Əsas məzmuna keç

Heç kimə bənzəməyən xanım…

Bu dəfə sizə maraqlı bir xanım barəsində söhbət açmaq istəyirəm. İctimai-siyasi xadim, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, Nizami adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı”, “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbələrinin müdiri, deputat Elnarə Akimova haqqında…
Çox mehriban, insanpərvər xanımdır. Ətrafında ünsiyyət üçün kifayət qədər insan olanda ürəyi açılır, əhvalı xoş olur. Təmkinli, müdrik, soyuqqanlı və xaraktercə müstəqildir. O, heç də başqalarına bənzəmir, nadir xüsusiyyətlərə malikdir. Elə ona görə də öz-özlüyündə çox xoşbəxtdir. Bu heç də onun soyuq və ürəksiz olmasını göstərmir. Əslində o çox xeyirxah və diqqətcildir, layiq bildiyi işə çox vaxt və güc sərf etməkdən çəkinmir və hər şeyi özü həll edərək tam müstəqilliyini qoruyub saxlaya bilir…
Deyir ki:- “Uşaqlar kiçik yaşdan seçim imkanı tanımırlar. Onları yad atmosferə yönləndirən valideynləridir. Təhsildəki təmiz ekoloji mühit sağlam və milli ruhlu gəncliyin yetişməsi üçün çox vacibdir. Bəli, o uşaqlar hətta bir neçə xarici dilə sahiblənmiş olarlar. Amma milli təəssübkeşliyin, milli düşüncənin formalaşmasının düsturu birdir və onun yolu ilk təhsili ana dilində almaqdan keçir. Sovet dövründən bizdə rus dili mühitinə maraq daha güclü olub. Sonradan buna ingilis və digər dillər də əlavə olundu. İnsanlarda belə bir düşüncə formalaşıb ki, sanki xarici sektorda təhsil alan uşaq daha dünyagörüşlü, yüksək nizam-intizama malik olur. Əslində elə deyil…”
XXX
…28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər 29 saylı orta məktəbi bitirib. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr, 1999–2001-ci illərdə isə magistr təhsili alıb. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə “Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)” mövzusunda namizədlik, 2017-ci ildə “Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Ailəlidir, iki oğlu var…
Onun həyata baxışı, dünyagörüşü başqa insanlara çılğın görünə bilər. Amma necəliyindən asılı olmayaraq, onun hər fikiri arqumentli və ağıllı sübutlara əsaslanır, çünki o, səmimi şəkildə ictimaiyyətə xeyirli olmaq barədə düşünür. O, bütün iyerarxiya formalarının əleyhinədir və tamamilə əmindir ki, bütün insanlar binədən bərabərdirlər və eyni bir diqqətə layiqdirlər. Onun həyat prinsipləri çox yüksək və təmizdir. Çünki sərt məntiqə əsaslanır və özünün düzgün, haqlı olmasına əmindir. Əlbəttə, bu o demək deyil ki, Elnarə xanım həmişə çox ciddidir. O hətta ən bədbin məqamlarda söhbətin darıxdırıcı olmasını aradan qaldırmaq üçün, ab-havanın əksinə olaraq təbəssüm yaradacaq fikir də söyləyə bilər. O, keçmişdən daha çox gələcəklə maraqianır. Onun həyata müasir baxışı səhv gorünənləri düzəltmək səyidir və məhz bu keyfiyyəti onun şəxsiyyətindəki fərdiyyəti, müstəqilliyi açıb göstərir…
“Sizə bir şey deyim. İstər sosial tərəqqidə, istərsə də milli şüur hadisəsi kimi üstündə “Ana dili” yazılan kitablar daha böyük iş görüb. XIX əsrin sonunda milli aydınlarımız bir “Vətən dili” ərsəyə gətirmişdilər. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda milli məfkurənin, dövlət müstəqilliyinin qurucuları oldular. Görünür, bu gün də eyni vaxtda həm valideyn, həm də şagird üçün şərikli “Vətən dili” kitabını yazmağın və oxutmağın zamanı gəlib…”- söyləyir.
Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlayıb. 2011-2016-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü, 2012–2016-cı illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini olub. 2019-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ədəbiyyatşünaslıq üzrə Koordinasiya Şurasının üzvüdür. 2019-cu ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Cəfər Cabbarlı Komissiyasının üzvü, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatının ekspertidir. 2015-ci ildən ölkənin nüfuzlu “Ədəbiyyat qəzeti”ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir. Ondan artıq kitab, yüzlərlə məqalənin müəllifidir. Hər il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “İlin ədəbi yekunları” elmi-yaradıcılıq müşavirəsində məruzə edir. Müxtəlif Dissertasiya Şuralarında ekspert və opponent kimi çıxışlar edir. Rəhbərlik etdiyi doktorantların bir alim kimi formalaşması üçün nəzəri-metodoloji tövsiyələrini verir…
…Dünyaya gəldiyi tarix həftənin şənbə gününə düşür. Odur ki, şənbə günü doğulan bütün insanlar kimi, o da məsuliyyətli, intizamlı, çalışqan və etibarlıdır. Həyatın hər sahəsində qayda-qanuna önəm verir. Hədəflərinə çatmaq üçün planlı və səbirli şəkildə çalışır. Sabitliyə üstünlük verir…
Nə isə, haqqında söhbət açdığım Elnarə xanım sözün əsl mənasında bənzərsiz xanımlardandır…
Elman Eldaroğlu
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…