Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


AQTA – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi — qida təhlükəsizliyinin tənzimlənməsini təmin etmək üçün yaradılmış dövlət qurumudur.
Qurum dövlət başçısı İlham Əliyevin 10 fevral 2017-ci ildə imzaladığı müvafiq Sərəncamla təsis edilmiş, həmin ilin 25 dekabrından isə Agentliyə bir daha ölkə başçısının müvafiq Sərəncamı ilə Qoşqar İlahi oğlu Təhməzli sədrlik edir.
Qurumun fəaliyyət mexanizminin təsnifatlaşdırılmış bir neçə funksiyaları da işlənib hazırlanmışdır ki, bunlar aşağıdakılardır:
Gəlin görək bu fəaliyyət mexanizmində göstərilən funksiyaların Qurum tərəfindən ölkəmizin müvafiq sahələrində tətbiqi, xalqımızın sağlamlığı üçün yetərincədirmi?
Vaxtaşırı olaraq istər şadlıq evlərində, istər təhsil müəssisələrinin yeməkxanalarında realizə olunan yemək növlərinin istehlakçılar tərəfindən qəbulu zamanı kütləvi zəhərlənmə hallarını eşidirik və şahidi də oluruq.

Məsələn, hazırda Paytaxtın Nəsimi rayonu, Tbilisi prospektində fəaliyyət göstərən “Bakucity” restoranında 2019-cu ilin 23 dekabrında şüşə qablarda qablaşdırılmış “Chivas Regal 12” adlı içkilərdən 2 nəfərin zəhərlənərək dünyasını dəyişməsi bu qurumdan narazılığı gündəmə gətirdi. Qeyd edək ki, sözügedən bədbəxt hadisədən sonra həmin restoran sahibi Kamal adlı şəxs məsuliyyətə cəlb edilsə də, çox təəssüf ki çox az bir müddət keçməmiş, media portallarında adının pis hallanmasında müştəri qıtlığı çəkməsin deyə hazırda həmin restoran, başqa ad altında, yəni “Green Restoran” adı altında yenidən fəaliyyət göstərməyə başladı. İndi gəlin görək həmin zəhərlənmə ilə bağlı AQTA hansı qanuni ölçü götürüb nə sanksiya tətbiq etdi həmin sahibkara?
Digər bir kütləvi zəhərlənmə halı: yenə də paytaxt Bakının Parlament prospekti 7, 11 ünvanındakı 20 saylı məktəb liseyin ümumi yeməkxanasında 2023-cü ilin 6 aprel tarixində quş ətindən hazırlanmış yemək növünün məktəblilərə satılması zamanı həmin saatda 10-dan çox şagirdin zəhərlənməsi bir daha AQTA adlı qurumun fəaliyyətində hələ də normal nəzarətin olmaması anlamını meydana çıxarmış oldu.
Onu da qeyd edək ki, qurumun bu sözügedən məsələ ilə bağlı müvafiq təftişi təqdirə layiq olsaydı, bu təhsil ocağına rəhbərlik edən Səadət Veyisovanın məktəb daxilində yeyinti məmulatlarının satışını həyata keçirilən bir hissəsində, müvafiq qurumlarla olan qida təhlükəsizliyilə bağlı rəsmi sənədləşmə işinin qeyri-düzgün təşkilinə görə də bir sanksiya tətbiq edilərdi.
Daha bir təəssüfedici məqamları özündə birləşdirən sosial, aktual növbəti hal: yenə də paytaxt Bakının ən çox alış-veriş məkanlarından biri olan Nizami rayonunda illərdir fəaliyyət göstərən 8-ci km bazarında açıq piştaxta üzərində mənşəyi bilinməyən, istehlakı zamanı alıcıya heç bir sağlamlıq arayışı təqdim edilməyən, iribuynuzlu mal-qaranın içalat məhsulları üzərinə açıq-aşkar qurdsalıcı drozofil milçəklərinin qonub qanını sorması halları, bu azmış kimi, bazarın çöl hissəsində də hal-hazırda gün ərzində milyonların axışdığı bu alış-veriş məkanının illərdir nohurlu rütubətli üfunət qoxan ayaqaltılı hissələrində də çoxnövlü, üzərlərində istehsalçıların adı belə qeyd edilməyən, qurudulub qaxac edilmiş bağırsağlara doldurulub emal edilərək çeşidlənən kolbasaların da satışına bir yoxlama keçirilmir!
Axı Əhalinin Sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu da təsbit edilmişdir. Nə üçün bu qədər müvafiq Qanunvericilik külliyatı olduğu halda, adı çəkilən qurum, istər Respublika GEM (Gigiyena və Epidemiologiya Mərkəzi), istərsə də AQTA dövlət büdcəsindən hər il ayrılan milyonların müqabilində öz üzərlərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmir ki, bugün biz bu mövzuda adıçəkilən siyahını uzatmaq məcburiyyətində qalaq?
Bu aktual mövzulu, müzakirəsi hər vaxt vacib sayılan problemlərin həllinə, inanırıq ki, haqqında söz açdığımız qurumlar medianın haqlı tənqidlərindən nəticə çıxararaq tezliklə həyəcan təbili çalacaqlar və…
Xəyyam Qurbanlı


