Marneuli və Hucabi yeparxiyasının yepiskopu Giorgi Camdeliani bildirib ki, mitropolit İobun son moizəsində səsləndirdiyi fikirlər bir çoxlarının əsl simasını üzə çıxarıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, yepiskop bu barədə bazar günü keçirilən moizəsi zamanı danışıb. Onun sözlərinə görə, ölkədəki ağır sosial vəziyyət və narkotik cinayətləri fonunda əsas problemlər barədə susmaq dövlətə xəyanət kimi qiymətləndirilməlidir. Camdeliani gənclər arasında narkotik asılılığı və qumar oyunlarının yaratdığı problemlərə diqqət çəkərək bildirib ki, narkotik istifadəçiləri yalnız həbs edilməklə deyil, müalicə və reabilitasiya yolu ilə dəstəklənməlidir: “Bu gənclərin intihara sürüklənməsinə görə kim məsuliyyət daşıyacaq? Narkotiklərin təsiri altında və qumar oyunlarına cəlb olunaraq özlərinə sahib ola bilməyən gənclər həyatlarına intiharla son qoyurlar. Narkotiklər göydən düşmür, deməli, ölkəyə gətirilir və burada satılır. Bu isə kimlərinsə həmin fəaliyyətə himayədarlıq etdiyini göstərir. Televiziyada hər gün kiminsə saxlanıldığını görürük. Lakin mübarizə təkcə həbslərlə məhdudlaşmamalıdır. İstifadəçilər artıq xəstədirlər, onlar üçün stasionar müalicə müəssisələri yaradılmalı, kömək göstərilməlidir. Metadon proqramı da ayrıca bir mafiyaya çevrilib. Mən bu proqrama daxil olub sağalan insan görməmişəm. Bu sahədə real tədbirlər görməliyik. Bunları dediyimizə görə biz ölkə düşməniyik? Mitropolit İob da ölkə düşmənidir?” – deyə yepiskop bildirib. Camdeliani qeyd edib ki, mitropolit İob hakimiyyəti devirməyə və ya inqilab etməyə çağırmayıb. Onun sözlərinə görə, mitropolit narkotik problemi, torpaqların xarici vətəndaşlara satılması və digər çətinliklər davam edərsə, qarşıdakı seçkilərdə daha yaxşı seçim etməyin vacibliyini vurğulayıb. Yepiskop hakimiyyət nümayəndələrini kilsəyə və xalqa yuxarıdan aşağı baxmamağa çağırıb. O bildirib ki, kilsə ilə dövlət arasında əməkdaşlıq münasibətləri ölkənin və xalqın rifahına xidmət etməlidir: “Özünüzü bizim ağamız və sahibimiz hesab etməyin, xalqa yuxarıdan aşağı baxmayın. Siz də bizim kimi bu ölkənin sıravi vətəndaşları, övladlarısınız. Xalqdan uzaqlaşmayın. Bizim vəzifəmiz çıxış yolları tapmaqdır. Təbii ki, ölkədə görülən yaxşı işləri də görürük və bunu heç kim inkar etmir. Lakin bu gün üzləşdiyimiz problemlər barədə susmaq, əksinə, ölkəyə xəyanət deyilmi? Bizə Allah tərəfindən əmanət edilmiş bir sürü var və ona görə məsuliyyət daşıyırıq”, – deyə o vurğulayıb. Yepiskopun sözlərinə görə, mitropolit İobun sərt fikirləri belə, ona qarşı təhqir və böhtan kampaniyasına əsas vermir. O hesab edir ki, həqiqi inanclı insanlar mitropolitin fikirlərini tənqid etmək əvəzinə, onun narahatlıqlarını dinləməli və problemlərin həlli yollarını birlikdə axtarmalı idilər. Camdeliani kilsədə parçalanma yaratmaq niyyətində olduqları barədə iddiaları da rədd edib: “Gürcüstan Kilsəsi İsa Məsihin mistik bədəninin vahid, bütöv və ayrılmaz hissəsidir. Onun başı isə Rəbbimiz İsa Məsihdir. Heç bir düşmən Gürcüstan Kilsəsinə parçalanma gətirə bilməz. Buna görə də müxtəlif sui-qəsd nəzəriyyələri irəli sürməyin. Biz heç vaxt belə bir prosesin təşəbbüskarı olmayacağıq və bu istiqamətdə addım atmayacağıq. Bizi ölkəmizdə baş verənlər narahat edir və istəyimiz bütün bunların düzəldilməsinə başlanmasıdır”, – deyə yepiskop bildirib.
“Narkotiklər göydən düşmür, ölkəyə gətirilir və burada satılır”






