri son illərin ən ciddi sınaqlarından birini yaşayır. Qarşılıqlı ittihamlar artıq elə həddə çatıb ki, iki qardaş ölkənin media məkanında bir-birinə qarşı son dərəcə sərt ifadələr işlədilir.
Türkiyədə bəzi şərhçilər Azərbaycanı İsraillə münasibətlərinə görə “müsəlman dünyasına xəyanət”də ittiham edir, İlham Əliyevi “İsrailin dostu” adlandırırlar.
Azərbaycanın APA agentliyinin 29 oktyabr təhlilində isə belə yazılır: “Azərbaycan bu hücumu İrandan gözlədiyi halda, qardaş dediyi Türkiyədən ən pis formada zərbə aldı.”
Agentlik daha sonra bildirir: “Bu zərbəni vuranlar isə hakim AKP və onun yandaşları olan islamçı-nurçu qruplar idi.”
Bu cür ifadələr artıq sıradan media mübahisəsinin hüdudlarını aşır. Ən ciddi təhlükə isə siyasi qarşıdurmanın tədricən iki xalq arasında etimadsızlığa çevrilməsidir.
Böhran artıq beynəlxalq medianın da diqqət mərkəzinə gəlib. ABŞ-ın nüfuzlu Foreign Policy jurnalı oktyabrın 23-də dərc etdiyi “Türkiyə–Azərbaycan gərginliyinin arxasında nə dayanır?” sərlövhəli təhlilində yazır ki, hicab ətrafındakı mübahisə əslində suverenliklə bağlı daha dərin ziddiyyətləri üzə çıxarıb. Müəllifin qənaətinə görə, Türkiyənin hakim siyasi elitası Azərbaycanı tam bərabərhüquqlu tərəfdaş kimi qəbul etməkdə çətinlik çəkir. Jurnal eyni zamanda iki ölkənin iqtisadi və ictimai əlaqələrinin o qədər dərin olduğunu bildirir ki, ciddi qopmanı təsəvvür etmək çətindir.
Dünyanın aparıcı xəbər agentliklərindən olan Associated Press də oktyabrın 30-da böhrana ayrıca material həsr edib. Agentlik İlham Əliyevin Ərdoğanın şəxsi dəvətinə baxmayaraq Ankara sammitinə qatılmamasının iki ənənəvi müttəfiq arasında fikir ayrılıqları barədə müzakirələri gücləndirdiyini yazır. Associated Press hicab və İsrail məsələləri ilə yanaşı, Bakının 30-dan çox Türkiyə vətəndaşının ölkəyə girişinə qadağa qoyduğunu, Ərdoğanın isə münasibətləri yumşaltmağa çalışdığını xatırladır. Agentlik Türkiyə–Azərbaycan gərginliyinin Ermənistanla normallaşma prosesinə də təsir göstərə biləcəyini vurğulayır. Axı Türkiyə ilə Azərbaycanı yalnız Ərdoğanla Əliyev birləşdirmir. Milyonlarla insanın ailə, qohumluq, dostluq, təhsil və biznes əlaqələri var. Onilliklər ərzində qurulmuş bu münasibətləri siyasi incikliklər naminə təhlükəyə atmaq olmaz.
Xüsusilə narahatlıq doğuran məsələ anti-Türkiyə və anti-Azərbaycan təbliğatının daha da güclənməsi ehtimalıdır. Belə bir proses xalqlar arasında ciddi psixoloji uzaqlaşma yarada bilər. Heç bir hakimiyyətin siyasi maraqları milyonlarla insanın gələcəyindən üstün tutulmamalıdır.
Amma müsbət məqamlar da var. Oktyabrın 21-də Ərdoğan İlham Əliyevə zəng edərək iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişaf edəcəyinə əminliyini bildirib və onu Ankaradakı Türk Dövlətləri Təşkilatının sammitinə dəvət edib.
Oktyabrın 29-da isə İlham Əliyev Ərdoğana təbrik məktubu göndərib. Məktubda Azərbaycanla Türkiyəni “əsl dostluq və qardaşlıq telləri”nin bağladığı vurğulanıb.
Bu iki hadisə göstərir ki, siyasi gərginliyə baxmayaraq, prezidentlər arasında dialoq davam edir.
Ən böyük təhlükə iki prezidentin fikir ayrılığı deyil, bu fikir ayrılığının milyonlarla insanın şüurunda düşmənçilik yaratmasıdır.
Ərdoğan-Əliyev münasibətləri necə dəyişirsə-dəyişsin, Türkiyə ilə Azərbaycan xalqları bunun mənəvi və psixoloji bədəlini ödəməməlidir.
Bir millət, iki dövlət deyiriksə, siyasi böhranı xalqlar arasında uçuruma çevirməməliyik…
Elbəyi Həsənli
(İsveçrə)







