Əsas məzmuna keç

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-45-сi HİSSƏ

Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli otən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-44-su-hisse/

1 avqust – Türkiyədən bizi telefona çağırdılar:

– Alo, burası Mehmet Arazın evimi? Kiminlə qonuşuram, ben Saleh Okumuş, telefon nömrənizi Aqildən aldım.

– Saleh, mənəm, Gülxanım teyzən, necəsən?

– Teyzə, türkiyədən danışıram. Məmməd əminin kitabı ilə əlaqədar bəzi ilgilərim var. Onları dəqiqləşdirmək istəyirəm suallara cavab verərsinizmi?

Salehin bütün suallarını cavablandırdım. Yenə də arayacağını söylədi.

7-9 avqust – Bacı, Buzovnadan zəng çalıram, orada istirahət edirəm, verilişə baxdınızmı, Məmməd müəllimin xoşuna gəldimi? – soruşdu Ağalar.

– Baxdıq, yaxşı replikaları vardı, Məmmədin də xoşuna gəldi

– Əsas odur ki, Məmməd müəllimin xoşuna gəlsin. Allah qoysa kaseti yazdırıb sizə verəcəm.

Ağalar söz verdiyi kimi kaseti gətirdi. Biz təzədən verilişə baxdıq. Ağalar:

– Məmməd müəllim, sizin “Dağlar məni tanımadı” şeirinizi dinləyəndə hətta yaşlı kişilər də uşaq kimi ağlayır. Veriliş camaat arasında da yaxşı qarşılanıb. Allah qoysa mənim ayrı fikirlərim də var. Musa Yaqub deyir ki, bəs mənim şeirlərimi nə vaxt oxuyacaqsan?

Ağalara Məmmədin iki yarımçıq misrasını oxudum:

Axı daş beyinləri sən ,

Gərək vaxtında deşəsən.

Ağaların xoşuna gəldi.

11-12 avqust – Məmməd həyətə çıxıb Günün tutulmasına baxdı, sonra qayıdıb pəncərəni açmağa çalışdı.

– Bura gəl, pəncərəni aç, aça bilmədim.

Pəncərəni açıb dedim:

– Görürsən kişi, həmişə məni haraya çağırırsan, mən olmasaydım neylərdin?

– Pəncərəni aça bilməzdim – gülə-gülə cavab verdi.

Sən demə Səbuhi Rəhimli adlı özünü öncəgörən adlandıran birisi xəbər veribmiş ki, Gün tutulanda Məmməd Araz öləcək. Bir çox qəzetlər də bunu şərh edir. Yazılara cavab verən Aqilin məqaləsindən bir parçanı köçürürəm. Məqalənin adı belədir:

“Məmməd Araz təhlükədən qurtuldu və Səbuhi bəy Allahın işinə qarışır”.

“…Verdiyi proqnozun məsuliyyətini hiss etməyən Səbuhi Rəhimli bildirib ki, Günəş tutulanda guya müğənni Qədir Rüstəmovun, şair Məmməd Arazın, aktrisalar Leyla Bədirbəylinin, Nəsibə Zeynalovanın səhhətində ciddi problemlər yaranacaq…

Dünən dünəndə qaldı. Günəşi tutdular, yenə də Günəş günəşliyində qaldı. Məmməd Araz da Səbuhi bəyin dediyi təhlükədən qurtuldu…”

(“Ədalət” 12-13 avqust 1999)

14 avqust – Dünən Firəngiz Ulutürk bizə gələndə Məmmədin “Yol ayrıcında söhbət” kitabını ona bağışlamışdım. Firəngiz telefonda ürəyini bu sözlərlə boşaltdı:

– Kitabı birnəfəsə oxudum. Bu kitab gərək bütün Azərbaycan xalqının stolüstü kitabı olsun. Yazıçılar Birliyi kitabın təqdimatını keçiribmi? Yox? Deyirsən ki, Anara kitab verilib, nə olsun, gərək yadına salaydın. Əfəllik eləmə. Sən kitaba niyə o boyda familiya yazmısan?

– Bəs nə yazım, familiyamdır da.

– Yox, sən gərək ucalasan, ləqəb götürəsən, özü də Araz ləqəbi.

– Gülxanım Araz eləmi?

– Əlbəttə, onun davamçısısan, buna hüququn var.

– Firəngiz, fikrin təmiz ürəkli Xəlilə getməsin. Məmməd çox feodal fikirli adamdır. Belə hərəkətə razı olmaz. Məmmədin Xəlilə yazdığı yeni şeiri tapıb sənə zəng edərəm.

Yaqub Zurufçu telefonda bəsdələdiyi mahnını oxudu. Sonra da görüşərik, deyib telefonu qoydu.

“Space” telekanalından belə bir xəbərin şahidi olduq:

“Bakıya yaxın, Xəzər dənizinə uçan boşqab düşüb”.

Məmməd  xəbərə güldü.

20 avqust – “Sara” studiyasından Məmmədi çəkmək üçün bir neçə nəfər gəldi. Yasin Məmmədin şeirlərini oxudu, amma hiss etdim ki, operator qız hələ xamdır. Sonra çağırılan ad gününə getdik. Çoxdan görmədiyimiz Mikayıl Mirzə ilə rastlaşdıq. Mikayıl vaxtının olmadığından gileyləndi:

– Bilirsən, Məmməd, gecə-gündüzlə, ötüb keçən saatla işim yoxdur. Amma gücüm çatsaydı, dəqiqəni məhv edərdim. Nə olub axı, tıq, tıq, tıq… adamın axırına çıxır. Gəlib kitabdan götürəcəyəm və mümkün qədər çalışacağam ki, sentyabrın 20-də sarayda yaxşı bir gecə keçirək.

Məmməd onun sözlərinə təbəssümlə cavab verdi.

24 avqust –  Müxtəlif şeirlərindən bəndlər:

       Mövzularım tükənəndə bilmirəm nədən,

 Xətainin son nəğməsi yadıma düşür.

Əqidəsi qoltuğunda tövbəyə gedən,

 Qalileyin məhkəməsi yadıma düşür.

və ya

 Mənə bir dərd olur doğru bir sözü,

                                       Yalan daşlarının batırmağı da

                                        Biçili-ütülü bir şərəfsizin

                                       Şərəf kürsüsündə oturmağı da.

Və adsız bir yazı da əlimə düşdü.  Köçürürəm:

“ Əsrin, zamanın mürəkkəb hadisələri göz qabağındadır. Hadisələr, məsələlər, vəziyyətlər bəzən elə düyünə düşür ki, bunları görmək və açmaq üçün zamanın işığı, zamanın öz əli lazımdır. Zaman çox sərt, çoxüzlü, çox səriştəli və hiyləgər bir hakimdir. Əlindən tutub sənə mədhiyyələr yazdırır və öz əlinlə özünə qəbir qazdırır. Bir vaxt ayılıb görürsən ki, birdən-birə bir ölkə aldanıb, bir xalq aldanıb. Bir ölkə, bir xalq ayılıb görür ki, onu cənnət bağına “aparan” qəfildən keçilməz yarğana tuş oldu: qabaqdan yenə “dalımca – ura”, arxadan isə döyürlər – “irəli – ura” hamı üzü aşağı ölümə doğru xilasını “tapdı”.

Beləliklə sosializm-realizm ədəbiyyatı deyilən bir “qüvvə” Sovet poeziyası deyilən “məhsul istehsalına” başladı və həqiqətdən uzaq düşən poeziya, poeziyadan uzaq düşən həqiqət meydana gəldi. Birdən-birə qeyri-adi iqlimə düşən bu sənət elə çaşdı ki, heç cür özünə gələ bilmədi. Ancaq papaq altında elə oğullar var ki, bu “icarəçilərin” əlindən bu istehsalı alıb, onu düzgün yola çıxarmağı bacardılar. Ancaq heyf, bu “icarəçilərin” içində istedadlar da var idi. Bunlardan çoxunun “sənəti ölümə məhkum oldu”. Və zaman beləcə çoxlarını yaman günə qoydu. Məncə, indiki poeziya bu böhrandan çıxacaq…  Bu yolda Sabir həqiqəti qolumuzdan tutacaq. Allahın bizə rəhmi gəlsin.

Məmməd Araz.”

– Məmməd, bu yazını gündəliyimə köçütdüm.

– Yaxşı elədin.

30 avqust – Məmməd Amerikada çap olunmuş bir jurnalın üz qabığını gətirdi. Üz qabığında Məmmədin “Ayağa dur, Azərbaycan!” şeiri ingiliscə çap olunmuşdu.

Ay qonaq otağımızla üzbəüzdür. Şəfəqləri də düz bir xətt kimi dənizə düşür. Ay bax beləcə Yasamaldakı evimizin pəncərəsindən içəri düşərdi. Ayla birgə Hündür çinarların kölgəsi divarda oynardı.

Yadıma Məmmədin yarımçıq misraları düşdü:

Bakının gecəsi nur adlı romandır,

Bakının gecəsi nur adlı bir dəniz

Mayağı qəlbimiz, eşqimiz, sevgimiz.

– Görünür, hansısa bəstəkarın sənə xahişidir, yarımçıq qalıb, eləmi?

– Mənim axı Bakıya aid şeirim var, bəlkə də onun ilk variantıdır.

3 sentyabr – Alo, Politexnik İnstitutu Məmmd Araz haqqında kitab buraxmaq istəyir. Sizinlə danışan Camal Mustafayevdir, məni tanıdınızmı, mən də məqalə yazıram, allah qoysa bir-iki aya tamamlaram. Elə böyük şair haqqında tələm-tələsik kitab buraxılmasının tərəfdarı deyiləm. O nəhəng haqqında çoxlu araşdırmalar aparılmalıdır.

Telefonu Məmmədə verdim. Daha onların nə danışdığını bilmədim.

7 sentyabr– Naxçıvanın payızını görməmişəm, Naxçıvana çağırsaydılar gedərdik.

– Görürsən yerişim necə pisləşib, gedə bilmərəm axı. Sənə danışmışam, mən həmişə Naxçıvana gedəndə baxdığım işığı elə bil Naxçıvandan borc almışam və nə vaxtsa geri qaytaracağam. Həmişə Naxçıvana gedəndə Araz boyu şütüyən qatar Nehrəm dərəsindən burulub Araz dəryaçasının sahilindən düzənliyə çıxanda qəribə hislər keçirirəm. Bu işıq dənizini heç yerin mənzərəsilə müqayisə edə bilmirəm. Mənə elə gəlir ki, bu məqamda burda hər şey işıqdır – daş da, torpaq da, sular da işıqlıdır.

Bu sözləri dəfələrlə demisən, gedək “o işığa” bir də bax…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…