Ağdamın ziyalıları, millət vəkilləri, jurnalistləri, sənət adamları, blogerləri və ictimai fəalları, Raquf Orucov məsələsində niyə susursunuz?
Mən burada Ağdam rayonunu Milli Məclisdə təmsil edən üç millət vəkilinə Bəxtiyar Əliyevə, Elman Məmmədova və Polad Bülbüloğluna, əsasən də parlamentdəki çıxışları ilə tez-tez gündəmə gələn, Ağdam sevdalısı Aqil Abbasa, eləcə də Ağdamlı jurnalistlərə, sənət adamlarına, blogerlərə və ictimai fəallara səslənirəm.
Nəyə görə Əfsanəvi kəşfiyyatçı, “Murov Qartalı” ləqəbi ilə tanınan Aprel şəhidi Raquf Orucova haqqı olduğuna inandığımız Milli Qəhrəman adının verilməsi məsələsinə niyə toxunmursunuz?
Bu məsələ ilə bağlı fikir bildirmək bu qədərmi çətindir? Yaxud qorxuludur?
Ağdam rayonundan olan, kifayət qədər tanınmış, geniş auditoriyaya sahib insanlar var ki, hər gün sosial şəbəkələrdə müxtəlif mövzularda fəallıq göstərirlər. Bəs niyə bu fəallığı Raquf Orucovun haqqı olan Milli Qəhrəman adının verilməsi məsələsində də görmürük?
Niyə müraciət etmirsiniz? Niyə bu məsələni ictimailəşdirmirsiniz? Niyə bir neçə ziyalı bir araya gəlib aidiyyəti dövlət qurumlarının qəbuluna getmir, bu məsələnin həlli üçün təşəbbüs göstərmir? Raquf Orucova qarşı olduğunu düşündüyümüz bu haqsızlığa niyə göz yumursunuz? Bu məsələ ilə bağlı fikrinizi bildirmək, mövqeyinizi ortaya qoymaq sizin üçün sadəcə istək və ya seçim olmamalıdır. Mən hesab edirəm ki, bu, hər birinizin, eləcə də hər birimizin mənəvi borcudur!
Mən artıq bir ilə yaxındır ki, Raquf Orucovun Milli Qəhrəman adına layiq görülməsi ilə bağlı fikirlərimi bildirir, müxtəlif platformalarda məsələni gündəmə gətirir, aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlayıram. Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezident Administrasiyasının hərbi məsələlər üzrə aidiyyəti qurumuna da müraciət etmişəm. Müraciətimlə əlaqədar mənimlə əlaqə saxlanılıb və məsələ ilə bağlı məlumatlar alınıb.
Bəlkə də bəziləri düşünür ki, Yusif bezmədi bu məsələni təkrar-təkrar gündəmə gətirməkdən? Xeyr, bezmədim və bezməyəcəyəm də!
Raquf Orucovun Milli Qəhrəman adına layiq görülməsi məsələsi öz həllini tapana qədər bu mübarizədən geri çəkilməyəcəyəm!
Mənim sözüm məhz bu məsələyə münasibət bildirməyən, susmağa üstünlük verən, yaxasını kənara çəkən insanlaradır.
Əziz ağdamlı ziyalılarımız, tanınmış şəxslərimiz, Ağdamı müxtəlif kürsülərdən təmsil edənlər!
Belə məsələlərdə ilk təşəbbüsün sizdən gəlməsi daha doğru və daha təsirli olmazmı? Bu məsələyə ilk növbədə sizin toxunmağınızı, mövqeyinizi ortaya qoymağınızı gözləyirəm.
Siz ilk addımı atın, ondan sonra hər kəs öz fikrini ortaya qoysun.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: Raquf Orucova Milli Qəhrəman adının verilməsini tələb etmək təkcə ağdamlıların məsələsi deyil. Bu, Vətənini, dövlətini sevən, şəhidlərin qəhrəmanlığını uca tutan hər bir Azərbaycan vətəndaşının məsələsidir.
Demək istədiyim, ilk addımı siz atın!
Mən ünvanladığım müraciətlərin nəticəsini gözləyirəm. Əgər lazım gələrsə, qapı-qapı gəzərək imzalar toplayacaq, Raquf Orucovun Milli Qəhrəman adına layiq görülməsi tələbi ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə kollektiv müraciət ünvanlayacağam.
Raquf Orucovun qəhrəmanlığı unudulmamalı, onun adı və xidmətləri layiq olduğu qiyməti almalıdır!
Yusif Şamiloğlu,
Blogger







