Əsas məzmuna keç

Əsas xatirələr doğmalardır

Uşaqlıq, cavanlıq dostlarla keçir, yaşlaşanda isə doğmalara üz tuturuq. Etibarsız, ürəksiz olduğumuza görə olmayıb.

Həyat hər kəsə fərqli cığırlar qazır. Allahın bəxş etdiyi bacarıqları o cığırlara yazırıq, keyfimizdən də qalmırıq.

İçimizdə hərdən hökm edən fərqli düşüncələr, hisslər həyatımıza fərqli düzən verir.

Sonunda doğmalar hər zaman yüksəkdə durur. Can da, qan da, ürək də, həyat da bunu tələb edir… Xoşbəxtlik də bunlardır.

Doğmalarımızın, sevdiklərimizin yanında olmaq, onların xoş günlərini görmək.

Həyatda əldə etdiyimiz nə varsa onlarla bölüşmək istəyirik.

Bu da böyük sevincdir.

Onların fərqli yardımlarını da görməmək mümkün deyil.

Bir kəlmə xoş söz belə böyük yardımdır, sevincdir.

Doğmalar arasında münasibətlər korlansa da, ürəklər ayrılmır, bir ömür boyu duaları əskik olmur.

Aydın məsələdir ki, söhbət şeytan xüslətinə məruz qalan insanlardan getmir.

İnşallah onlar da şeytana güc gəlməyi bacarsınlar.

İnsanların bir-birinə yardımı xarüqələr yaradıb, bunu tarix də deyir, doğmalar da.

Həyatımızın bir çox addımlarını xarüqə hesab edənlər də var. Dünyanın xoşbəxtliyi də budur!

Ailəndə, doğmalarının, səni sevənlərin, anlayanların yanında xoş günlər keçirmək.

Səni dünya tanıya bilər. Sən xoşbəxt olmaya bilərsən.

Səni doğmaların qədər sevən heç kim ola bilməz, sənin də onları…

Bunu inkar edənin tapılacağına inanmıram.

Qəlblərin quruluşunun ehtişamı çoxdan yaranıb. Onu sökmək, söndürmək mümkün deyil.

Bəli, dünya belə yaranıb, sevgi ilə yaranıb. Ailələr dünya əhalisinə çevrilib. Hər kəs bacardığı həyatı yaşayır.

Amma ailə və doğmalar bir-birinə sıx bağlı olur.

Bunu inkar etməyi, dəyişməyi heç kəs bacarmayıb. Nə yaxşı ki…

Hər birimizin qəlbindən bu doğmalıq hissləri heç vaxt əskik olmasın, yaşam sevincimizə nəşə qatsın.

Onların pis günlərini görmək heç birimizə qismət olmasın.

Pis günü hər birimiz görsək də hamıya səbirli olmağı arzu edək.

Ən böyük var dövlətin şükür və səbr olduğuna da inanaq.

Yaşayaq, öyrənək, öyrədək, işləyək, sevək, sevilək, gəzək, sevinək – doğmalarımız da yanımızda.

Bəli, doğmalarsız həyat boş olar, mənasız olar, heç olar.

Canımızın, qanımızın, həyatımızın ayrılmaz parçalarına ömrümüzün sonuna kimi ehtiyacımız var.

Bu dünyadan onları ayırana əbədi dünyada qovuşduracağına ümidimizi itirməyək.

Sənubər Səhər

Senuber

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…