Əsas məzmuna keç

ELMƏ-TƏHSİLƏ HƏSR OLUNMUŞ ALİM ÖMRÜNÜ SƏMİMİ DOSTLUQ HİSSLƏRİ DAHA DA ZƏNGİNLƏŞDİRİR…

“ŞƏXSİYYƏTLƏR VƏ  Z  A  M  A  N” seriyasi

(Professor, AMEA-nın müxbir üzvü İslam Mustafayevin 75 illik yubileyinə)

    Bir çox insanların ömür yolu onların şəxsi bioqrafiyasından çıxaraq yaşadığı dövrün elmi-sosial mənzərəsinə, bir nəslin ziyalı yaddaşına, bir dostluğun tarixçəsinə çevrilir. Onların haqqında danışarkən təkcə tutduqları vəzifələri, qazandıqları elmi dərəcələri, yazdıqları kitabları və aldıqları mükafatları sadalamaq kifayət etmir. Çünki insanın həqiqi qiyməti bəzən titul və təltiflərdən daha çox, illər keçdikcə ətrafında yaratdığı mənəvi mühitdə, insanlarla münasibətində, dostluğa sədaqətində və özündən sonra qoyduğu və qoyacağı izlərdə görünür. Bu mənada professor, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan elminin tanınmış nümayəndəsi, İslam İsrafil oğlu Mustafayevin 75 illik ömür yolu həm elm-təhsil yaradıcılığının, həm də insanlıq dəyərlərinin maraqlı və zəngin bir salnaməsidir.

 22 noyabr 1951-ci ildə Biləsuvar rayonunda dünyaya gələn İslam Mustafayev sonralar Azərbaycan elminin xüsusi istiqamətlərindən birində özünəməxsus elmi məktəb və tədqiqat xətti formalaşdıran alimlərdən birinə çevrilmişdir. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində aldığı təhsil onun gələcək elmi fəaliyyətinin fundamental əsaslarını yaratmış, 1973-cü ildən Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda başlayan əmək fəaliyyəti isə onu radiasiya fizikası, radiasiya kimyası, ekologiya, enerji və ətraf mühit problemlərinin kəsişməsində aparılan çoxşaxəli tədqiqatlara gətirib çıxarmışdır.

Lakin mən İslam müəllimi yalnız onun elmi titulları və vəzifələri ilə xarakterizə etmək istəməzdim. Çünki mənim üçün İslam müəllim ilk növbədə böyük alim olmaqla yanaşı, nəcib insan, dəyərli ziyalı, sədaqətli ailə dostudur.

Bu münasibətin tarixi isə heç də dünən başlamayıb…

Dostluğun 1980-ci illərdən başlayan hekayəsi

 Bəzən həyat insanları elə yaxınlaşdırır ki, sonradan geriyə baxanda həmin yaxınlığın nə vaxt dostluğa çevrildiyini dəqiq xatırlamaq çətin olur. Sadəcə bilirsən ki, bir vaxtlar qonşu idiniz, sonra ailələr bir-birinə yaxınlaşdı, uşaqlar birlikdə böyüdü, çətin günlərdə bir-birinizə dayaq oldunuz və illər keçdikcə bu münasibət artıq adi tanışlıq deyil, ailəvi dostluğa çevrildi.

İslam müəllimlə bizim münasibətimiz də məhz belə yaranıb.

1980-ci illər… O vaxt onların körpə Kənanı, bizim isə üç-dörd yaşlı Xəyaləmiz vardı. Maddi imkanlarımız geniş deyildi. Gənclik illərinin öz qayğıları, mənzil şəraitinin, elmi fəaliyyətin çətinlikləri, ailə məsuliyyətləri və gələcəyə dair çoxlu suallarımız vardı. O vaxtlar İslam müəllim artıq alimlik dərəcəsi almışdı, mən isə aspirantlığa təzəcə başlayırdım.

Həyatın o illəri bu gün bizə həm uzaq, həm də qəribə dərəcədə yaxın görünür.

Biz bir-birimizin ailəsinə kömək edirdik. Qonşu idik. Xanımlarımız yaxın rəfiqə, bizlər isə yaxın dostlar olduq.

Uşaqlar böyüdü. Sonra nənə-baba olduq.

İllər keçdikcə hər birimizin həyatında yeni mərhələlər başladı. Elmi dərəcələr aldıq, vəzifələr tutduq, müxtəlif elmi qurumlarda çalışdıq. Amma bütün bunların fonunda bir şey dəyişmədi: sadəliyimiz və dostluğumuz.

Bu, bəlkə də uzun illərin ən böyük qazancıdır. Çünki insan həyatda çox şey qazana bilər – elmi ad, vəzifə, mükafat, şöhrət, nüfuz…Amma illərin sınağından çıxmış sadə dostluğu qorumaq tamam başqa məsələdir.

“Bizi yamanca kövrəltdin…”

 Bu yubiley yazısını hazırlayarkən mənim yaddaşımda çox təzə bir hadisə canlandı.

15 sentyabr 2026-cı il – Bilik günündə AMEA-nın yeməkxanasında nahar vaxtı İslam müəllim mənə yaxınlaşdı və gülümsəyərək dedi: “Bizi yamanca kövrəltdin…”. 

Əvvəlcə bu sözlərin arxasında nə dayandığını anlamadım. Sonra məlum oldu ki, Tərgül xanımla bağlı 13 sentyabrda qızım Vüsalənin hazırladığı və mənim xatirə yazımla birgə  Feysbukda paylaşdığım  statusa-videoya İslam müəllim ailəsi ilə birlikdə baxıb. Həyat yoldaşı hörmətli Qətibə xanımla birlikdə kövrəliblər, yada salıblar, hətta ağlayıblar. Bu fakt mənə o qədər səmimi, o qədər kövrək-həzin gəldi ki…

Bir anın içində illər geri qayıtdı.

Tərgül-Qətibə dostluğu…

Ailə dostluğu… Gənclik… 1980-ci illər…

Kənanın bir yaşında xüsusi arzu-yazısıya  bağışladığım albom, İslam müəllimin şəxsən çəkdiyi rəngli ailə foto şəkilləri, İlqarın həyata gəlişi, bizim uşaqların İslam müəllimə, Onun dostu Xosrov müəllimə xoş münasibətləri, qəribə müraciət formaları…

Kiçik uşaqlarımız…Qonşuluq…Dostluq…Dəstək…Təsəlli…Tövsiyyə…

Və sonra həyatın bizi gətirib çıxardığı bu müdrik yaşın zirvəsi.

İnsan bəzən anlayır ki, illər keçmir, əslində illər insanın daxilində xatirəyə çevrilir.

Bəzi dostluqlar da belədir. Onları hər gün yaşamaq lazım deyil.

Onların mövcud olduğunu bilmək kifayətdir. Çünki həqiqi dostluq məsafə tanımır, zaman tanımır, yaş tanımır.

Alimin ömrü rəqəmlərlə ölçüləndə…

 İslam Mustafayevin elmi fəaliyyətinin miqyası kifayət qədər böyükdür. 400-dən çox elmi əsər, 10-dan çox kitab, 200-dən çox xarici nəşr, 50-dən artıq beynəlxalq layihə, müəlliflik şəhadətnamələri və patentlər, namizədlik və doktorluq dissertasiyaları, professor elmi adı, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilməsi – bunlar bir alimin elmi bioqrafiyasının mühüm göstəriciləridir.

Lakin rəqəmlər elmi fəaliyyətin yalnız görünən tərəfini göstərir. Rəqəmlərin arxasında laboratoriyalarda keçirilən uzun illər, gecələrə qədər davam edən tədqiqatlar, eksperimentlər, uğursuz nəticələrdən sonra yenidən başlanılan araşdırmalar, gənc tədqiqatçıların yetişdirilməsi və elmi ideyanın praktik nəticəyə çevrilməsi üçün göstərilən böyük zəhmət dayanır.

İslam müəllimin elmi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də onun multidissiplinar düşüncə tərzidir.

Radiasiya problemləri, neft və neft məhsullarının radiasiya-kimyası, ekologiya, enerji, hidrogen energetikası, ətraf mühitin çirklənməsi, radiasiya təhlükəsizliyi, radioekoloji monitorinq – bunlar bir-birindən ayrı görünən, əslində isə müasir elmin inteqrasiya məntiqində bir-birini tamamlayan istiqamətlərdir.

Onun uzun illər rəhbərlik etdiyi institutda kimyaçıların, fiziklərin və bioloqların birgə fəaliyyət göstərməsi də məhz bu yanaşmanın institusional ifadəsidir.

Elmi yaradıcılığın arxasında dayanan böyük zəhmət

 İslam müəllimin elmi irsində xüsusilə neft, radiasiya, enerji və ekologiyanın kəsişməsində aparılmış tədqiqatlar diqqəti cəlb edir. Neftin çıxarılması, hazırlanması, nəqli və emalı zamanı atmosferə atılan zərərli tullantıların qiymətləndirilməsi; metan emissiyalarının atmosfer proseslərinə təsirinin öyrənilməsi; üzvi yanacaqların radiasiya-termiki çevrilmələrinin kinetik modellərinin işlənməsi; suda karbohidrogenlərin radiasiya-kimyəvi parçalanması; üzvi yanacaqların kükürdsüzləşdirilməsi; neftin ətraf mühitdə deqradasiyası və politsiklik aromatik karbohidrogenlərin transformasiyası kimi istiqamətlər onun elmi tədqiqatlarının geniş spektrini göstərir. Bu tədqiqatların bir xüsusiyyəti daha çox əhəmiyyətlidir:

Elm yalnız nəzəri bilik yaratmaq üçün deyil, real problemlərin həlli üçün də istifadə olunmalıdır.

İslam müəllimin elmi fəaliyyətində bu prinsip açıq şəkildə hiss olunur.

 Radiasiya elmindən yaşıl gələcəyə

 İslam Mustafayevin elmi fəaliyyətinin müasir dövr üçün xüsusilə aktual istiqamətlərindən biri enerji və ekologiya problemləridir. Onun müsahibələrində hidrogen energetikası, yaşıl hidrogen, bərpa olunan enerji mənbələri və ekoloji təhlükəsizlik məsələləri barədə fikirləri də bunu göstərir.

Radiasiya Problemləri İnstitutunda hidrogen energetikası üzrə uzunmüddətli tədqiqatların aparılması bu sahədə toplanmış elmi təcrübənin gələcəkdə ölkənin enerji transformasiyasında istifadə edilə biləcəyini vurğulayır. Bu gün “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, “karbonsuzlaşma”, “enerji keçidi” kimi anlayışların qlobal elmi və iqtisadi gündəmin mərkəzinə çıxması həmin istiqamətlərin vaxtilə aparılmış tədqiqatlarının uzaqgörənliyini bir daha göstərir.

 Qarabağ və Şərqi Zəngəzur: elm real həyatın xidmətində

 İslam müəllimin işğaldan azad edilmiş ərazilərlə bağlı apardığı tədqiqatlar da elmin cəmiyyət qarşısındakı məsuliyyətinin konkret nümunələrindəndir. Həmin ərazilərə ekspedisiyaları, ekoloji və radiasiya monitorinqləri, radioaktiv mənbələrin aşkar edilməsi, Oxçuçayın çirklənməsinin araşdırılması və əldə edilən nəticələrin aidiyyəti qurumlara təqdim olunması Onun elmi fəaliyyətinin praktiki əhəmiyyətini nümayiş etdirir.

Daha maraqlısı isə elmi nəticələrin rəqəmsal informasiya infrastrukturuna çevrilməsi istiqamətində görülən işlərdir. Radiasiya təhlükəsizliyi üzrə elektron verilənlər bazasının yaradılması ideyası göstərir ki, müasir elmdə məlumat yalnız toplanmamalı, rəqəmsallaşdırılmalı, sistemləşdirilməli, inteqrasiya edilməli və qərar qəbuletmədə istifadə olunmalıdır. Bu yanaşma elm, informasiya texnologiyaları və idarəetmənin inteqrasiyasının mühüm nümunəsidir.

 Dövlət tərəfindən verilən qiymət

İslam Mustafayevin 75 illik yubileyi ərəfəsində onun elmi xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsini də xüsusi qeyd etmək lazımdır. 5 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə professor İslam İsrafil oğlu Mustafayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

Maraqlıdır ki, həmin ordenlə mən də eyni gündə təltif olunmuşdum. Bu fakt bizim həyatımızın başqa bir qəribə və mənalı paralelidir.

Bir vaxtlar qonşu idik. Sonra dost olduq.

Ailələrimiz yaxınlaşdı.

Eyni elmi sistemdə çalışdıq. Elmi dərəcələr aldıq.

Övladlarımız böyüdü. Nəvələrimiz dünyaya gəldi.

Və illər sonra eyni gündə dövlətimizin yüksək mükafatlarından biri ilə təltif olunduq.

Həyatın belə təsadüfləri insanın yaddaşında ayrıca yer tutur.

 Alimdən daha böyük olan – ziyalı insan

 Mən İslam müəllim haqqında yazarkən onun alimliyindən çox danışa bilərəm. Çünki bunun üçün kifayət qədər fakt var. Amma dost kimi mənim üçün daha vacib olan başqa bir məqam var:

İslam müəllim elmi titullarından əvvəl böyük ziyalı insandır.

Onun insan kimi dəyəri mənim üçün illər ərzində dəfələrlə sınaqdan keçib.

Mən onun oğluna yazdığı ad günü təbrikini də yaxşı xatırlayıram. Orada bir ata öz övladını sadəcə təbrik etmirdi. Əslində öz həyat fəlsəfəsini ifadə edirdi: insanın öz gücünə arxalanması, yaltaqlıqdan və riyakarlıqdan uzaq olması, haqqı tapdalamaması, layiq olanı dəstəkləməsi, öz yolunu özü qurması…

Mən həmin mətni İslam müəllimə də demişdim ki, çox xoşuma gəlib.

Çünki orada bir alimin deyil, bir atanın mənəvi portreti görünürdü. İnsan öz övladına hansı dəyərləri ötürmək istəyirsə, əslində özü haqqında da çox şey söyləmiş olur.

 75 yaş – yekun deyil, yeni mərhələnin başlanğıcıdır

 75 yaş insan ömründə sadəcə böyük rəqəm deyil.

Bu yaş insanın keçdiyi yola dönüb baxdığı, gördüyü işləri, yetişdirdiyi insanları, qazandığı dostları, ailəsini, övladlarını və nəvələrini düşündüyü bir müdriklik mərhələsidir.

İslam müəllimin həyatında isə bu 75 ilin mənzərəsi xüsusilə zəngindir.

Alim. Professor. AMEA-nın müxbir üzvü.

İnstitut rəhbəri. Pedaqoq. Tədqiqatçı.

Beynəlxalq layihələrin iştirakçısı və eksperti.

Ekoloji problemlərin araşdırıcısı.

Enerji və radiasiya məsələləri üzrə tanınmış mütəxəssis.

Və bütün bunların fövqündə – ata, baba, dost.

Onun ailə həyatının davamı olan övladlarının və nəvələrinin – ikinci İslam Mustafayevin uğurları da bu mənəvi irsin başqa bir tərəfidir. Böyük oğlu Kənanın politologiya üzrə fəlsəfə doktoru olması və diplomatik fəaliyyətdə çalışması, digər oğlu İlqarın biznes sahəsində fəaliyyət göstərməsi və yeddi nəvəsinin,…nəticəsinin, … olması İslam müəllimin həyatının elmdən kənar, lakin onun üçün ən qiymətli səhifələrindəndir.

 Əziz İslam müəllim!

75 il…Bu rəqəmin içində bir insan ömrü var. Bir kənd uşağının böyük elm dünyasına doğru gedən yolu var.

Laboratoriyalar var. Kitablar var. Məqalələr var. Elmi axtarışlar var.

Müxtəlif ölkələr var.Beynəlxalq layihələr var.

İnstitut rəhbərliyi var. Dövlət təltifləri var.

Amma bütün bunların arasında mənim üçün daha qiymətli bir xətt də var: Dostluq xətti.

1980-ci illərdən bu günə qədər gəlib çıxan dostluq…

Bir-birimizin ailələrini tanıdığımız, övladlarımızın böyüməsini gördüyümüz, yaxşı və çətin günləri paylaşdığımız, eyni elmi mühitdə çalışdığımız, zaman-zaman bir-birimizə mənəvi dayaq olduğumuz illər…

İllər bizi dəyişdi. Amma dostluğumuzu dəyişmədi.

Bəlkə də insan ömrünün ən böyük uğurlarından biri elə budur.

Əziz İslam müəllim!

Sizin ömrünüz Azərbaycan elminin şərəfli səhifələrindən biridir. Siz elmə öz əməyinizlə, tədqiqatlarınızla, elmi təşkilatçılığınızla, yetirdiyiniz insanlarla xidmət etmisiniz.

Amma bizim dostluğumuzun şahidi olan illər başqa bir həqiqəti də göstərir:

Böyük alim olmaqla yanaşı, böyük insan olaraq qalmaq daha böyük məsələdir. Siz bunu bacarmısınız.

75 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, ailə səadəti, övladlarınızın və nəvələrinizin xoş günlərini görmək, elmi yaradıcılığınızda yeni uğurlar, yeni ideyalar və yeni tədqiqatlar arzulayıram.

Qələminiz yorulmasın.

Düşüncəniz aydın olsun.

Elmi axtarışlarınız davam etsin.

Dostlarınız həmişə ətrafınızda olsun.

Qətibə xanımla birlikdə ailə səadətiniz daimi olsun.

Övladlarınızla, nəvələrinizlə qürur duyacağınız hələ çox illəriniz qarşıdadır.

75 illik yubileyiniz mübarək olsun, əziz İslam müəllim!

80, 90, 100 illik yubileylərinizi də birlikdə qeyd etmək arzusu ilə!

Çox yaşayın. Sağlam yaşayın.

Dostlarınızla, ailənizlə, elm, təhsil və həyat yolunuzun qazandırdığı mənəvi sərvətlərlə birlikdə yaşayın!

Doğum gününüz və 75 illik yubileyiniz mübarək olsun, əziz dostumuz, hörmətli İslam müəllim!

Dostlar adindan – Sizə daimi dərin hörmət və səmimi ehtiramla:
Əlövsət Qaraca Əliyev,

professor

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…