Əsas məzmuna keç

Meyvə-tərəvəz niyə bahalaşır?

Son günlər bazarlarda meyvə və tərəvəzlərin qiymətində 40-50 faizədək artım olduğu bildirilir.

Bəs bahalaşmanın əsas səbəbi nədir? Yeni il ərəfəsində qiymətlərin daha da yüksəlməsi gözlənilirmi?

Tezadlar.az xəbər verir ki, “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin sədri Akif Nəsirli açıqlamasında bildirib ki, meyvə-tərəvəz qiymətlərindəki artımı yalnız Yeni ilin yaxınlaşması ilə əlaqələndirmək doğru deyil.

Onun sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri mövsümi amillərdir. Payızın sonu və qışın əvvəlində bir çox yerli məhsulun yığım mövsümü başa çatır, nəticədə bazara çıxarılan məhsulun həcmi azalır. Təklifin azalması isə qiymətlərin yüksəlməsinə səbəb olur:

“Qış aylarında məhsulların saxlanması, daşınması, istixanalarda yetişdirilməsi və enerji xərcləri də artır. İdxal məhsullarının qiymətinə isə xarici bazarlardakı qiymətlər və nəqliyyat xərcləri təsir göstərir”.

Akif Nəsirli Yeni il ərəfəsində tələbatın artmasının da bahalaşmada müəyyən rol oynadığını bildirib:

“Bayram günlərində meyvə-tərəvəzə tələbat yüksəlir və bəzi satıcılar bundan istifadə edərək qiymətləri artıra bilirlər. Lakin 40-50 faizlik bahalaşmanı yalnız bayram tələbi ilə izah etmək mümkün deyil”.

İqtisadçının fikrincə, qarşıdakı dövrdə bəzi məhsulların qiymətində əlavə artım da gözlənilə bilər:

“Xüsusilə dekabrda bayram tələbatının yüksəlməsi, qış aylarında yerli istehsalın azalması və idxaldan asılılığın artması qiymətlərə təsir göstərəcək. Bununla belə, bütün məhsulların eyni dərəcədə bahalaşacağı gözlənilmir. Qiymət dəyişiklikləri hər bir məhsulun bazardakı təklifindən və ehtiyatlarından asılı olacaq”.

Akif Nəsirli hesab edir ki, bazarda süni qiymət artımının qarşısı alınmalı, vasitəçi zəncirindəki əsassız bahalaşmalar araşdırılmalı və məhsul təklifinin davamlılığı təmin edilməlidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…