Əsas məzmuna keç

“Sədərək” və “Binə” Abşeron Ticarət Mərkəzinə köçürülür

Son vaxtlar “Binə” və “Sədərək” ticarət bazarlarında alıcı seyrəkliyi hiss olunmaqdadır. Tezadlar.az-ın əməkdaşı bu məsələ ilə bağlı satıcılarla söhbət edib… Məlum olur ki, bir müddətdir hər iki TM-də çalışan satıcıların bir qismi Lökbatan ərazisində təzə salınmış Abşeron Ticarət Mərkəzinə daşınmaqdadır: “…Biz uzun müddətdir “Sədərk”də çalışırıq, amma iki ildir söhbət gedirdi ki, bizi buradan köçürəcəklər, çünki “Sədərək”in yaxınlığında olan bataqlıq ərazi qurudulurdu və tikintilərə başlanıldı, artıq orada yeni dükanlar açılmaqdadır. Biz də köçməyə razıyıq, amma bizə müəyyən güzəştlər olmalıdır, çünki müştərilərimiz uzun illərdir bizi burada axtarıb tapırdı, “Abşeron”a gedəndən sonra təbii ki, müəyyən müddətdə itkilərimiz olacaq…”,- deyə Azər adlı satıcı bildirdi.

Xatırladırıq ki, rəsmi olmasa da, artıq müəyyən fəaliyyətlər sübut edir ki, “Binə” və “Sədərək” TM-də çalışan satıcılar mərhələli şəkildə yerdəyişmə etməli olacaqlar. Deyilənə görə, hər iki TM-nin yerində isə universitetlər kompleksi inşa ediləcək.

Onu da qeyd edək ki, artıq ölkənin cənub və xüsusən də Şirvan, Hacıqabul istiqamətinə gedən sərnişinlər üçün Lökbatan dairəsində həmişə lövbər salmış avtobus və taksilər də yerdəyişmə edib, Abşeron TM ərazisində onlar üçün xüsusi vağzal yerləri ayrılıb. Müvəqqəti olaraq Lökbatan dairəsində dayanıb avtobus və ya taksi gözləyən nabələd sərnişinlərin isə pulsuz olaraq Abşeron TM-dəki avtobus vağzalına daşınması təşkil edilir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…