Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ticarət obyektlərində satışı həyata keçirilən qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi, tempratur rejimi, qablaşdırılması, etiketlənməsi, saxlanması və daşınması texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir ki, şəbəkə marketlər inkişaf edə bilsin və bunu da AQTA çox böyük uğurla həyata keçirir.
Həyatımızı yəqin ki, marketlərsiz təsəvvür etmək mümkün deyil. Çünki insan yeməsə, yaşaya bilməz. Yeməklər də təbii ki, marketlərdə olur. Hər insanın da daimi bazarlıq etdiyi marketlər var. İnsanlar ona görə həmişə eyni marketə gedirlər ki, artıq həmin marketin məhsullarının keyfiyyətinə inanır. Məhsulların yararlılıq müddətinin keçmədiyinə əmindir və s. Əvvəllər tək-tək fəaliyyət göstərən marketlər, artıq neçə müddətdir şəbəkələşmə prosesinə qədəm qoyublar. Bakıda və bölgələrdə bir çox firmaların, şirkətlərin şəbəkə marketləri fəaliyyət göstərir. Məsələn, ölkəmizdə uğurlu fəaliyyəti, etdiyi xeyriyyəçilik tədbirləri ilə böyük nüfuz qazanmış Veysəloğlu şirkətinə məxsus “Araz” marketlər, “Oba” marketlər şəbəkəsi, Azərbaycanın qida sənayesində mühüm rol oynayan “Azərsun-Holding” şirkətinə məxsus “Bazar Store”, “Al” marketlər şəbəkəsi, daha sonra “Bravo” marketlər, “Rahat” marketlər şəbəkəsi və digər firma və şirkətlərə məxsus şəbəkə marketlər günümüzün aktuallığına və reallıqlarına çevriliblər. Hər bir marketin sahibləri də çalışır ki, daha çox müştəri cəlb etsin. Bunun üçün marketlər ərzaq məhsullarının satış qiymətində müəyyən endirimlər edirlər. Düzdür, bu, başa düşülən haldır. Qiymət endirimləri ilə müəyyən qazanc əldə etmək olar, amma marketləri şəbəkələşdirib, daha da inkişaf etdirmək olmaz. Şəbəkə marketlər inkişaf eləməsə, həmin market gec-tez iflasa məhkumdur. Bəs şəbəkə marketlərlərin şaxələnib inkişaf etməsi üçün nə etmək lazımdır?
Elə bu yazıda verilən suala cavab tapmağa çalışacağam.
Əvvəla, marketlərdə daha çox məhsulun satılmasına yox, daha çox keyfiyyətli məhsulların olmasına diqqət ayırmaq lazımdır. Məhsul nə qədər keyfiyyətli olarsa, satış da bir o qədər çox olar. Satış çox olduqca isə, qazanc da artacaq və onda həmin marketin şəbəkələnməsi mütləq olacaq. Bəs şəbəkə marketlərin inkişafında əsas rolu təkcə ərzaqların keyfiyyətli olmasımı oynayır?
Məhz bu sual ətrafında bir az əhatəli bəhs etmək istərdim. İndiki dövrdə şəbəkə marketlərin inkişafında Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) rolu danılmazdır. Gəlin görək AQTA şəbəkə marketlərin inkişafında nə kimi rol oynayır?
Bu barədə bir çox marketlərdə araşdırma apardım və AQTA-nın iş prinsipi ilə maraqlandım. Yeri gəlmişkən deyim ki, Veysəloğlu şirkətinə məxsus “Araz” və “Oba” marketlərdə gördüyüm səliqə-səhman, təmizlik, satıcıların müştərilərlə mədəni rəftarı, məhsulların rəflərdə düzülüşü, başqa marketlərə nisbətən, yaxşı mənada fərqlənirdi. Elə bu günlərdə yaşadığım Müşfiqabad qəsəbəsində yeni açılan “Araz” market dediyimə canlı sübutdur.
Bəli, bu araşdırmalar zamanı müəyyən etdim ki, AQTA-nın müdaxiləsi olmasa, heç bir market və ya şəbəkə marketləri inkişaf edə bilməz. Deməli, AQTA-nın uyğun mütəxəssisləri mütamadi olaraq, bütün marketlərdə olurlar. Mən marketlərdə mövzu ilə bağlı araşdırma aparan zaman və satıcılarla söhbətlərdən sonra müəyyən etdim ki, şəbəkə marketlərin inkişafı məhz AQTA-dan asılıdır. Gəlin görək, AQTA marketlərdə hansı funksiyaları həyata keçirir ki, bunun da əsasında şəbəkə marketlərini inkişaf etdirmək olar? AQTA-nın marketlərdə apardığı işlərlə tanış olaq.
AQTA tərəfindən, dövriyyə də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərindən qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirilir. Qeyd edək ki, “Qida Təhlükəsizliyi Haqqında” Azərbaycan Respublikası qanununa əsasən ticarət obyektlərində qida məhsullarının satışına, həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki, normativ və hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və Agentlik tərəfindən qeydiyyata alındığı halda yol verilir. Mövcud tələbərə uyğun olaraq, ticarət obyektlərində satışı həyata keçirilən qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi, tempratur rejimi, qablaşdırılması, etiketlənməsi, saxlanması və daşınması texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir. Belə ki, ticarət obyekti tərəfindən qəbul edilən qida məhsullarına giriş nəzarəti aparılmalıdır. Məhsulların daşınma şəraiti, temperaturu, müvafiq müşayiətedici sənədləri, qablaşdırılması, etiketlənməsi yoxlanılmalı və müvafiq qeydlər aparılmalıdır.

Hər bir qida məhsulu istehsalçı tərəfindən bəyan edilən saxlanma şəraitinə uyğun saxlanılmalıdır. Məhsulların saxlanması zamanı temperatur rejimi gözlənilməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması məqsədilə, mal qonşuluğu qaydalarına riayət olunmalıdır. Qida məhsulları döşəmə və divardan ara məsafə gözlənilməklə, öz spesifikasiyalarına uyğun rəflərdə saxlanılmalıdır. Misal olaraq, istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə, tərkibində bitki yağı olan süd məhsulları, tərkibində yalnız heyvan mənşəli yağ olan məhsullardan rəflərdə ayrı yerləşdirilməli və müvafiq işarələrlə göstərilməlidir. Qablaşdırılmamış şəkildə daxil olmuş mallar, satıcı tərəfindən onların xüsusiyyətinə uyğun olaraq, əvvəlcədən qablaşdırılaraq və etiketlənərək istehlakçıya təqdim edilməlidir.
Ticarət obyektində məhsulların yararlılıq müddətinə daim nəzarət yetirilməlidir. Yararlılıq müddəti ötmüş, qablaşdırılması və etiketlənməsi tələblərə cavab verməyən mallar, satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerlərdə saxlanılmalıdır.
Bundan əlavə, ticarət obyektinin döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Həmçinin, döşəmənin və divarın səthlərində su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan materialdan istifadə edilməlidir. Tavan tozun və çirkin toplanması və konsendsatın azadılması, arzuolunmaz kifin çoxalmasının qarşısını alan formada qurulmalıdır.
Ticarət obyektində mütəmadi dezinfeksiya, dezinseksiya (infeksiya xəstəlikləri yayan, yeyinti və k.t. məhsularına, habelə yaşayış mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı işlədilən mübarizə üsulu və vasitəsidir – E.M.) və deratizasiya (insanlara epidemioloji və iqtisadi ziyan verən gəmiricilərə qarşı aparılan mübarizə tədbiridir – E.M.) tədbirləri aparılmalıdır.
Obyektdə çalışan işçilər müvafiq qaydada ilkin və dövrü tibbi müayinədən keçirilməli, həmçinin mütəmadi gigiyenik təlimlərə cəlb olunmalıdır. İşçilər şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, təmiz münasib xüsusi geyimlə təmin edilməlidir.
Qeyd edək ki, AQTA-nın nəzdində fəaliyyət göstərən institutda məhz satıcılar üçün təlimlər keçirilir. Bu da özlüyündə ərzaq məhsullarının satışında xüsusi rol oynayır. Çünki məhsulları satan satıçılarıdır və onlar müştəri ilə ünsiyyətdə olduğu üçün sağlam olmasından çox şey asılıdır. Təbii ki, satıcı tam sağlam olmalıdır ki, nə müştərilərə, nə də ərzaq məhsullarına heç bir mikrob keçməsin.
Qeyd edək ki, Agentlik tərəfindən ticarət obyektlərində aparılan planlı, həmçinin daxil olmuş şikayətlər əsasında plandankənar yoxlamalar zamanı, yuxarıda qeyd olunan tələblərə riayət olunmadığı aşkarlandığı halda, qanunvericilik çərçivəsində zəruri təbirlər görülür, nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi olan göstərişlər verilir və aradan qaldırılması təmin edilir.
***
Göründüyü kimi, marketlərdə satışın artırılması, şəbəkə marketlərin yaranıb, inkişaf etdirilməsi üçün nə qədər görüləsi işlər var. Təsəvür edin, marketlərdə məhsullar tələb olunan temparaturda saxlanılmır, qablaşdırmaya və etiketlənməyə düzgün əməl olunmayıb, təmizliyə və gigiyenik qaydalara riayət olunmur, satıcı hansısa virus daşıyıcısıdır və s. Belə marketlərə müştəri bir dəfə gələr və orada görüyü bu “məzərəyə” görə, bir də, acından ölsə də, ora gəlməyəcək. Bu zaman isə, həmin marketin nəinki inkişaf etməsi, hətta adi qaydada belə fəaliyyət göstərməsi mümkün olmayacaq.
Ona görə də AQTA-nın yuxarıda qeyd etdiyimiz tələb və qaydalarına ciddi şəkildə əməl olunarsa, təbii ki, marketlərin sahibləri çox böyük qazanc əldə edə bilərlər. Bunun da nəticəsində bir market, şəbəkələnərək, marketlər şəbəkəsinə çevriləcək. Təbii ki, müştərilər də məhsulların keyfiyyəti, yararlılıq müddətinin qaydasında olması, saxlanma şəraiti, gigiyenik tələblərə əməl olunan və s. qaydalara ciddi şəkildə riayət edilən marketlərə daha çox gələcəkdir. Çünki qida məhsullarını təhlükəsizliyi hər bir insan üçün başlıca amildir. Qida məhsullarının təhlükəssizliyi-deyəndə, qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən, ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu nəzərdə tutulur. Fitosanitar nəzarəti, bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların və bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi deməkdir. Bütün bu qaydalara əməl olunarsa, qida məhsulların satışı yüksək olacaq, gəlir artacaq ki, bu da yeni marketlərin yaranmasına və şəbəkə marketlərin inkişafına gətirib çıxaracaq. Deməli, şəbəkə marketlərin inkişafında AQTA-nın rolu əvəzsiz və danılmazdır.
Elçin MƏMMƏDLİ
P.S. Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında parakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.