Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Gəlirəm mətləbə: cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında birmənalı olaraq bildirib ki, Azərbaycanın məhkəmə sistemində köklü dəyişiklər aparılır və bu islahatlar davamlıdır, dönməzdir!
Təbii ki, hər bir Azərbaycan vətəndaşı da haqlı olaraq mülki və inzibati hüquqlarının pozulduğu məqamda dərhal məhkəməni göz önünə gətirir ki, sonda məhkəmələrdə pozulmuş hüquqları mütləq bərpa ediləcək.
***
Qısa arayış verim ki, bizim də jurnalist olaraq informasiya əldə etmək və media hüquqlarımız bir müddətdir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən kobud surətdə pozulur! Özü də Milli Mətbuatımızın 150 illiyi ərəfəsində!
Daha dəqiq desəm, 5 hərfdən ibarət «Hə-Yox» cavabını almaq üçün DİM-ə göndərdiyimiz informasiya sorğusuna bir ildən çoxdur cavab ala bilmirik, DİM rəhbəri Məleykə xanım Abbaszadə dirəniş göstərir, bizi salıb məhkəmələrə. Və məhkəməldərdə təkcə vaxtımız və peşə fəaliyyətimizin nüfuzu itirilmir, həm də məhkəmələrə olan inamımız itir, ölür, yox olub gedir. Axı necə ola bilər ki, ictimailəşdirilmiş informasiyaya «Hə-yox» cavabını verməli olan DİM məhkəmə sədrlərini və ya hakimlərini o vəziyyətə gətirir ki, onlar qanunu pozub sadə bir iddialarımızı təmin etməsin.
***
Beləliklə, mən əvvəlcə DİM-in sorğumuzu cavablandırmaması məktubundan Bakı İnzibati Məhkəməsində iddia qaldırdım ki, DİM üzərinə cavab vermə öhdəliyi qoyulsun. Hakim Orxan Həsənov Azərbaycan dövləti adından çıxardığı qərarında dövlətimizin qanunlarının başını uca etmədi, bu fərqli məsə, amma o, məhkəmə ədalətinə olan inamımızın başına yekə bir daş saldı-saxta qərar qəbul etdi!
***
Sonra həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. Düzü, inanırdım ki, binasının hər yeri ağ rəngdə olan bu instansiya məhkəmədə qatığa qara deməzlər, ədalətli və insaflı olarlar. Amma hakim Rəşid Səmədov nəinki qatığa qara dedi, hətta qapqara dedi! Di gəl ölkədə məhkəmə ədalətinə və hakim etikasına səcdə elə görüm necə edirsən!
***
Məni narahat edən bu da deyil. Çünki hakimlərdən Məhkəmə Hüquq Şurasına şikayət vermişəm, inanıram ki, bu instansiyada hakimlərə qanunun, məhkəmə ədalətinin və insafla mürvətin nə olduğunu bir daha izah edəcəklər və bizim media hüququmuzun pozulmasına imkan verilməyəcək.
Beləliklə, hər iki instansiya məhkəmə hakimlərinin Dövlətimizin adından qəbul etdikləri qərarlarını diqqətlə oxudum. Təsəvvür edirsinizmi, hər iki qərarın bütün cümlələri demək olar sətirbəsətir eynidir. Bircə hakimlərin adından savayı. Birində Orxan Həsənov yazılıb, digərində isə Rəşid Səmədov.
Aşağıda hər iki hakimin qərarlarının tam mətnini təqdim edərək vaxtınızı almaq istəmirəm. Amma hüquqi qənaətə gəlinməsi üçün əsaslandırma hissəsini təqdim edirəm.
Yeri gəlmişkən, hər iki hakimin qərarlarının elektron mətnini plagiat proqramda da yoxlatdırdıq, məlum oldu ki, 85 faiz köçürmə var, yəni plagiatdır…
***
Bu da sitat:
«Azərbaycan Respublikası adından
QƏRARDAD
BAKI İNZİBATİ MƏHKƏMƏSİ
Bakı şəhəri İş № e-2-1(112)-5911/2025 14.02.2025-ci il
Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, “Təzadlar” Qəzeti Redaksiyasının baş redaktoru Məmmədov Asif Millət oğlunun və cavabdehin nümayəndəsi Yaqubzadə Mirzağa Yaşar oğlunun iştirakı ilə, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “informasiya sorğusunun cavablandırılması və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
-İddiaçı “Təzadlar” Qəzeti Redaksiyası cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “informasiya sorğusunun cavablandırılması və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın məzmunu onunla əlaqədardır olmuşdur ki, cavabdehə informasiya sorğusu göndərilmiş, Nahid Bağırovun DİM nəzarəti altında keçirilmiş test imtahanlarından hansısa yerli və ya xarici ali təhsil ocağına qəbul olunub-olunmamasına dair rəsmi cavab istənilmişdir.///..».
Sonra hakim qərarını əsaslandırmaq üçün görün nə yazır:
«…Hazırkı halda fərdin hansı təhsil müəssisəsinə qəbu olunması barədə informasiyanın əldə edilməsinə yönələn iddiaya münasibətdə hər hansı hüququn marağın mövcudluğu istisna edilməlidir. Hüquqi marağın nədən ibarət olması ilə əlaqədar Ali Məhkəmənin Plenum Qərarının tələbi ilə də müəyyən edilir ki, hüquqi marağın mövcudluğundan yalnız o halda söhbət gedə bilər ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun və konkret halda hüquqi müdafiəyə ehtiyac olmuş olsun. Lakin, şəxsin statusundan, dövlət və ya digər xarakterli vəzifə tutmasından asılı olmayaraq hər hansı şəxsin ali təhsil müəssisəsinə qəbulu barədə məlumatın əldə edilməsinə yönələn iddia hüquq və mənafelərin müdafiəsinə, hüquqi müdafiəyə ehtiyac meyarına və hüquqi məqsədin mövcudluğuna yönələn iddia hesab edilə bilməz. Eləcə də, subyektiv hüququn mövcud olmaması baxımından da iddia mümkün iddia hesab edilmir. Belə ki, yuxarıda göstərilən normativ tələblərdən də aydın olur ki, konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Hazırkı növ məlumatın əldə edilməsinə münasibətdə məhkəmə hesab edir ki, şəxsin (Oxu: qəzetin) subyektiv hüququnun mövcudluğundan söhbət gedə bilməz. Eləcə də, həmin şəxsin mətbuat orqanı olması da, göstərilən növ məlumatın xarakteri nəzərə alınmaqla əldə edilməsinə hər hansı subyektiv hüquq yaratmır. Nəzərə alınmalıdır ki, şəxsin hər hansı, eləcə də ictimai əhəmiyyətli vəzifə tutması ona dair bütün növ məlumatların əldə edilməsinə subyektiv hüquq yaratmır. Şəxsin hər hansı təhsil müəssisəsinə qəbulu və buna dair əlaqəli məlumatlar iddiaçı üçün tələb edilməsinə münasibətdə subyektiv hüquqla ehtiva olmayan məlumat hesab edilir ki, göstərilən səbəbdən də iddia mümkün hesab edilməməlidir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın… Hakim: Orxan Həsənov».

Bu da Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimi Rəşid Səmədovun qərarı:
«Azərbaycan Respublikası adından
Qərardad
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası
Bakı şəhəri 2-1(103)-1829/2025 29.04.2025-ci il Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə…və Orxan Nadir oğlu İsmayılovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının nümayəndəsi (baş redaktoru) Məmmədov Asif Millət oğlunun iştirakı ilə, İddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “informasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-1(112)-5911/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi…».
Məhkəmə heç nəyi müəyyən etmədi, sadəcə biləndə ki, barəsində informasiya sorğusu verilən şəxs yüksək vəzifəli adamdır, dərhal sevinc içində 15 dəqiqəlik fasiləyə-məşvərətə, harasa zəngə getdi, sonra zala qayıdıb qərar qəbul etdi ki, məsələ mürəkkəb olduğunda(???) məhkəmə xüsusi araşdırmaya ehtiyac görür… Bir həftə sonra isə hakimlər kefikök halda zala daxil olur, xüsusi araşdırmanın nəticəsini elan etmədən qərarını təqdim edir. Bu da həmin qərar:
«…İddiaçı “Təzadlar” Qəzeti Redaksiyası cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “informasiya sorğusunun cavablandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdehə informasiya sorğusu göndərilmiş, Nahid Bağırovun DİM nəzarəti altında keçirilmiş test imtahanlarından hansısa yerli və ya xarici ali təhsil ocağına qəbul olunub-olunmamasına dair rəsmi cavab istənilmişdir… Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddia təmin olunacağı təqdirdə iddiaçının hansı hüquqi marağının təmin olunacağını, əks təqdirdə hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün deyil. Hər hansı şəxsin statusundan, dövlət və ya digər xarakterli vəzifə tutmasından asılı olmayaraq hər hansı şəxsin ali təhsil müəssisəsinə qəbulu barədə məlumatın əldə edilməsinə yönələn iddia hüquq və mənafelərin müdafiəsinə, hüquqi müdafiəyə ehtiyac meyarına və hüquqi məqsədin mövcudluğuna yönələn iddia kimi qiymətləndirilməməlidir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda informasiya sahibi sorğunun icrasından imtina edir.
Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının mətbuat orqanı olması ona qanunvericiliklə məhdudlaşdırılan informasiyanın əldə edilməsi üçün subyektiv hüquqa malik olmaq səlahiyyəti vermir. Digər tərəfdən nəzərə alınmalıdır ki, şəxsin hər hansı, eləcə də ictimai əhəmiyyətli vəzifə tutması ona dair bütün növ məlumatların (eləcə də qanunla məhdudlaşdırılan informasiyanın) əldə edilməsi hüququ yaratmır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-1(112)-5911/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın… Sədrlik edən: Rəşid Səmədov».
Məhkəmə hakimlərinin hər ikisinin qərarını iki dəfə oxumuşam, hələ də başa düşə bilmirəm ki, orda yazılan, daha doğrusu, hardansa köçürülüb qərara yapışdırılan bu cümlələrdən özləri bir şey anlaya bilirlər???
İkicisi, hər iki hakim yazır ki, «…nəzərə alınmalıdır ki, şəxsin (OXU: Nahid Bağırovun!) hər hansı, eləcə də ictimai əhəmiyyətli vəzifə tutması ona dair bütün növ məlumatların (eləcə də qanunla məhdudlaşdırılan informasiyanın) əldə edilməsi hüququ yaratmır».
Bu hakimlərə hansı formada başa salınmalıdır ki, əvvəla, Nahid Bağırovun vəzifəli şəxs olmasının onun barəsində özü tərəfindən ictimailəşdirilmiş məlumatın təsdiqinin istənilməsi niyə qanunla qadağan olunmalıdır? Məgər vəzifəsi hakimlərə media qanunvericiliyini kobud surətdə pozma səlahiyyəti verir???
Eləcə də, hər iki hakim subyektiv hüquqdan danışır. Allaha and içirəm ki, onlar o cümlələrindəki fikirlərin hansı qanuni-fəlsəfə yükü daşıdığını belə bilmirlər. «Hazırkı növ məlumatın əldə edilməsinə münasibətdə məhkəmə hesab edir ki, şəxsin (Oxu: qəzetin) subyektiv hüququnun mövcudluğundan söhbət gedə bilməz!».
Bu hakim və ya məhkəmə kollegiyası nə danışır?! Ay millət, mən bu hakimlərə necə izah edim və başa salım ki, axı «…Hazırkı növ məlumatın əldə edilməsinə münasibətdə…»nin bizə heç bir aidiyyəti yoxdur. Biz məlumat istəmirik, Nahid Bağırovun özü tərəfindən yayılmış və artıq hamının oxuyub-bildiyi məlumatın «Hə-yox»unu istəyirik… Və sabah geniş məqalə yazanda ki, bu diplom saxtadır, qarşı tərəf bizi məhkəmə ilə hədələməsin… Vəssalam!
Asif MƏRZİLİ