Əsas məzmuna keç

“Nə ailə qura bilirəm, nə də uşağım ola bilər”- Firəngiz Əlizadə kirayədə yaşayan gənc bəstəkarlardan danışıb

“Deyir ki, axşam restoranda ifa edirəm, mənə 100 manat verirlər, onun da hamısını ev kirayəsinə ödəyirəm”.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.

Firəngiz Əlizadə bildirib ki, gənc bəstəkarların bəziləri üçün iş və yaradıcılıq imkanları məhdud olduğu halda, digərləri ümumiyyətlə iş tapa bilmirlər. Onun sözlərinə görə, diplomunda ixtisasının göstərilmədiyini deyən gənc bəstəkarlar gələcəkdə harada çalışacaqlarını bilmirlər.

O, gənc bəstəkarların dolanışıq üçün restoranlarda musiqi ifa etməyə məcbur qaldıqlarını da diqqətə çatdırıb: “Deyir ki, axşam restoranda ifa edirəm, mənə 100 manat verirlər, onun da hamısını ev kirayəsinə ödəyirəm. Nə ailə qura bilirəm, nə də uşağım ola bilər”.

İttifaq sədri qeyd edib ki, bu problemlər gələcəkdə demoqrafik və sosial çətinliklərə də səbəb ola bilər. O, çıxışında yalnız bəstəkarların üzləşdiyi vəziyyətdən danışdığını, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri olduğu üçün etdiyini bildirib.

Firəngiz Əlizadə Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışını yüksək qiymətləndirərək, dövlət başçısının mədəniyyət sahəsi üçün yol göstərdiyini deyib. O, forum çərçivəsində öz əsərinin də səsləndirilməsindən qürur duyduğunu bildirib.

“Bu mədəniyyətlərarası dialoqda mənim əsərim ifa olundu. Həyatda olan bəstəkarlar arasında yalnız mənim əsərim səsləndi. İsveçdən gələn ifaçının əsərimi səsləndirməsinə görə təşəkkür edirəm”, – deyə o bildirib.

Bununla belə, Firəngiz Əlizadə gənc bəstəkarların vəziyyətinin çox acınacaqlı olduğunu bir daha vurğulayıb. O, çıxışında Polad Bülbüloğlunun bəstəkar kimi fəaliyyətinə toxunaraq, onun Azərbaycan baletlərinin xaricdə başqa xalqların əsərləri kimi təqdim edilməsinə qarşı göstərdiyi müqaviməti xatırladıb.

İttifaq sədri bildirib ki, Azərbaycanla İran arasında bu baxımdan tarixən problemlər yaşanıb və mədəni irsin mənsubiyyəti məsələsi diqqət tələb edir. Bu kontekstdə Nizami Gəncəvinin irsinin təqdimatı ilə bağlı qarşılaşdığı bir hadisəni də danışıb.

Firəngiz Əlizadə Nizami Gəncəviyə həsr olunan “Nizami kosmosu” adlı əsər üzərində çalışdığını və bu əsərin İngiltərədən sifariş edildiyini bildirib. Onun sözlərinə görə, əsərin hazırlanması zamanı xarici tərəfdaşlar ona “Sizin Nizami ilə nə əlaqəniz var?” sualını veriblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…