Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ölkənin ən aparıcı 7 elmi institutunda 30 yaşadək heç bir elmlər doktoru yoxdur.
Bunu Osman Gündüz bildirib.
O, qeyd edib ki, Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin(FRTEB) 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim olunub.
“Bu bölmə 7 elmi institutu (Riyaziyyat və Mexanika, İT, Fizika, İdarəetmə Sistemləri, Radiasiya İnstitutu və s. ) , 1700-dən çox əməkdaşı, təxminən 1000 elmi işçini əhatə edir. Akademik Rasim Əliquliyev hesabatla bağlı təqdimatında görülən işləri, problemləri və təklifləri qeyd etdi”, -deyə bildirib.
Osman Gündüz hesabatda diqqət cəlb edən bəzi məqamlara toxunub:
“1. Bu bölmə, yəni 7 elmi institut üzrə 30 yaşadək heç bir elmlər doktoru yoxdur, cəmi bir fəlsəfə doktoru var;
Əlbəttə, Osman Gündüz iradında haqlıdır. Niyə bizim də gənc yaşda elmlər doktoru adını ala biləcək səviyyədə elmli, savadlı gənclərimiz yoxdur?. Bəlkə onların yetişməsi üçün lazım olan şərait yoxdur, yaxud süni əngəllər var? Mütləqdirmi ki, elmlər doktoru elmi dərəcəsini almaq üçün müəyyən bir yaşa gəlib çatmalısan – lap elə, “əməkdar artist”, “xalq artisti” kimi?.. Elmi nailiyyətlərə imza atmaq, həmçinin belə gənclərə dəstək olub yönəltmək, həvəsləndirmək… onların yaşındanmı asılıdır?
…Lakin dünyada yeniyetmə yaşda belə fəlsəfə doktoru, elmlər doktoru adını daşıyanlar olub və var – həm də bu ada layiq olaraq. Onlar arasında, hətta 13-15 yaşında belə mötəbər elmi adlara sahiblənənlər olub.
Məsələn, Karl Vitte iki əsr önçə – 1800-cü ildə anadan olub və 13 yaşında fəlsəfə doktoru olub. O, atasının “Uşağa öyrədilməsi” kitabının uşaq modeli idi. 9 yaşında bir neçə fərqli dildə danışa bilirdi. Cəmi 13 yaşında ikən Almaniyanın Gissen Universitetinin tələbəsi olub. Bu səbəbdən o, dünyanın ən gənc fəlsəfə doktoru rekorduna sahibdir.
Yaxud, Kim Ung-Yong Cənubi koreyalı vunderkinddir. 15 yaşında fəlsəfə doktoru adını qazanıb. Və bir vaxtlar 210 balla əldə etdiyi ən yüksək İQ-ya görə Ginnesin Rekordlar Kitabına da düşüb. O, 3 yaşında ən çox satılan kitab – bestceller yazıb və artıq riyaziyyat tapşırıqlarını necə həll edəcəyini də bilirdi. Koreya əlifbası və 1000 Çin heroqlifi o yaşda onun üçün ikinci təbiəti idi. 5 yaşında ikən Los-Ancelesdəki Qrant Liseyinə qəbul edilib. Bundan əlavə, o, Yaponiyada Fuji TV-də göstərilib və diferensial tənliklərin həlli üzrə təcrübəsini nümayiş etdirib. Magistr dərəcəsi aldıqda və NASA-da işləyəndə cəmi 8 yaşı var idi. Nüvə fizikasını öyrənmək üçün Kolorado Boulder Universitetində təhsil alıb. Hazırda Cənubi Koreyada- Chungbuk Milli Universitetinin professorudur.
Və ya Balamurali Ambati ABŞ-da yaşayan hind əsilli oftalmoloqdur. 11 yaşında QİÇS-lə bağlı tədqiqat işinin həmmüəllifi olub. 17 yaşında ikən fəlsəfə doktoru adını alıb.
13 yaşında Nyu York Universitetini bitirib, sonra Nyu Yorkdakı Mount Sinai Tibb Məktəbinə daxil olub. 1995-ci ildə 17 yaşında məzun olur və dünyanın ən gənc həkimi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Bu gün o, tədqiqat layihələrində iştirak edir, dünyada və xaricdə mürəkkəb cərrahiyyə və müalicələr həyata keçirir. Bütün bunlarla o, dünyanın 10 ən gənc elmlər doktorundan biri olub.
Və bu siyahını uzatmaq da olar…
Lakin onu da xatırladaq ki, elmlər doktoru elmi dərəcəsi Sovet dövründən qalmadır və məlumatlara görə, dünyanın inkişaf etmiş ölkələrinin çoxunda elm adamlarına belə bir elmi dərəcə verilmir…
Y.MƏMMƏDLİ