Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2025 / 10:55

Banklar pul oğurlatma meydanıdırsa, ümid döşəyin altına qalmırmı???

Kibercinayətkarlıq və bank: bəlkə qurd ağacı (oxu:bankı) içindən yeyir?!

Bu günün əsas problemlərindən biri də pullarımızın etibar etdiyimiz banklar vasitəsilə kartlar üzərindən oğurladılmasıdır. Bəs biz kimə və hara etibar edək? Son illər vətəndaşlar arasında bir narahatlıq sürətlə artır: bank kartlarından pulun oğurlanması halları getdikcə, çoxalır. İnsanlar haqlı olaraq sual edirlər: bu qədər reklam olunan bank təhlükəsizliyi əslində, harda gizlənib?

Uzun illərdir ki, ictimai təbliğatda bir fikir daim vurğulanır: “Pullarınızı evdə, döşəyin altında saxlamayın, oğru gələr, aparar. Ən təhlükəsiz yer banklardır.”

Məhz bu çağırışlar insanlarda banklara qarşı etibar formalaşdırmışdı. Əhalinin əmanətlərini rəsmi bank sisteminə yönəltməsi isə, maliyyə sektorunun əsas istəklərindən biri olub. Lakin son zamanlar baş verən kiberhücumlar sayəsində  naməlum yollarla kart hesablarından çıxarılan külli miqdarda vəsaitlər bu inamı ciddi şəkildə sarsıdıb. Vətəndaş bank kartına maaş, təqaüd və ya digər gəlir yatırır, bir neçə gün sonra məlum olur ki, həmin vəsait yoxa çıxıb. Ən acınacaqlısı isə budur ki, belə hallarda çox zaman nə bank, nə də hüquq-mühafizə orqanları konkret cavabdehlik daşımır və ya heç bir kompensasiya ödənilmir.

***

İctimai müzakirələrdə tez-tez səslənən bir fikir var: əgər bu cür hadisələr davam edirsə, belə çıxır ki, vətəndaş pullarını döşəyin altına qoysa, bəlkə də daha güvənli olar. Çünki bank sistemində risklər nəinki azalmır, əksinə, getdikcə daha çox əmanətçi-müştəri bu təhlükə ilə üzləşir. Əmanətçilərin bir çoxu artıq sadə bir sual verir: “Bəs biz kimə etibar edək?”

«Əgər bu cür davam edirsə, belə çıxır ki, vətəndaş pullarını döşəyin altına qoysa, daha güvənli olar…»

Dünyada bank sisteminə etibarın simvolu sayılan ölkələr var. İsveçrə bu baxımdan ən çox nümunə göstərilən ölkələrdən biridir. Çünki orada yüz milyardlarla vəsait qorunur, həm də sadəcə yerli deyil, dünyanın hər yerindən olan müştərilərin pulları var. Maraqlıdır: bu qədər böyük vəsaitin olduğu sistem necə işləyir ki, heç kim oradakı hesablara asanlıqla göz dikə bilmir? Nə oradakı müştərilər pullarını döşək altında saxlayır, nə də hər gün bank kartı oğurluqları ilə bağlı xəbərlər eşidilir. Çünki sistem şəffafdır, mühafizə mexanizmləri güclü, məsuliyyət isə realdır. Əgər orada bir vətəndaşın vəsaiti oğurlanarsa, həm bank, həm hüquq-mühafizə orqanları dərhal reaksiya verir və məsələ ciddi araşdırılır.

Bizdə isə vəziyyət tam fərqlidir. Artıq adi insanların, xüsusən də yaşlı təqaüdçülərin kartları hədəfə çevrilib. Əvvəllər bu tip oğurluqlar daha çox texniki savadı olan şəxslərlə və ya onlayn alış-verişlə bağlı idi. İndi isə “kibercinayətkar” adlandırılan şəxslər ən sadə vətəndaşın da hesabına əl uzada bilir. Bu da o deməkdir ki, artıq heç kim özünü tam təhlükəsiz hiss edə bilmir, nə kart sahibləri, nə də sosial ödəniş alanlar. Burada məşhur deyim yada düşür: “Kənxudanı gör, kəndi çap”. Bank nə qədər yaxasını cırsa da ki, bizlik heç nə yoxdur, buna heç kim inanmır.

 

Bu vəziyyətdə ortaya haqlı bir sual çıxır: bank sistemi təhlükəsizliyi təmin edə bilmirsə, vətəndaş niyə pullarını ora əmanət etməlidir?

 Daxili İşlər Nazirliyinin, demək olar ki, hər gün yaydığı məlumatlar da bu problemin artıq sistematik xarakter aldığını göstərir. Təxminən iki ay bundan öncə DİN-nin verdiyi rəsmi məlumata görə son vaxtlar vətəndaşların hesablarından 25 milyon manatdan çox pul oğurlanıb. Hər gün onlarla insan, xüsusilə də yaşlı və texnologiyadan uzaq vətəndaşlar bank kartlarındakı pulların oğurlanması ilə bağlı polisə müraciət edir. Bu da göstərir ki, məsələ tək-tük insident deyil, geniş yayılmış, ictimai təhlükə yaradan bir problemə çevrilib.

Burada maraqlı bir sual ortaya çıxır: görəsən, bu hallar yalnız bizdə baş verir, yoxsa dünyanın başqa ölkələrində də analoji problemlər var? Əgər varsa, həmin ölkələr hansı tədbirləri görürlər və vətəndaşlarının pullarını necə qoruyurlar? Və niyə bizim bankçılar İsveçrə kimi tanınmış və güvənli olan bank mütəxəssislərindən bunun sirrini öyrənmirlər? Atalar demiş, bilməyib soruşmaq ayıb deyil, bilməyib soruşmamaq ayıblı işdir!

***

…İsveçrə bankları bu sahədə niyə illərdir etimad simvolu kimi qalır? Orada texnologiya bizdən fərqlidirmi, yoxsa yanaşma daha ciddi, daha məsuliyyətlidir? Hər halda, nəticə göz qabağındadır. Həmin sistemlərdə milyardlarla vəsait illərlə qorunur, bizdə isə təqaüd kartından 200 manat yoxa çıxır.

Niyə biz bu təcrübələri öyrənmirik? Niyə təhlükəsizlik sistemləri təkmilləşdirilmir? Əgər bankın etibarlılığı təbliğ olunursa, bu etibarın qarşılığında real təminatlar da olmalıdır. Əks halda, sistemin özünün inandırıcılığı itir və sadə vətəndaşın pulları qorunmasız qalır.

Maraqlıdır ki, vətəndaşların banklara olan inamı sarsıldığı bir vaxtda, bank sisteminin əsas diqqəti təhlükəsizlik məsələsinə deyil, daha çox gəlir artırmağa yönəlmiş kimi görünür. Əvvəllər kartdan-karta edilən köçürmələr pulsuz idi, bu həm rahatlıq yaradırdı, həm də insanları nağdsız hesablaşmalara təşviq edirdi. İndi isə, bu əməliyyatlar üçün də faiz tutulur.

Daha da təəccüblüsü odur ki, bəzi hallarda sadə əməliyyatlara görə sahibkarlara cərimələr də tətbiq olunur. Bank sisteminin hər yeni qərarı daha çox gəlir əldə etmək üzərində qurulub, amma təhlükəsizliyin gücləndirilməsi istiqamətində eyni canfəşanlıq müşahidə olunmur.

Bu isə haqlı suallar doğurur: vətəndaşdan xidmətə görə pul alan, əməliyyatlara görə faiz tutan, bildirişlərə görə qiyməti bu ilin fevral ayından 1 manatdan 3 manata qaldıran bank, niyə bu xidmətin təhlükəsizliyini tam təmin etmir və ya etmək istəmir? Nə üçün bank sistemi öz istifadəçilərini kibercinayətkarlardan qorumaqda bu qədər aciz görünür? Aciz görünürmü? İnandırıcı deyil…

***

Əgər hər əməliyyata görə vətəndaşdan vəsait tutulursa, bu, eyni zamanda məsuliyyət də yaratmalıdır. Bank yalnız qazanc aləti deyil, vətəndaşın əmanətinin, maaşının, təqaüdünün və bütövlükdə hüquqlarının qorunmalı olduğu əsas iqtisadi institutdur. Əks halda bu sistemin təbliğ etdiyi “etibarlılıq” anlayışı sadəcə reklam olaraq qalacaq.

Əslində, bu, sadəcə kartdan pul oğurlanması deyil, sistemə olan etimadın bir-bir çökdüyü təhlükəli bir prosesdir. Ən çox zərər çəkən isə, yenə də sadə vətəndaşdır. Təqaüdlə dolanan nənənin, aylıq maaşı ilə ailəsini dolandıran ata-anaların, əziyyətlə qazandığı pulu bank hesabında qorumağa çalışan gəncin… pulları bir anda yox olur. Səbəb? Ya texniki boşluq, təhlükəsizlik proqram təminatının olmaması, ya da özbaşınalıq sistemidir. Amma nəticə eynidir: halal zəhmətlə qazanılmış pullar cinayətkarların ciblərini doldurur, banklar isə çiyinlərini çəkir.

Fərqi yoxdur, kasıb, ya varlı. Kiminsə alın təri ilə qazanılmış pulu, kiminsə ehtiyac üçün yığdığı qəpik-quruşdur. Və sual budur: nəyə görə bu pullar bu qədər rahat oğurlana bilir? Nəyə görə banklar vətəndaşın pulunun təhlükəsizliyini təmin etmir? Axı, bu banklar xidmətə görə vətəndaşdan faiz alır, əməliyyatlara görə komissiya tutur, sahibkarlara cərimələr yağdırır. Amma iş təhlükəsizlik təminatına gələndə isə, hamı susur.

 Bəli, «Təzadlar» olaraq bizə bu barədə çoxlu şikayətlər gəlir. Yazırıq, müraciət edirik, araşdırırıq. Amma cavablar çox vaxt eynidir: “Bu məsələ bizlik deyil.” Bəzən insan, doğrudan da, mat qalır. Axı bu nə yanaşmadır? Əgər məsuliyyət bankda deyilsə, bəs hardadır?

Bəs bu işə məsul olan Milli Bank rəhbərliyi nə düşünür? Axı, bu sistemin nəbzi onun əlindədir. Bank sektoruna nəzarət edən, qaydaları müəyyən edən, ictimai inamın qoruyucusu olan orqan, məhz Azərbaycan Respublikasının Milli Bankıdır. Əgər vətəndaşın hüquqları pozulursa, əgər banklar məsuliyyətdən yayınırsa, əgər kibercinayətkarlıq geniş vüsət alıbsa, bu vəziyyətə birinci cavab verməli olan da Milli Bankdır.

“Bir neçə il öncə Daxili İşlər Nazirliyinin nəzdində Kiber Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi yaradıldı. Ancaq bu müddət ərzində quruma daxil olan çoxsaylı müraciətdən birinin belə nəticə verməməsi suallar doğurur.

Niyə bu qədər vacib bir qurumlar susur? Niyə hər gün baş verən bu oğurluqlara sistemli cavab verilmir? Niyə texnoloji təkmilləşdirmələr, real nəzarət mexanizmləri tətbiq olunmur? Və ən əsası, niyə bu ölkənin sadə vətəndaşı öz pulunu qorumaq üçün, ya döşəyin altına qayıtmalı, ya da hər əməliyyatdan sonra dua etməlidir ki, “Allah eləməmiş, kartımdakı pul yoxa çıxmasın?!

İndi siz deyin: bu şəraitdə vətəndaş kimə inansın, kimə güvənsin?  Yoxsa, həqiqətən də, bu sistemin içində elə görünməyən bir fırıldaq, görünməyən bir səssizlik var? Bəlkə  “qurd” bankları elə içindən yeyir? Bu, artıq təkcə vətəndaşın yox, bütün sistemin nüfuz məsələsidir axı…

Elşad FƏRMANOĞLU

 

 

 

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!