Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 May 2025 / 16:41

Öz dönməz əqidəsi ilə cəmiyyətə nümunə ADAM…

(Heydər Əliyev- 102)
…Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir.
Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında söhbət açmaq istəyirəm. Bu dəfə sizə belə insanlardan biri barəsində danışacam. O, 1941-ci ilin fevral ayının 3-də Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə Azərbaycan Elmi- Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işçisi kimi başlayıb. 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olub. Sonra Azərbaycan SSR Nazirlər Sovetində baş referent, Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. 1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, daha sonra Azərbaycan KP MK-nın şöbə müdiri, Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində işləyib.
İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. Beş çağırış Milli Məclisinin deputatı seçilib. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini vəzifəsini icra edib. Xidmətlərinə görə “Şərəf” və “Şöhrət” ordenləri ilə mükafatlandırılıb…
Deyir ki:- “Ümummilli lider güclü, iradəli şəxsiyyət və sərt təbiətli siyasətçi idi. Onun yüksək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl o, müxtəlif baxışları öyrənir, hər kəsin öz fikrini söyləməsinə və təkliflər verməsinə imkan yaradırdı. Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Bəzən müzakirənin gedişində o sahədə çalışan tanınmış mütəxəssislərin fərqli düşüncələri olsa da, Heydər Əliyevin rəyi həlledici amil olurdu. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı…”
Fərqli və unikal düşüncəsi ilə seçilir. Cəmiyyətin köhnə ənənə və qaydalarına çox da bağlı adam deyil, əksinə, yeniliyi və dəyişikliyi xoşlayır. Təbiətən müstəqildir və adətən cəsarətli ideyalarla çıxış edir. Onun daxili dünyası geniş və maraqlıdır, lakin bu dünyaya daxil olmaq hər kəs üçün asan olmaya bilər…
“Heydər Əliyev özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı. Təşəbbüskarlığı, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi. Qüsurlara və çatışmazlıqlara son dərəcə tənqidi yanaşırdı. Bununla belə o, optimist adam idi. Əldə edilmiş yaxşı nə varsa, hamısına görə ürəkdən sevinir və onun bu sevinci insanlara da keçir, onları yaradıcı işə səfərbər edirdi/ Heydər Əliyevin yüksək işgüzar keyfiyyətlərini, rəhbərlik istedadını və bacarığını bütün obyektiv insanlar, hətta keçmişdə bu və ya digər səbəbdən cəzalandırılmış şəxslər də etiraf edirdilər.”- söyləyir.
O, öz dəyərlərinə və əqidəsinə sadiq adamdır. Hər zaman ədaləti və bərabərliyi müdafiə etməyi bacarır. Soyuq və emosional görünsə də, məntiqə əsaslanıb qərar qəbul edir və adətən hisslərinə deyil, ağıla üstünlük verir. Bu xüsusiyyəti də ona rasional və obyektiv düşünmə qabiliyyəti qazandırır, lakin bəzən insanlarla əlaqələrdə müəyyən çətinliklər çəkir…
Deyir ki:- “Bəli, Ulu öndər nəhəng, uca və zəhmli şəxsiyyət idi. Lakin insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı, insanların qəlbinə yol tapırdı, xalqımız ona böyük hörmət və məhəbbət bəsləyirdi. Heydər Əliyevin bir müraciəti kifayət idi ki, heç bir təşkilatlanma olmadan insanlar qəlbinin hökmü ilə küçələrə çıxıb onun siyasətini müdafiə etsin. Ona görə də 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd edildikdə Heydər Əliyevin müraciətinə cavab olaraq on minlərlə Bakı sakini qısa müddət ərzində Prezident Administrasiyasının binası önünə toplaşaraq xalqın kimin tərəfində olduğunu qəsdçilərə aşkar şəkildə başa saldı…”
Təbiəti zəngindir, özündə xeyli müsbət xüsusiyyətlər daşıyır. Müsbət tərəflərdən biri, onun yenilikçi və irəliləyişə meyilli olmasıdır. Daim yeni ideyalar axtarır və sanki dünyanı dəyişdirmək istəyir. Həmçinin sadiq və etibarlı dostdur. Ümumiyyətlə, onun sirli dünyası çox maraqlıdır. Bu da onu cəmiyyətin qeyri-adi nümayəndələrindən biri kimi göstərir…
“Bu gün prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, ölkəmiz heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirə bilir. Dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur. İyirmi iki ildir ki, Ulu öndər cismən bizimlə olmasa da, onun ideyaları yaşayır və hər zaman yaşayacaq da. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq…”- söyləyir.
Bəli, bu dəfə haqqında danışdığım Arif Rəhimzadə də Heydər Əliyev ideyalarına sadiq insanlardan biridir- əqidə adamıdır. Və o, öz dönməz əqidəsi ilə cəmiyyətə bir nümunədir…
Elman Eldaroğlu
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!