…Kəlağayının yaranması Azərbaycanda iki min ildən artıq tarixə malik olan ipəkçilik ənənələri ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycanın milli-mədəni irsinin ən parlaq nümunələrindən biri olan kəlağayı əsrlər boyu qadınların geyimində özünəməxsus yer tutub. Onun təkcə geyim elementi deyil, həm də estetik, mənəvi və sosial məna daşıması bu sənət nümunəsini xalqımız üçün xüsusi dəyərli edib. Ümumiyyətlə kəlağayı həm də Azərbaycan qadınının ləyaqət, zəriflik və saflıq simvoludur. Onun rənginin və naxışının müxtəlifliyi qadının yaşı, ailə vəziyyəti, sosial statusu və məqamını ifadə edə bilən ən başlıca səbəblərdən biridir.
Kəlağayı, xüsusilə Azərbaycanın Şirvan, Basqal, Gəncə, Şəki, Naxçıvan kimi bölgələrində böyük ustalıq və zövqlə toxunur. Yerli əhali ilə yanaşı turistlərin də diqqətini öz füzunkar gözəlliyi ilə cəlb edən kəlağayı üzərində işlənən rənglər və naxışlar ilə də dərin mənalar daşıyır. Belə ki, qırmızı rəng sevgi və ailə həyatını, ağ rəng saflığı və gəncliyi, qara rəng isə matəmi və kədəri simvolizə edir.
Məqamında bildirək ki, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. UNESCO-nun bu qərarı Azərbaycanda kəlağayı istehsalının və ənənəvi sənətlərin qorunmasına böyük stimul verib. Kəlağayı həmçinin Azərbaycanı təmsil edən milli suvenir və brend olaraq da məşhurdur. Bu gün xarici turistlər üçün xüsusi hazırlanan kolleksiyalar milli irsin tanıdılmasına xidmət edir. Sənətkarlar fərdi sifarişlərə uyğun əl işi nümunələri yaradır.
Bütün bunlarla yanaşı ailə dəyərlərində kəlağayının xüsusi yeri var. Toy, nişan, gəlin köçürmə, qız üçün elçilik kimi mərasimlərdə kəlağayı simvolik və real anlam daşıyır. Gəlinin başına kəlağayı örtülməsi onun yeni ailə üzvü kimi qəbul olunmasının rəmzi sayılır. Artıq kəlağayı oğlan evindən qız evinə nişan və xına mərasimlərində aparılan xonçaların vazgeçilməz atributlarından biridir. Nişan mərasimlərində ağ kəlağayına, xına mərasimlərində isə qırmızı kəlağayına üstünlük verilir. Aparılan kəlağayı hərisi alınmış qızın çiyninə örtülür, barmağına isə üzük taxılır. Əsrlər boyu öz şöhrətini əsla itirməyən kəlağayı, bu gün də öz aktuallığını itirmir.
21-22 noyabr tarixlərində Bakının Qoşa Qala meydanında Kəlağayı Festivalı keçirilməsi də heç də təsadüfü hal deyil. Hər il belə festivalların keçirilməsi təqdirəlayiq hal hesab olunur. İstər yerli əhalinin, istərsə də turistlərin yaxından iştirak etdiyi bu festival bu il də öz möhtəşəmliyi ilə yaddaşlarda iz qoydu. Festivalda nümayiş olunan bir-birindən fərqli kəlağayılar hər kəsin ruhuna oxşadı.
RÖVŞANƏ









