Əsas məzmuna keç

İQTİSADİ İNKİŞAFIN YAŞIL VƏ RƏQƏMSAL TEXNOLOJİ TRANSFORMASİYASININ PRIORİTETLƏRİ-TƏHLİL

 

(COP31 Antalya konfransı ərəfəsində yaşıl rəqəmsal iqtisadiyyatın yeni texnoloji  inkişaf paradiqmasına baxış)

XXI əsrin ikinci rübünə qədəm qoyan dünya iqtisadiyyatı özünün ən mürəkkəb transformasiya mərhələlərindən birini yaşayır. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, təbii resursların məhdudluğu, ekoloji tarazlığın pozulması, geosiyasi qarşıdurmalar, texnoloji rəqabət və sosial bərabərsizlik kimi problemlər artıq ayrı-ayrı sahələrin deyil, bütövlükdə qlobal iqtisadi sistemin inkişaf istiqamətlərini müəyyən edən amillərə çevrilmişdir. Ənənəvi iqtisadi inkişaf modelinin istehsalın genişləndirilməsi, təbii resursların intensiv istismarı və iqtisadi artımın kəmiyyət göstəriciləri üzərində qurulması müasir şəraitdə ciddi məhdudiyyətlərlə üzləşir. İqtisadi artımın özü artıq inkişafın kifayət qədər göstəricisi hesab edilə bilmir. Onun hansı resurslar hesabına əldə olunması, ekoloji mühitə necə təsir göstərməsi, texnoloji potensialı nə dərəcədə artırması və əldə olunan nəticələrin cəmiyyətin müxtəlif təbəqələri arasında necə bölüşdürülməsi də mühüm qiymətləndirmə meyarlarına çevrilir.

Belə bir şəraitdə yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat, innovasiya iqtisadiyyatı və inklüziv inkişaf arasında yeni qarşılıqlı əlaqələrin formalaşdırılması zərurəti meydana çıxır. Bu istiqamətlərə ayrı-ayrılıqda yanaşmaqla müasir iqtisadiyyatın qarşısında duran sistemli problemləri həll etmək mümkün deyil. Onların inteqrasiyası, qarşılıqlı tamamlanması və vahid inkişaf mexanizminə çevrilməsi tələb olunur.

9 noyabr 2026-cı ildə Türkiyənin Antalya şəhərində fəaliyyətə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası – COP31 məhz belə bir tarixi və iqtisadi kontekstdə keçirilir. Noyabrın 9–20-ni əhatə edən konfrans 190-dan çox ölkənin nümayəndələrini bir araya gətirir. Onun gündəliyində iqlim maliyyələşdirilməsi, enerji keçidi, uyğunlaşma, dayanıqlı şəhərlər, ərzaq təhlükəsizliyi, tullantıların idarə edilməsi, yaşıl sənayeləşmə, elm və texnologiya kimi məsələlər xüsusi yer tutur. COP31 Konfransının əsas müzakirə istiqamətlərindən biri də mövcud texnoloji imkanların, maliyyə resurslarının və institusional potensialın iqlim problemlərinin həllinə daha səmərəli səfərbər edilməsidir. Məhz burada prinsipial bir sual meydana çıxır: dünya yaşıl iqtisadiyyata keçid üçün kifayət qədər texnologiyaya, maliyyə alətlərinə və elmi biliklərə malik olduğu halda, nə üçün bu keçid hələ də gözlənilən sürətlə və miqyasda baş vermir?

Təbii ki, məsələ yalnız texnologiyanın mövcudluğunda deyil. Əsas problem texnologiyanın iqtisadiyyata inteqrasiyası, investisiyaların düzgün istiqamətləndirilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, insan kapitalının hazırlanması və əldə olunan nəticələrin ölçülə bilən iqtisadi-ekoloji göstəricilərə çevrilməsidir. Müasir mərhələdə yaşıl iqtisadiyyatın səmərəli inkişafı rəqəmsal transformasiyanın, texnoloji innovasiyaların və adaptiv idarəetmənin sistemli inteqrasiyasına əsaslanmalıdır. Bizim ölkə üçün isə bu proses milli iqtisadi prioritetləri, enerji potensialını, işğaldan azad edilmiş ərazilərin bərpasını, elmi-texnoloji imkanları və regional əməkdaşlıq perspektivlərini birləşdirən yeni inkişaf modelinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

  1. COP29-dan COP31-ə: qlobal iqlim siyasətində davamlılıq

 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında mühüm mövqeyini nümayiş etdirməklə yanaşı, qlobal iqlim siyasətinin inkişafında da əhəmiyyətli mərhələ oldu. COP29-un əsas nəticələrindən biri yeni kollektiv kəmiyyətləşdirilmiş iqlim maliyyələşdirilməsi məqsədinin (New Collective Quantified Goal – NCQG) qəbul edilməsi idi. Bu qərara əsasən, inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsinin 2035-ci ilədək illik 300 milyard ABŞ dollarına çatdırılması hədəfi müəyyən edildi. Bununla yanaşı, bütün mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönələn maliyyə axınlarının 2035-ci ilədək illik 1,3 trilyon dollara çatdırılması istiqamətində səylərin genişləndirilməsi razılaşdırıldı. Bu qərarlar iqlim dəyişiklikləri ilə mübarizənin yalnız ekoloji deyil, həm də qlobal maliyyə, investisiya və iqtisadi münasibətlər sisteminin transformasiyası məsələsi olduğunu bir daha təsdiqlədi.

COP29-un digər mühüm xüsusiyyəti onun fəaliyyət gündəliyində yaşıl enerji, enerji saxlama sistemləri, elektrik şəbəkələri, hidrogen texnologiyaları, su ehtiyatlarının qorunması, metan emissiyalarının azaldılması, dayanıqlı şəhərlər və rəqəmsal fəaliyyətin yaşıllaşdırılması kimi istiqamətlərin geniş təmsil olunması idi.  Xüsusilə COP29 çərçivəsində qəbul edilmiş Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi (Declaration on Green Digital Action) rəqəmsallaşmanın iqlim siyasətində rolunun beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli addım idi. Bu təşəbbüs İKT sektorunun ekoloji təsirinin azaldılmasını və rəqəmsal həllərin iqlim fəaliyyətində daha geniş tətbiqini nəzərdə tutur. Beləliklə də Bakı konfransı iqlim maliyyələşdirilməsi ilə yanaşı, yaşıl və rəqəmsal transformasiyanın əlaqələndirilməsi üçün də mühüm beynəlxalq platforma yaratdı.

COP31 isə bu prosesin davamı kimi qiymətləndirilməlidir. Antalya konfransının gündəliyində iqlim maliyyəsi, enerji və nəqliyyat, qida və kənd təsərrüfatı, dayanıqlı şəhərlər, tullantıların idarə edilməsi, elm, sənaye və texnologiya, okeanlar və təbii ekosistemlər, sosial inkişaf və ədalətli keçid məsələləri bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilir. Konfransın proqramında xüsusilə elm, sənaye və texnologiyaya ayrılmış tematik günün olması, süni intellekt və rəqəmsallaşmanın ayrıca müzakirə istiqamətləri sırasında yer alması diqqətəlayiqdir. Yəqin ki, COP31-in uğuru qəbul ediləcək sənədlərin sayından daha çox, onların icrası üçün yaradılacaq institusional mexanizmlər, maliyyə təminatı, texnoloji əməkdaşlıq və ölçülə bilən nəticələrlə müəyyən olunacaqdır. Başqa sözlə, qlobal iqlim siyasətinin yeni mərhələsi bəyanatlardan layihələrə, öhdəliklərdən investisiyalara, ayrı-ayrı ekoloji tədbirlərdən iqtisadi-texnoloji sistemlərin kompleks transformasiyasına keçidi tələb edir.

  1. Yaşil iqtisadiyyatın rəqəmsal transformasiyası

Yaşıl və rəqəmsal iqtisadiyyat son illərdə qlobal inkişafın iki aparıcı istiqaməti kimi formalaşmışdır. Lakin onların qarşılıqlı əlaqəsi hələ də kifayət qədər dərin elmi və praktiki tədqiqata ehtiyac duyur. Yaşıl iqtisadiyyatın əsas məqsədi təbii kapitalın qorunması, resurslardan səmərəli istifadə, ekoloji risklərin azaldılması, aşağı karbonlu istehsal və sosial rifahın təmin edilməsidir. Rəqəmsal iqtisadiyyat isə məlumatların, platformaların, süni intellektin, böyük verilənlərin, əşyaların internetinin, bulud texnologiyalarının və digər innovativ həllərin iqtisadi proseslərə inteqrasiyasına əsaslanır. Bu iki istiqamətin inteqrativ effekti yeni iqtisadi imkanlar yaradır. Məsələn, süni intellekt vasitəsilə enerji istehlakının proqnozlaşdırılması, ağıllı elektrik şəbəkələrinin idarə olunması, kənd təsərrüfatında suvarma sistemlərinin optimallaşdırılması, peyk məlumatları əsasında meşə və torpaq ehtiyatlarının monitorinqi, sənaye müəssisələrində resurs itkilərinin müəyyənləşdirilməsi və tullantıların dövriyyəyə qaytarılması rəqəmsal texnologiyaların yaşıl iqtisadiyyata real töhfələridir.

Böyük verilənlər (Big Data) və maşın öyrənməsi iqlim risklərinin modelləşdirilməsi, təbii fəlakətlərin proqnozlaşdırılması, ekoloji göstəricilərin təhlili və investisiya qərarlarının optimallaşdırılması üçün yeni imkanlar yaradır.

Blokçeyn texnologiyaları isə karbon kreditlərinin izlənməsi, enerji ticarətinin şəffaflaşdırılması, yaşıl layihələrin mənşəyinin və nəticələrinin təsdiqlənməsi kimi sahələrdə tətbiq oluna bilər. Lakin burada məsələnin digər tərəfi də nəzərə alınmalıdır.

Rəqəmsallaşmanın özü avtomatik olaraq ekoloji dayanıqlılıq yaratmır. Məlumat mərkəzlərinin elektrik enerjisinə və suya artan tələbatı, süni intellekt modellərinin hesablama resursları, elektron tullantılar, rəqəmsal infrastrukturun istehsalında istifadə olunan kritik minerallar və texnoloji avadanlıqların həyat dövrü ekoloji baxımdan yeni problemlər yaradır.

Beynəlxalq Enerji Agentliyinin 2026-cı ildə dərc etdiyi məlumatlara görə, məlumat mərkəzlərinin elektrik enerjisi istehlakı 2025-ci ildə 17 faiz artmış, süni intellektə yönəlmiş məlumat mərkəzlərində isə artım daha yüksək olmuşdur. Bu göstərici rəqəmsal iqtisadiyyatın sürətli genişlənməsinin enerji siyasəti ilə əlaqələndirilməsinin vacibliyini göstərir. Deməli, rəqəmsal texnologiyaların tətbiqi ilə əldə olunan ekoloji fayda həmin texnologiyaların özünün yaratdığı enerji, su, material və tullantı yükü ilə birlikdə qiymətləndirilməlidir. Bu baxımdan iki mühüm anlayışın da fərqləndirilməsi vacibdir: 1) İqtisadiyyatın yaşıllaşdırılması üçün rəqəmsallaşma – rəqəmsal texnologiyaların istehsal, enerji, nəqliyyat, kənd təsərrüfatı və xidmət sahələrinin ekoloji səmərəliliyini artırması; 2) Rəqəmsal sektorun yaşıllaşdırılması – İKT infrastrukturu, Data mərkəzləri, süni intellekt və elektron avadanlıqların özünün enerji və resurs baxımından dayanıqlı fəaliyyətinin təmin edilməsi.

Müasir yaşıl rəqəmsal iqtisadiyyat hər iki istiqamətin paralel inkişafını tələb edir. Bu səbəbdən rəqəmsal transformasiyanın ekoloji nəticələrini yalnız texnoloji məhsuldarlıq və iqtisadi gəlirlə deyil, həm də karbon izi, enerji intensivliyi, su istehlakı, material dövriyyəsi və həyat dövrü üzrə ekoloji təsirlərlə ölçmək lazımdır.

  1. Yaşil rəqəmsal iqtisadiyyata elmi yanaşma

2024-cü ildə COP29 ərəfəsində nəşr olunmuş “Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” adlı monoqrafiyada qeyd olunan məsələlərin bəzi fundamental istiqamətləri kompleks şəkildə araşdırılmışdır. Səkkiz fəsildən ibarət olan həmin tədqiqatda yaşıl iqtisadiyyata keçidin elmi-nəzəri və metodoloji əsasları, beynəlxalq təşəbbüslər və təcrübələr, yeni şəraitdə yaşıl iqtisadiyyatın inkişafı və idarə olunması, informasiya cəmiyyəti iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsal həllər, rəqəmsal-sirkulyar iqtisadiyyatın formalaşması, neft sənayesinin ekoloji transformasiyası, iqlim dəyişikliklərinin iqtisadi təsirləri, yaşıl və inklüziv texnologiyalar, kibertəhlükəsizlik və dayanıqlı inkişaf məsələləri sistemli şəkildə təhlil edilmişdir. Tədqiqatın mühüm istiqamətlərindən biri də yaşıl iqtisadiyyatın rəqəmsallaşdırılması ilə yanaşı, rəqəmsal iqtisadiyyatın özünün yaşıllaşdırılması zərurətinin əsaslandırılması idi. Monoqrafiyada nəzərdən keçirilən məsələlər göstərirdi ki, yaşıl iqtisadiyyat yalnız enerji sektorunun dəyişdirilməsi ilə məhdudlaşmır. O, sənaye, kənd təsərrüfatı, nəqliyyat, şəhər infrastrukturu, maliyyə, informasiya sistemləri, insan kapitalı və institusional idarəetmə sahələrində kompleks dəyişikliklər tələb edir. Xüsusilə Sənaye 4.0 texnologiyalarının tətbiqi, rəqəmsal sirkulyar iqtisadiyyat, Big Data, ağıllı şəhər və kənd sistemləri, neft sənayesinin iqtisadi-texniki yaşıllaşdırılması və iqlim problemlərinin həllində süni intellektin imkanları bu transformasiyanın əsas elmi istiqamətlərini təşkil etmişdir. Monoqrafiya üzrə tədqiqatların nəticələrini 2026-cı ilin qlobal reallıqları fonunda daha da inkişaf etdirmək mümkündür. Başqa sözlə, müasir mərhələdə yaşıl rəqəmsal iqtisadiyyatın elmi-metodoloji bazası aşağıdakı beş prinsipə əsaslana bilər:

  • Birincisi, sistemlilik prinsipi. Yaşıl, rəqəmsal, innovativ və inklüziv inkişaf vahid iqtisadi sistemin qarşılıqlı əlaqəli elementləri kimi nəzərdən keçirilməlidir.
  • İkincisi, adaptivlik prinsipi. İqtisadi sistem iqlim, texnologiya, enerji bazarları və geosiyasi şəraitdə baş verən dəyişikliklərə çevik uyğunlaşma qabiliyyətinə malik olmalıdır.
  • Üçüncüsü, resurs səmərəliliyi prinsipi. Təbii, enerji, maliyyə, informasiya və insan resurslarının istifadəsi iqtisadi və ekoloji nəticələrin birgə qiymətləndirilməsi əsasında təşkil edilməlidir.
  • Dördüncüsü, inklüzivlik prinsipi. Texnoloji və ekoloji transformasiyanın nəticələri yalnız yüksək texnologiyalı müəssisələrin və iri investorların deyil, regionların, kiçik və orta sahibkarlığın, əhalinin həssas qruplarının da inkişafına xidmət etməlidir.
  • Beşincisi, ölçüləbilən nəticəlilik prinsipi. Hər bir yaşıl və rəqəmsal layihənin iqtisadi, ekoloji və sosial nəticələri konkret indikatorlar əsasında qiymətləndirilməlidir.

Beləliklə, yaşıl rəqəmsal iqtisadiyyatın yeni elmi paradiqması texnologiyaların tətbiqindən daha geniş məzmun daşımalıdır. Burada əsas məsələ iqtisadiyyatın dəyişən mühitdə dayanıqlı fəaliyyət göstərə bilən yeni təşkilati, texnoloji və institusional arxitekturasının yaradılmasıdır.

  1. Adaptiv Rəqəmsal İqtisadiyyat Ekosistemi (ARİES) kontekstində yaşıl transformasiyanın yeni konseptual çərçivəsi

Yaşıl və rəqəmsal transformasiyanın qarşılıqlı əlaqəsinə dair irəli sürülən mühüm elmi yanaşmalardan biri Adaptiv Rəqəmsal İqtisadiyyat Ekosistemi – ARİES konsepsiyasıdır. ARİES-i iqtisadiyyatın rəqəmsal texnologiyalardan istifadə edən ayrı-ayrı sahələrinin məcmusu kimi deyil, dəyişən iqtisadi, ekoloji, texnoloji və institusional mühitə uyğunlaşan, özünü yeniləyən və qarşılıqlı əlaqədə fəaliyyət göstərən çoxkomponentli iqtisadi ekosistem kimi nəzərdən keçirmək məqsədəuyğundur.

Bu yanaşmanın yaşıl iqtisadiyyatı nəzərə almaqla  tətbiqi xüsusilə aktualdır. Çünki iqlim dəyişiklikləri, enerji resurslarının qiyməti, su qıtlığı, təbii fəlakətlər, texnoloji yeniliklər və qlobal bazarlardakı dəyişikliklər iqtisadi sistemlərdən yalnız mövcud vəziyyətə uyğunlaşmağı deyil, gələcək riskləri qabaqcadan müəyyən etməyi və inkişaf trayektoriyasını çevik dəyişməyi tələb edir.

ARİES yanaşmasının əsasını bir neçə qarşılıqlı əlaqəli komponent təşkil edir.

  1. Rəqəmsal-informasiya infrastrukturu.

Bu komponentə yüksək sürətli kommunikasiya şəbəkələri, bulud sistemləri, məlumat mərkəzləri, əşyaların interneti, peyk müşahidələri, sensor şəbəkələri və rəqəmsal platformalar daxildir. Onlar iqtisadi və ekoloji proseslər haqqında fasiləsiz məlumat əldə edilməsini təmin edir.

  1. Süni intellekt və analitik qərarvermə sistemi.

Süni intellekt, maşın öyrənməsi, Big Data və proqnozlaşdırma modelləri əsasında enerji istehlakı, su ehtiyatları, emissiyalar, istehsal prosesləri və iqlim riskləri təhlil edilir. Bu sistem idarəetmə qərarlarının operativliyini və əsaslandırılmasını artırır.

  1. Yaşıl texnologiyalar və resurs səmərəliliyi.

Bərpaolunan enerji, enerji saxlama sistemləri, ağıllı elektrik şəbəkələri, təmiz istehsal, ekoloji monitorinq, tullantıların təkrar emalı və sirkulyar iqtisadiyyat texnologiyaları bu komponentin əsasını təşkil edir.

  1. İnstitusional və iqtisadi idarəetmə mexanizmləri.

Dövlət, biznes, elmi müəssisələr, maliyyə institutları və vətəndaş cəmiyyəti arasında koordinasiya, rəqəmsal idarəetmə, yaşıl maliyyələşdirmə, dövlət-özəl tərəfdaşlığı və innovasiya ekosistemləri bu komponentə daxildir.

  1. İnsan kapitalı və inklüziv inkişaf.

Rəqəmsal və yaşıl bacarıqlar, elmi kompetensiyalar, sahibkarlıq, peşə hazırlığı və yeni əmək bazarının tələblərinə uyğunlaşma ekosistemin sosial əsasını formalaşdırır.

  1. Kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq.

Enerji sistemləri, su infrastrukturu, nəqliyyat, sənaye və dövlət idarəetməsinin rəqəmsallaşması kibertəhlükəsizlik risklərini artırır. Buna görə də informasiya təhlükəsizliyi, məlumatların etibarlılığı, rəqəmsal suverenlik və texnoloji müstəqillik ARİES-in ayrılmaz tərkib hissəsi olmalıdır.

ARİES-in fərqləndirici xüsusiyyəti bu komponentlərin ayrı-ayrılıqda deyil, vahid adaptiv mexanizm çərçivəsində fəaliyyət göstərməsidir. Məsələn, ağıllı kənd sistemində enerji istehlakı sensorlar vasitəsilə qeydə alınır, süni intellekt əsasında təhlil edilir, günəş enerjisinin istehsalı və saxlanması optimallaşdırılır, suvarma sistemləri torpağın faktiki rütubətinə uyğun idarə olunur, tullantıların dövriyyəsi təşkil edilir, əldə olunan məlumatlar isə regional və milli idarəetmə sistemlərinə ötürülür.

Belə bir sistemin nəticəsi yalnız kommunal xərclərin azalması deyil. Eyni zamanda enerji və su resurslarına qənaət, emissiyaların azalması, xidmətlərin keyfiyyətinin yüksəlməsi, yeni məşğulluq imkanlarının yaradılması və regionun iqtisadi dayanıqlığının güclənməsi təmin edilir.

ARİES-in tətbiqi ağıllı şəhər və kəndlərdən sənaye klasterlərinə, enerji sistemlərindən kənd təsərrüfatına, logistika şəbəkələrindən elmi müəssisələrə qədər geniş sahələri əhatə edə bilər. Bu baxımdan ARİES yaşıl iqtisadiyyatın rəqəmsal transformasiyasını izah edən konseptual çərçivə olmaqla yanaşı, onun praktiki idarəetmə və qiymətləndirmə mexanizmlərinin formalaşdırılması üçün də perspektivli elmi istiqamətdir. Burada əsas məsələ adaptivliyin yalnız texniki sistemlərin avtomatik tənzimlənməsi kimi deyil, iqtisadiyyatın bütövlükdə dəyişən şəraitə institusional, texnoloji və sosial uyğunlaşma qabiliyyəti kimi başa düşülməsidir.

  1. Yaşil iqtisadiyyata keçidin Milli modeli: təcrübə və imkanlar

Azərbaycanın yaşıl iqtisadiyyata keçid prosesi bir sıra mühüm xüsusiyyətlərə malikdir. Ölkəmiz ənənəvi enerji resursları baxımından zəngin olmaqla yanaşı, bərpaolunan enerji potensialına, əlverişli coğrafi mövqeyə, beynəlxalq enerji infrastrukturlarına və regional əməkdaşlıq imkanlarına malikdir. Bu xüsusiyyətlər Azərbaycanın yaşıl transformasiyasını həm milli iqtisadiyyatın diversifikasiyası, həm də beynəlxalq enerji sistemində yeni mövqelərin əldə edilməsi baxımından əhəmiyyətli edir.

Azərbaycanın 2021-ci ildə müəyyən edilmiş milli prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmaq mühüm istiqamət kimi müəyyənləşdirilmişdir. Milli inkişaf proqramında rəqabətli iqtisadiyyat, inklüziv cəmiyyət, insan kapitalı və müasir innovasiyalar, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və yaşıl artım bir-biri ilə əlaqəli prioritetlər kimi nəzərdə tutulmuşdur.

Azərbaycanın milli iqlim öhdəliklərinə əsasən, 2050-ci ilədək istixana qazı emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faiz azaldılması hədəfi müəyyən edilmişdir. Bu öhdəliyin reallaşdırılması beynəlxalq maliyyə, texnologiya transferi və potensialın gücləndirilməsi də daxil olmaqla dəstək şərtləri ilə əlaqələndirilir. Bərpaolunan enerji sahəsində isə 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının ən azı 30 faizə çatdırılması hədəflənir. Ölkənin bir çox bölmələrində oxşar istiqamətlərdə yeni layihələrin reallaşdırılması bu sahədə konkret irəliləyişləri nümayiş etdirməkdədir. Lakin Azərbaycanın yaşıl iqtisadiyyat modelini yalnız bərpaolunan enerji stansiyalarının tikintisi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Əsas məsələ enerji potensialının yeni iqtisadi dəyərə, texnoloji istehsala, ixrac imkanlarına, elmi kompetensiyalara və dayanıqlı məşğulluğa çevrilməsidir. Bu baxımdan bir neçə strateji istiqamət xüsusi əhəmiyyət daşıyır.

  • Yaşıl enerji strategiyasına keçid və iqtisadi dəyər zəncirlərinin formalaşdırılması

Azərbaycanın enerji strategiyasında bərpaolunan mənbələrin payının artırılması ilə yanaşı, enerji saxlama texnologiyalarının, ağıllı elektrik şəbəkələrinin, rəqəmsal enerji idarəetməsinin və enerji səmərəliliyinin inkişafı prioritetə malikdir. Günəş və külək enerjisinin istehsalı hava şəraitindən asılı olduğuna görə enerji sisteminin çevikliyi, balanslaşdırılması və saxlanması xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə batareya sistemləri, enerji saxlama qurğuları, ağıllı şəbəkələr, rəqəmsal dispetçer idarəetməsi və proqnozlaşdırıcı analitika geniş tətbiq edilməlidir. Eyni zamanda enerji layihələrinin lokal texnoloji komponentlərinin artırılması, mühəndislik xidmətlərinin inkişafı, yerli mütəxəssislərin hazırlanması və avadanlıqların istehsalı istiqamətində tədbirlər görülməlidir. Yaşıl enerji yalnız elektrik enerjisi istehsalının yeni mənbəyi deyil, həm də sənaye siyasətinin, texnoloji sahibkarlığın və ixracyönümlü istehsalın inkişaf platforması kimi nəzərdən keçirilməlidir.

  • İşğaldan azad edilmiş ərazilərdə yaşıl və rəqəmsal inkişaf

Azərbaycan üçün yaşıl iqtisadiyyatın inkişafında işğaldan azad edilmiş ərazilərin xüsusi yeri vardır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq prosesi ənənəvi infrastrukturun bərpasından daha geniş məzmun daşıyır. Burada yeni şəhərsalma, enerji təminatı, nəqliyyat, kənd təsərrüfatı, sosial xidmətlər və iqtisadi fəaliyyət sistemləri müasir texnologiyalar əsasında qurulur. Yaşıl enerji zonası konsepsiyası, ağıllı şəhər və ağıllı kənd layihələri bu ərazilərin inkişafında yeni imkanlar yaradır. Bu ərazilərdə yeni yanaşmaların pilot tətbiqi üçün xüsusi proqramlar hazırlana bilər. Belə  proqramlar aşağıdakı kimi komponentləri də əhatə edə bilər:

  • Günəş, külək və kiçik su elektrik stansiyalarının inteqrasiya olunmuş enerji sistemi;
  • Enerji istehsalı, saxlanması və istehlakının vahid rəqəmsal idarəetməsi;
  • Ağıllı suvarma, torpaq və su ehtiyatlarının rəqəmsal monitorinqi;
  • Ağıllı kənd təsərrüfatı və dəqiq əkinçilik texnologiyaları;
  • Rəqəmsal xəritələşdirmə və coğrafi informasiya sistemləri;
  • Ağıllı tullantı idarəetməsi və sirkulyar iqtisadiyyat;
  • Ağıllı şəhər və kəndlər üçün rəqəmsal əkiz (Digital Twin) modelləri;
  • Ətraf mühitin və biomüxtəlifliyin süni intellekt əsaslı monitorinqi.

Xüsusilə Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və digər ərazilərdə şəhər və regional infrastrukturun rəqəmsal əkizlərinin yaradılması da mühüm perspektivlərə malikdir. Rəqəmsal əkizlər ərazilərin fiziki infrastrukturunun virtual modellərini yaratmaqla tikinti, enerji, nəqliyyat, su təchizatı və ekoloji idarəetmə qərarlarının əvvəlcədən sınaqdan keçirilməsinə imkan verə bilər. Bu, həm resurs itkilərini azaldar, həm də investisiya qərarlarının əsaslandırılmasını gücləndirər.

Qarabağ və Şərqi Zəngəzurun inkişafı yalnız bərpa prosesinin nəticələri ilə deyil, burada yaradılan yeni iqtisadi sistemin texnoloji səviyyəsi, ekoloji səmərəliliyi və innovasiya potensialı ilə də qiymətləndirilə bilər.

  • Neft-qaz sektorunun yaşıl və rəqəmsal transformasiyası

Azərbaycanın iqtisadiyyatında neft-qaz sektorunun xüsusi çəkisini nəzərə alsaq, yaşıl transformasiyanın bu sahəni kənarda qoyması mümkün deyil. Əksinə, neft-qaz sənayesinin texnoloji və ekoloji modernləşdirilməsi milli iqlim siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır. Bu sahədə metan emissiyalarının ölçülməsi və azaldılması, məşəldə yandırmanın minimuma endirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi, hasilat və nəql sistemlərində itkilərin azaldılması, su ehtiyatlarından səmərəli istifadə və tullantıların idarə olunması xüsusi əhəmiyyət daşıyır.

Peyk monitorinqi, pilotsuz uçuş aparatları, sensor sistemləri, süni intellekt və rəqəmsal əkiz texnologiyaları bu proseslərin səmərəliliyini yüksəldə bilər. Eyni zamanda SOCAR və digər enerji müəssisələrinin yaşıl texnologiyalar, hidrogen, karbonun tutulması və saxlanması, enerji saxlama və bərpaolunan enerji sahələrində elmi-texnoloji fəaliyyətinin genişləndirilməsi də vacibdir. Əsas məqsəd ənənəvi enerji sektorunun mövcud iqtisadi potensialını yeni texnoloji və ekoloji inkişaf mərhələsinə transformasiya etməkdir.

  • Kənd təsərrüfatı, su təhlükəsizliyi və ərzaq dayanıqlılığı

İqlim dəyişikliklərinin Azərbaycana təsirinin mühüm istiqamətlərindən biri su ehtiyatlarının vəziyyəti və kənd təsərrüfatının dayanıqlılığıdır. Su qıtlığı, temperatur dəyişiklikləri, torpaqların deqradasiyası və yağıntı rejiminin dəyişməsi kənd təsərrüfatının məhsuldarlığına və ərzaq təhlükəsizliyinə təsir göstərir. Bu baxımdan dəqiq əkinçilik, ağıllı suvarma, torpağın rəqəmsal monitorinqi, peyk müşahidələri, məhsuldarlığın süni intellektlə proqnozlaşdırılması və aqrometeoroloji informasiya sistemlərinin inkişafı zəruridir.

Su ehtiyatlarının idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi, su itkilərinin aşkarlanması və suvarma sistemlərinin optimallaşdırılması iqtisadi və ekoloji baxımdan mühüm nəticələr verə bilər. Xüsusilə transsərhəd su ehtiyatlarının idarə olunması, regional məlumat mübadiləsi və iqlim risklərinin birgə qiymətləndirilməsi Azərbaycanın regional əməkdaşlıq gündəliyində də mühüm yer tutmalıdır.

  • Yaşıl maliyyə, investisiya və innovasiya ekosistemi

Yaşıl iqtisadiyyata keçidin əsas məhdudiyyətlərindən biri maliyyə resurslarının həcmi deyil, onların səmərəli layihələrə yönəldilməsi, risklərin bölüşdürülməsi və investisiyaların nəticələrinin qiymətləndirilməsi mexanizmləridir. Azərbaycan üçün yaşıl istiqrazlar, dayanıqlı maliyyələşdirmə, qarışıq maliyyə modelləri, dövlət-özəl tərəfdaşlığı, iqlim fondları və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq genişləndirilməlidir. Lakin maliyyələşdirmə mexanizmləri layihələrin real iqtisadi və ekoloji nəticələrinə əsaslanmalıdır.

Hər bir layihə üzrə karbon emissiyalarının azaldılması, enerji və su qənaəti, yaradılan iş yerləri, texnoloji yeniliklər, yerli əlavə dəyər və sosial təsirlər ölçülməlidir. Bu istiqamətdə yaşıl layihələrin rəqəmsal monitorinqi, şəffaf hesabatlılığı və investisiya nəticələrinin müstəqil qiymətləndirilməsi sistemlərinin yaradılması məqsədəuyğundur.

  1. İqlim iqtisadiyyatında Süni intellektin yaratdığı yeni imkanlar

Süni intellekt artıq iqtisadiyyatın əksər sahələrində məhsuldarlıq və idarəetmə mexanizmlərini dəyişdirən fundamental texnoloji amilə çevrilir. İqlim iqtisadiyyatı da bu dəyişikliklərdən kənarda qalmır. Süni intellekt iqlim modellərinin dəqiqləşdirilməsi, təbii fəlakətlərin proqnozlaşdırılması, enerji istehsalı və istehlakının optimallaşdırılması, karbon emissiyalarının izlənməsi, meşə və torpaq ehtiyatlarının monitorinqi, sənaye proseslərinin səmərəliliyinin yüksəldilməsi üçün geniş imkanlar yaradır. Lakin süni intellektin yaşıl iqtisadiyyata təsiri ikili xarakter daşıyır. Bir tərəfdən, o, resurs itkilərini azaldır, proqnozlaşdırmanı təkmilləşdirir və ekoloji qərarların keyfiyyətini yüksəldir. Digər tərəfdən, hesablama infrastrukturu, məlumat mərkəzləri və süni intellekt modelləri əlavə enerji və su istehlakı yaradır. Bu ziddiyyət süni intellektin inkişafının ekoloji səmərəlilik prinsipləri əsasında təşkil edilməsini tələb edir. Azərbaycan üçün bu sahədə aşağıdakı istiqamətlər perspektivlidir:

  • Enerji səmərəli süni intellekt infrastrukturlarının yaradılması.
  • Məlumat mərkəzlərinin bərpaolunan enerji mənbələri ilə təminatının genişləndirilməsi.
  • İqlim və ekoloji məlumatlar üzrə milli rəqəmsal platformanın yaradılması.
  • Təbii fəlakət risklərinin süni intellekt əsasında proqnozlaşdırılması.
  • Enerji, su və kənd təsərrüfatı sistemlərində proqnozlaşdırıcı idarəetmənin tətbiqi.
  • Yaşıl texnologiyalar sahəsində yerli süni intellekt həllərinin hazırlanması.

Burada xüsusi diqqət yetirilməli məsələ rəqəmsal suverenlikdir. İqlim məlumatları, enerji sistemləri, strateji infrastruktur və milli iqtisadi təhlükəsizliklə bağlı informasiya resurslarının qorunması, onların etibarlılığı və əlçatanlığı dövlətin texnoloji müstəqilliyinin mühüm tərkib hissəsidir.   Bu səbəbdən süni intellektin ekoloji və iqtisadi səmərəliliyi ilə yanaşı, onun təhlükəsizliyi, şəffaflığı və məsuliyyətli idarə olunması da təmin edilməlidir.

  1. Yaşil və rəqəmsal transformasiyada insan kapitali və inklüziv inkişaf

Yaşıl iqtisadiyyatın formalaşmasında texnologiya və maliyyə nə qədər vacibdirsə, insan kapitalı da bir o qədər əhəmiyyətlidir. Yeni iqtisadi model yeni peşələr, yeni kompetensiyalar və yeni əmək münasibətləri yaradır. Bərpaolunan enerji mühəndisləri, enerji analitikləri, ekoloji məlumat mütəxəssisləri, süni intellekt tədqiqatçıları, karbon uçotu ekspertləri, rəqəmsal kənd təsərrüfatı mütəxəssisləri və yaşıl maliyyə analitiklərinə tələbat artır. Bu şəraitdə təhsil sisteminin yaşıl və rəqəmsal transformasiyaya uyğunlaşdırılması zəruridir.

Universitetlər, elmi-tədqiqat institutları, peşə təhsili müəssisələri və biznes strukturları arasında əməkdaşlığın gücləndirilməsi, birgə laboratoriyaların, innovasiya mərkəzlərinin və texnoloji transfer platformalarının yaradılması vacibdir. Xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları, energetika, ekologiya və idarəetmə elmlərinin inteqrasiyası yeni elmi istiqamətlərin formalaşmasına şərait yarada bilər. Digər tərəfdən, yaşıl keçid sosial ədalət prinsiplərinə də əsaslanmalıdır.

Ənənəvi enerji və sənaye sahələrində çalışan işçilərin yeni iqtisadi fəaliyyət sahələrinə uyğunlaşdırılması, yenidən hazırlanması və məşğulluğunun qorunması ədalətli keçidin əsas şərtlərindəndir. Rəqəmsal xidmətlərin regionlarda əlçatanlığı, qadınların və gənclərin yaşıl texnologiyalar sahəsində məşğulluğunun artırılması, kiçik və orta sahibkarlığın innovasiya proseslərinə cəlb edilməsi də bu siyasətin mühüm istiqamətləri olmalıdır.

İqtisadiyyatın yaşıl rəqəmsal transformasiyanın nəticəsi yalnız emissiyaların azalması ilə deyil, insanların həyat keyfiyyətinin yüksəlməsi ilə də ölçülməlidir.

yasil enerji hidrogen

  1. Milli icra mexanizmləri üzrə təkliflər

Ölkədə yaşıl və rəqəmsal transformasiyasının yeni mərhələsinə keçirilməs zəruridir.  Bu prosesdə əsas diqqət ayrı-ayrı layihələrin həyata keçirilməsindən daha çox, onların vahid milli inkişaf sistemində əlaqələndirilməsinə yönəldilməlidir. Bu məqsədlə aşağıdakı bəzi prioritetləri təklif etmək olar.

Birinci. Milli Yaşıl Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması.

İkinci. Milli Adaptiv rəqəmsal iqtisadi ekosistem modelinin hazırlanması.

Bu modelin pilot tətbiqi üçün Qarabağ və Şərqi Zəngəzur xüsusi əhəmiyyət daşıya bilər. Burada yaşıl enerji, ağıllı kənd təsərrüfatı, rəqəmsal şəhər idarəetməsi, ekoloji monitorinq və resurs səmərəliliyi sistemləri inteqrasiya edilməlidir.

Üçüncü. Milli Yaşıl Rəqəmsal Məlumat Platformasının yaradılması.

Platformada enerji, su, torpaq, atmosfer, emissiyalar, biomüxtəliflik, tullantılar və iqlim riskləri üzrə məlumatların vahid standartlarla toplanması, emalı və təhlili təmin olunmalıdır. Bu platforma dövlət idarəetməsi, elmi tədqiqatlar, biznes və investisiya qərarları üçün etibarlı informasiya bazası rolunu oynaya bilər.

Dördüncü. Yaşıl texnologiyaların lokallaşdırılması və milli innovasiya bazasının genişləndirilməsi.

Azərbaycan yalnız yaşıl texnologiyaların idxalçısı və istifadəçisi olmamalıdır. Yerli elmi-texnoloji potensial əsasında enerji saxlama, ağıllı şəbəkələr, rəqəmsal monitorinq, ekoloji sensorlar, süni intellekt həlləri və tullantıların emalı texnologiyalarının yaradılması təşviq edilməlidir.

Beşinci. Yaşıl maliyyələşdirmənin rəqəmsal monitorinq sisteminin formalaşdırılması.

Yaşıl istiqrazlar, beynəlxalq kreditlər, dövlət investisiyaları və özəl kapital hesabına maliyyələşdirilən layihələrin nəticələri vahid rəqəmsal göstəricilər sistemi əsasında izlənilməlidir.

Altıncı. İqlim risklərinin iqtisadi qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi.

İqlim dəyişikliklərinin kənd təsərrüfatına, su ehtiyatlarına, energetikaya, şəhər infrastrukturuna, sığorta bazarına və regionların inkişafına təsiri iqtisadi modellər əsasında qiymətləndirilməlidir.

Yeddinci. Elmi-tədqiqat və ali təhsil müəssisələrinin yaşıl innovasiya proseslərinə daha geniş cəlb edilməsi.

Yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, süni intellekt və iqlim iqtisadiyyatı üzrə multidissiplinar tədqiqat proqramları, laboratoriyalar, magistratura və doktorantura istiqamətləri inkişaf etdirilməlidir.

Səkkizinci. Milli Yaşıl Rəqəmsal İnkişaf İndeksinin hazırlanması.

Ölkənin və regionların yaşıl rəqəmsal transformasiyasını qiymətləndirmək üçün iqtisadi, texnoloji, ekoloji, sosial və institusional göstəriciləri birləşdirən inteqral indeks formalaşdırılmalıdır.

Bu indeksin əsas komponentlərinə enerji və resurs səmərəliliyi, karbon intensivliyi, rəqəmsal infrastruktur, innovasiya potensialı, yaşıl məşğulluq, inklüzivlik, kibertəhlükəsizlik və adaptiv idarəetmə daxil edilə bilər.

Doqquzuncu. Beynəlxalq və Regional yaşıl texnoloji əməkdaşlıq platformasının inkişaf etdirilməsi.

Azərbaycanın enerji və nəqliyyat infrastrukturu, coğrafi mövqeyi və beynəlxalq tərəfdaşlıqları nəzərə alınaraq Xəzər hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji, rəqəmsal logistika, su təhlükəsizliyi və ekoloji monitorinq sahələrində əməkdaşlıq genişləndirilməlidir.

Onuncu. İqlim texnologiyaları və innovativ sahibkarlıq üçün xüsusi maliyyə və institusional dəstək mexanizmlərinin yaradılması.

Startapların, kiçik və orta texnoloji müəssisələrin, universitet spin-offlarının və elmi nəticələrin kommersiyalaşdırılması prosesinin dəstəklənməsi yaşıl iqtisadiyyatın yerli innovasiya bazasını gücləndirə bilər.

Bu kimi təkliflərin ümumi məqsədi Azərbaycanın enerji resurslarına əsaslanan iqtisadi potensialını texnoloji innovasiyalar, yüksək əlavə dəyər, ekoloji dayanıqlılıq və rəqabətqabiliyyətli istehsal üzərində qurulan yeni inkişaf modelinə transformasiya etməkdir.

 

  1. Qlobal iqlim siyasətində elmin, texnologiyanin və milli maraqlarin uzlaşdirilmasi

COP31-in əhəmiyyətli tərəflərindən biri də iqlim problemlərinin həllində beynəlxalq əməkdaşlığın yeni mexanizmlərinin müzakirəsidir. İqlim dəyişiklikləri dövlət sərhədlərini tanımır. Onun nəticələri bir ölkədə meydana gəlsə də, digər ölkələrin iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə, enerji təminatına, miqrasiya proseslərinə və sosial sabitliyinə təsir göstərə bilər. Bu səbəbdən iqlim siyasətində beynəlxalq əməkdaşlıq, texnologiya transferi, elmi məlumat mübadiləsi və maliyyə resurslarına çıxış mühüm əhəmiyyət daşıyır. Lakin beynəlxalq əməkdaşlıq milli iqtisadi maraqların və texnoloji inkişaf prioritetlərinin nəzərə alınması ilə uzlaşdırılmalıdır.

İnkişaf etməkdə olan ölkələr üçün yaşıl keçidin əsas problemlərindən biri texnologiyaların yüksək qiyməti, maliyyə resurslarına məhdud çıxış, texnoloji asılılıq və insan kapitalının kifayət qədər hazırlanmamasıdır. Buna görə də iqlim maliyyələşdirilməsi yalnız maliyyə vəsaitlərinin ayrılması ilə məhdudlaşmamalı, texnologiya transferi, yerli istehsal, elmi kompetensiyaların inkişafı və institusional potensialın gücləndirilməsini də əhatə etməlidir.

Azərbaycan üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir. Ölkəmiz enerji istehsalçısı olmaqla yanaşı, yaşıl enerji, rəqəmsal infrastruktur, regional enerji bağlantıları və texnoloji innovasiyalar sahəsində yeni imkanlar əldə edə bilər. Burada əsas məqsəd ənənəvi enerji potensialını itirmədən və iqtisadi təhlükəsizliyi zəiflətmədən aşağı karbonlu, texnoloji və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır. Eyni zamanda, beynəlxalq iqlim siyasətində elmi əsaslandırılmış qərarların qəbuluna, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsinə, iqlim maliyyələşdirilməsinin əlçatanlığına və ədalətli keçid mexanizmlərinə diqqət artırılmalıdır. Azərbaycanın COP29 təcrübəsi bu istiqamətdə beynəlxalq dialoqa töhfə vermək üçün mühüm institusional baza yaratmışdır.

  1. Yaşil gələcəyin əsası texnologiya, elm və ARIES Adaptiv rəqəmsal iqtisadiyyat ekosistemli idarəetmədədir

COP31-in Antalya gündəliyi bir daha təsdiqləyir ki, qlobal iqlim siyasəti yeni inkişaf mərhələsinə daxil olur. Bu mərhələdə əsas məsələ iqlim dəyişikliklərinin mövcudluğunu qəbul etmək və yeni öhdəliklər müəyyənləşdirməklə kifayətlənmək deyil, onların icrasını təmin edən iqtisadi, texnoloji, maliyyə və institusional mexanizmlər yaratmaqdır. Yaşıl iqtisadiyyatın gələcəyi enerji keçidi, rəqəmsallaşma, süni intellekt, sirkulyar iqtisadiyyat, innovasiya və inklüziv inkişafın qarşılıqlı inteqrasiyasından asılı olacaqdır. Bu inteqrasiya olmadan nə resurslardan səmərəli istifadəni, nə ekoloji təhlükəsizliyi, nə də uzunmüddətli iqtisadi dayanıqlılığı tam təmin etmək mümkündür. Fikrimizcə, yaşıl və rəqəmsal transformasiyanın qarşılıqlı əlaqəsi müasir iqtisadi inkişafın yeni keyfiyyət mərhələsini formalaşdırır. Bu mərhələdə iqtisadiyyatın uğuru yalnız istehsalın həcmi, investisiyaların miqdarı və texnologiyaların sayı ilə deyil, onun dəyişən mühitə uyğunlaşma qabiliyyəti, resurslardan istifadə səmərəliliyi, ekoloji məsuliyyəti, innovasiya potensialı və sosial nəticələri ilə müəyyən olunacaqdır. Bu baxımdan təklif olunan ARİES – Adaptiv Rəqəmsal İqtisadiyyat Ekosistemi yanaşması yaşıl və rəqəmsal transformasiyanın vahid inkişaf arxitekturasında əlaqələndirilməsi üçün perspektivli konseptual istiqamət kimi qiymətləndirilə bilər. Azərbaycanda bu istiqamətdə bütün mühüm imkanlar mövcuddur. Ölkənin enerji potensialı, beynəlxalq nəqliyyat və kommunikasiya imkanları, COP29 təcrübəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, elmi və texnoloji potensialı yeni inkişaf modelinin formalaşdırılması üçün zəruri ilkin şərtlər yaradır. Lakin bu imkanların real nəticələrə çevrilməsi üçün elmi tədqiqatların iqtisadi siyasətlə əlaqələndirilməsi, texnologiyaların lokallaşdırılması, insan kapitalının inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi və rəqəmsal idarəetmənin genişləndirilməsi vacibdir.

COP29 Bakıda qlobal iqlim maliyyələşdirilməsi və yaşıl rəqəmsal fəaliyyət üzrə mühüm təşəbbüslərə beynəlxalq dəstək qazandırdı. COP31 Antalya isə həmin təşəbbüslərin icrası, iqtisadi nəticələrinin qiymətləndirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün mühüm imkan yaradır. Hazırda dünyanın qarşısında duran əsas seçim yaşıl iqtisadiyyata keçib-keçməmək məsələsi deyil. Əsas seçim bu keçidin hansı texnoloji, iqtisadi və institusional model əsasında həyata keçiriləcəyidir. Azərbaycanın milli maraqları baxımından isə həmin modelin innovativ, rəqəmsal, adaptiv, inklüziv və ekoloji cəhətdən dayanıqlı olması strateji əhəmiyyət daşıyır.

Gələcəyin rəqabətqabiliyyətli iqtisadiyyatı sadəcə yaşıl-rəqəmsal texnologiyalara malik olan ölkə iqtisadiyyatı deyil. O, bir çox innovativ və intellektual texnologiyaları yaradan, inkişaf etdirən, tətbiq edən, səmərəli idarə edən və onları milli rifahın, elmi tərəqqinin və ekoloji təhlükəsizliyin təminatına çevirə bilən Milli iqtisadiyyatdır. Ümummilli lider Heydər Əliyevin tövsiyyələri əsasında Möhtəm Prezident İlham Əliyev tərəfindən məhz belə bir Milli iqtisadiyyat Azərbaycanın gələcək inkişaf strategiyasının əsas hədəflərinə uyğun olaraq qurulmaqda və inkişaf etdirilməkdədir.

Əlövsət Qaraca Əliyev,

iqtisad elmləri doktoru,

professor

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…