Əsas məzmuna keç

“Xərçəng kralı”nın 24 illik həbs hökmü qüvvədə saxlanılıb

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi “Xərçəng kralı” kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb.

Tezadlar.az xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyabi olaraq 24 il ciddi rejimli cəzaçəkmə müəssisəsində həbsə məhkum edilib.

Müdafiə tərəfi Vladivostokun Frunze Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli qərarından şikayət verib.

Lakin kassasiya instansiyası hökmün ləğvi üçün əsas tapmayıb.

Vəkillərin əsas arqumentlərindən biri Oleq Kanın öldüyü barədə iddia olub. Onlar iş adamının hələ 2023-cü ildə xaricdə vəfat etdiyini bildirərək məhkəməyə müvafiq sənədlər təqdim ediblər. Ancaq məhkəmə həmin sübutları cinayət təqibinə xitam verilməsi üçün kifayət hesab etməyib.

İstintaq materiallarına əsasən, Oleq Kan və onun əlaltıları 2014–2019-cu illərdə Yaponiya, Cənubi Koreya və Çinə qanunsuz olaraq diri xərçəng ixracını təşkil ediblər. Qaçaqmalçılıq yolu ilə daşınan məhsulun ümumi həcmi 3 min tonu, dəyəri isə 2,6 milyard rublu keçib.

Məhkəmə iş adamına 24 illik həbs cəzası ilə yanaşı, 5 milyon rubl cərimə də təyin edib. Bundan başqa, cinayət fəaliyyətindən əldə olunan gəlirin ekvivalenti kimi qiymətləndirilən 4,26 milyard rubldan çox vəsaitin dövlət nəfinə müsadirəsinə qərar verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…