Əsas məzmuna keç

NATİQ ƏLİYEV – SADƏLİYİ İLƏ BÖYÜK OLAN İNSAN

…23 noyabr mənim üçün heç vaxt adi günlərdən biri olmayıb. Bu gün mənim illərlə dostluq etdiyim, xatirəsini qəlbimdə böyük ehtiramla yaşatdığım əziz dostum, görkəmli dövlət xadimi Natiq Əliyevin doğum günüdür. Bu gün o, aramızda olmasa da, mənim üçün onun adı, xatirəsi, birgə keçirdiyimiz illər və səmimi dostluğumuz həmişə yaşayır. Bəzi insanlar həyatdan köçsələr də, yaddaşlardan, ürəklərdən heç vaxt köçmürlər.
Bu gün əziz dostumun məzarını ziyarət etdim. Qəbiristanlıqdan ayrılarkən illərin yaddaşımda yaşatdığı o qədər xatirələr bir-bir gözlərim önündə canlandı ki … Düşündüm ki, insan haqqında ən doğru sözləri bəzən məhz onun yoxluğunda deməli olursan…
Natiq Əliyevlə dostluğumuzun tarixi uzun illərə, onun vaxtilə Mərkəzi Komitədə çalışdığı dövrə gedib çıxır. Həmin illərdə aramızda yaranan səmimi münasibətlər zaman keçdikcə möhkəm dostluğa çevrildi. Ailəvi gediş-gəlişimiz vardı, bir-birimizin evinə gedər, sevincimizi də, qayğımızı da bölüşərdik. Bu dostluq hansısa vəzifəyə, kürsüyə, mənsəbə bağlı deyildi. Bu dostluğun təməlində qarşılıqlı hörmət, etibar, səmimiyyət və insanlıq dayanırdı.
O, Dövlət Neft Şirkətinin prezidenti olduğu illərdə də əvvəlki Natiq olaraq qaldı. Vəzifə onu dəyişmədi, yüksək kürsü onu dostlarından, sadə insanlardan uzaqlaşdırmadı. Yaxşı xatırlayıram, o, belə yüksək vəzifədə çalışdığı vaxtlarda da köhnə avtomobilindən istifadə edirdi. Dəfələrlə dost kimi ona deyirdim: “Ay Natiq, heç olmasa, maşınını dəyiş”. O isə özünəməxsus təbəssümlə cavab verirdi: “İnan, o qədər problemlərimiz var ki, mən maşın hayında deyiləm”.
Kabinetinin təmir olunmasını, mebellərinin dəyişdirilməsini də məsləhət görmüşdüm. Amma buna da razılaşmırdı. Deyirdi ki, mən bu mebeldə də oturaram, bu otaqda da işləyərəm. Onun düşüncəsində şəxsi rahatlıqdan, şəxsi dəbdəbədən daha vacib məsələlər vardı. Dövlətin maraqları, rəhbərlik etdiyi sahənin problemləri, ölkənin iqtisadi inkişafı onun üçün hər şeydən üstün idi.
Bizim dostluğumuzun ən yaddaqalan məqamlarından biri də şəhərdəki gəzintilərimiz idi. Təsəvvür edin, Dövlət Neft Şirkətinin prezidenti ilə bəzən heç bir mühafizəçi, heç bir xüsusi müşayiət olmadan Bakının küçələrini gəzərdik. Natiqdə vəzifə sahibinə xas heç bir təkəbbür, özünü başqalarından üstün tutmaq hissi yox idi. O, necə vardısa, elə də görünürdü. Nə özünü dəyişməyə çalışırdı, nə də insanlara başqa cür görünmək istəyirdi.
Məhz buna görə Natiq Əliyev mənim yaddaşımda, ilk növbədə, yüksək vəzifəli dövlət xadimi kimi deyil, sadəliyi, səmimiyyəti, dostluğa sədaqəti və gözəl insanlığı ilə seçilən əziz bir dost kimi yaşayır.
Həyatda elə insanlar var ki, onların böyüklüyünü tutduqları vəzifə ilə deyil, xarakterləri, insanlara münasibətləri, dar gündə göstərdikləri davranışları ilə ölçürsən. Natiq Əliyev də belə insanlardan idi. O, sadəliyi ilə böyük idi. Onun böyüklüyü nə kabinetinin qapısında yazılan vəzifədə, nə də tutduğu kürsüdə idi. Onun böyüklüyü insanlığında, dövlətinə bağlılığında və dostlarına olan münasibətində idi.
Bu gün məzarının önündə dayanarkən bir daha anladım ki, zaman keçir, illər ötür, vəzifələr, kürsülər, titullar geridə qalır. Amma insanın əsl siması, gördüyü xeyirxah işlər, qoyduğu iz və dostlarının qəlbində yaşatdığı xatirələr heç vaxt silinmir.
Əziz dostum Natiq, səni hörmətlə, ehtiramla və böyük bir dost sevgisi ilə xatırlayıram. Səninlə keçirdiyimiz illər, söhbətlərimiz, gəzintilərimiz, səmimi münasibətlərimiz heç vaxt yaddaşımdan silinməyəcək.
Məkanın cənnət, ruhun şad olsun!
Hüseynbala Mirələmov,
sabiq deputat
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…