14 Fevral 2023 / 11:23

QAZAXISTAN AVROPADA RUSİYA KÖMÜRÜNÜ ƏVƏZ ETDİ

“Kommersant” Argus və Eurostat məlumatlarına istinadən yazır ki, Qazaxıstan keçən il Rusiya vasitəsilə Avropaya kömür ixracını 11,2 faiz artırıb.

Əsasən, Qazaxıstan kömürü Baltikyanı ölkələrin limanları – ilk növbədə, Latviya vasitəsilə Avropa ölkələrinə gedirdi. Faktiki olaraq, Qazaxıstan Avropada Rusiya kömürünü əvəz edib – 2022-ci ilin 11 ayı ərzində Avropa İttifaqı (Aİ) ölkələri onun Qazaxıstandan idxalını 4,9 milyon tona çatdırıb.

Eyni zamanda, 2021-ci ildə bu ixrac cəmi 780 min ton olub. Rusiya kömür şirkətləri isə tədarüklərini Asiyaya yönləndirirlər.

Ümumiyyətlə, 2022-ci ildə Rusiyanın xaricə kömür tədarükünün həcmi illik ifadədə yeddi faiz azalıb. İxracatçılar ucuzlaşmanı daxili bazara tədarükləri səkkiz faiz artırmaqla kompensasiya ediblər.

2022-ci ilin oktyabrında ölkənin baş nazirinin birinci müavini Andrey Belousov qeyd etmişdi ki, yerli şirkətlər sanksiyalara görə ixraca 50-60 faiz endirimlə kömür verirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!