21 Aprel 2025 / 08:49

Tbilisi tıxaclarında sürücülər ildə 120 saat vaxt itirir: BƏS BAKIDA?

“Tıxaclarda itirilən vaxt və əlavə yanacaq xərcləri ümumilikdə ən azı 1 milyard larini keçir…”. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə statistik Soso Arçvadze məlumat verib. Onun sözlərinə görə, Tbilisi tıxaclarında sürücülər ildə 120 saat vaxt itirirlər. Bu isə günə təxminən 19,6 dəqiqə edir. Arçvadze qeyd edib ki, problemin həlli yolları ictimai nəqliyyatın inkişafına, daha çox körpü və estakadanın tikintisinə, eləcə də yeraltı nəqliyyat şəbəkələrinin genişləndirilməsinə yönəlməlidir: “Məlum olduğu kimi, son illərdə paytaxtın küçələrində nəqliyyat vasitələrinin sayı sürətlə artır. Məsələn, son 5 ildə Tbilisidə qeydiyyatdan keçmiş avtomobillərin sayı təxminən 230 min artıb. Bununla belə, Tbilisidə avtomobillərin sayı artsa da, avtomobil yolları praktiki olaraq dəyişmir”, – deyə Soso Arçvadze bildirib.
 Məlumat üçün bildirək ki, hazırda Tbilisi metrosunda 23 fəaliyyət göstərən stansiya var. Bunlardan 16-sı Qldani-Varketili xətti, 7-si isə Saburtalo xəttinə aiddir. Xətlərin ümumi uzunluğu 26,4 km-dir. 2025-ci ilin mart və aprel aylarında Tbilisi meri metronun yeni xətlərinin inkişafı üçün bazar araşdırması elan edib. Lakin bazar araşdırmasının nəticələrinin necə olacağı və bu layihələrin reallaşacağı hələ ki, məlum deyil.

Bakıda isə sürücülər tıxacda səhər və axşam, eləcə də günorta saatlarında gündə ən azı 1 saat vaxt və hər avtomobilə görə təxminən 5-8 manat artıq yanacaq istifadə edir. Tbilisi gür çayı sahilində və dağlıq relyefdı yerləşdiyindən şəhər yollarının genişləndirilməsi problem olaraq ortadadır. Üstəlik, paytaxtın mərkəzində çoxmərtəbəli evlərin tikintisi qadağan edilib. Bakıda isə, əksinə, paytaxtın mərkəzi göydələnlərlə doldurulmaqdadır və  əhali süni surətdə mərkəzə daşınmaqdadır.
Ən vacibi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılandan bəri Bakıda mövcud yollar nəinki genişləndirilməkdədir, əksinə, yollar parklamalara, velosipedləşmə və bəzəi hallarda əsassız olaraq avtobus zolaqlarına ayrılmaqla süni tıxaclara gətirib çıxarmaqdadır. Bu isə COP29 beynəlxalq ekoloji kampaniyaya ev sahibliyi etmiş paytaxtın ekoloji durumuna inanılmaz dərəcədə ziyan vurmaqdadır.
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!